İctimai Birliklərin dövlət qeydiyyatı monopoliyaya alınıb?

İlk baxışdan söhbət açacağımız bu məsələ adi görsənə bilər ,ancaq bir ildən çoxdur ki,adi İctimai Birliyin heç bir əsas gətirilmədən qeydiyyata alınmaması təəcüb doğurmaya bilməz.Ən azından bu məsələ ona görə əhəmiyyətlidir ki, İctimai Birlik yaratmaq istəyən başqaları da bu cür problemlə qarşılaşa bilərlər.

Əvvəla ondan başlayaq ki,“Google” beynəlxalq axtarış sisteminə daxil olaraq, “Qafqaz Region” sözlərini axtarışa versəniz, qarşınıza bu adda İctimai Birliyin təsis edildiyi ilə bağlı onlarla xəbər çıxacaq.
Xatırladım ki,təsis etdiyimiz İctimai Birliyə bu adın verilməsi və qeydiyyatdan keşməsi məsələsi Ədliyyə Nazirliyinin baş qeydiyyat idarəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti şöbəsinin əməkdaşı Leyla Ağayevayla dəfələrlə müzakirə olunub.
Nəzərinizə çatdıraq ki, “Qafqaz Region” İctimai Birliyi 2012-ci il sentyabr ayının 17-də təsis edilib və bəndəniz bu qurumun ilk sədri seçilİb . Bunun ardınca təşkilatın dövlət qeydiyyatından keçməsi üçün lazım olan bütün sənədlər toplanaraq tərəfimizdən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edilib. Qeyd edək ki, təqdim olunan bütün sənədlər İctimai Birliklər barədə Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olub. 2012-ci il oktyabr ayında isə İctimai Birliyin təsisçiləri Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə dəvət edilmiş və orada bizə bildirmişlər ki, sənədlər həqiqətən qanuna uyğun təqdim edilmişdir,bəs qısa bir müddətdə təşkilatımız dövlət qeydiyyatına alınacaqdır. O zaman mən Bakıda olmadığım üçün təşkilatın məsul şəxslərindən birini L.Ağayeva ilə görüşməsi üçün təlimatlandırmışdım.

Ancaq bir müddət sonra nazirliyin yuxarıda adını çəkdiyim şöbəsinin əməkdaşı Leyla Ağayeva bizimlə görüşmək istəməmişdir…
Qeyd edim ki,nazirlik əməkdaşı birliyin təsis edilmə səbəbləri, fəaliyyət istiqamətləri ilə maraqlanıb və əməkdaşımız vasitəsilə tam dolğun şəkildə məlumatlandırılmışdır. Həmçinin,onlara bildirilmişdir ki, QHT-nin sədri, yəni, bəndəniz bir neçə müstəqil mətbu orqanın da təsisçisidir. İB-nin gələcək fəaliyyətində də ölkəmizin Qafqaz regionunda təbliğatının aparılmasına,uğurlu xarici və daxili siyasətimizin qonşu ölkələrdə də genişləndirilməsinə töhvə vermək xəttinin izləniləcəyi qeyd edilmiş,təsisçisi olduğum mətbu orqanların da bu işdə mühüm bir vasitə olduğu xatırladılmışdır..
Qeyd edim ki,Leyla Ağayeva əvvəlcə təşkilatın tez bir zamanda dövlət qeydiyyatına alınacağını bildirmişdir.

Açığı, mən nazirlik əməkdaşının bu vədinə inanmırdım.Düzdür, keçən il Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənovun qeydiyyat üçün müraciət etmiş bütün İB-lərin heç bir problemsiz tezliklə qeydiyyata alınacağını demişdir, ancaq fakt odur ki, “Qafqaz Region” İctimai Birliyi indiyəcən də qeydiyyata alınmayıb.Keçən ildən bu yana müraciətlər isə çox olub. Mən hər dəfə Leyla xanımla əlaqə saxlayır, məsələnin nə yerdə olduğu ilə maraqlananda Leyla xanım da hər dəfəsində yenidən vəd verib və yaxın zamanda İB-in qeydiyyata alınacağını bildirib.

Hətta keçən il noyabrın 28-də nazirliyin idarə rəisi Rəhim Rəhimovun imzası ilə mənə göndərilən məktubda təşkilatın qeydiyyata alınmadığı və bunun səbəbi də göstərilib. Səbəb gülməli olsa da, sizinlə paylaşım.
Nazirlik rəsmisinə görə, təşkilatın adı ilə göstərdiyimiz fəaliyyət istiqamətləri uyğun gəlmir, bu səbəbdən də İB-i qeydiyyata ala bilməzlər.
Belə bəlli oldu ki, nazirlik əməkdaşları təşkilatı qeydiyyata almamaq üçün sənədlərdə heç bir qüsur tapa bilmədiklərinə görə, ən son təşkilatın adı ilə fəaliyyət istiqamətlərinin uyğunlaşmadığı bəhanəsini ortaya atıblar. Ümumiyyətlə təşkilatın qeydiyyata alınmamasının rəsmi səbəbləri onu deməyə əsas verir ki,həqiqətən bu səbəblər bəhanədir.Çünki əks halda “Qafqaz Region” İctimai Birliyinin qeydiyyata alınmaması başadüşülən deyil.

İki aydan sonra 24 yanvar 2013-cü il tarixində 11/126 saylı məktubla bizə bildirmişlər ki, guya qeydiyyat üçün ərizəmiz notariat qaydada təsdiq olunmamışdır, lakin təəccüblüdür ki, 02 noyabr 2012-ci il tarixli məktubda bu barədə heç bir məlumat verilməmişdir. Faktiki olaraq bizə mənasız irad tutulmuşdur. Belə ki, oktyabr ayında biz Ədliyyə Nazirliyində olarkən bütün sənədlərin qaydasında olması barədə bizə məlumat verilmişdi.
Cavab olaraq 05 fevral 2013-cü il tarixdə mən Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişəm və bildirmişəm ki, notariat qaydada ərizə məsələsi əsassızdır, növbəti bəhanədir.Lakin buna baxmayaraq yenə də bəhanələri aradan qaldırmaq məqsədi ilə ərizə bir daha notariat qaydada təsdiq edilmiş və bütün lazım olan bütün sənədlərlə birlikdə qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.
Ancaq sənədlər yenə 2 aydan sonra növbəti əsassız bəhanələrlə 27 mart 2013-cü il II/432 saylı məktubla yenə də bizə qaytarılmışdır. Bizə bildirilmişdir ki, guya Nizamnamənin 5.2.-ci bəndində təsisçilərin qarşılıqlı hüquq və vəzifələri müəyyən edilməmişdir. 01 aprel tarixində nizamnaməyə qeyd edilən iradlar da əlavə olunmuş və sənədlər qeydiyyata alınması üçün növbəti dəfə Nazirliyə təqdim edilmişdir.

Bununla belə 2 aydan sonra, 26.07.2013-cü il tarixli məktubla sənədlər yenidən bizə qaytarıldı… Bu dəfə əsassız olaraq irad tutuldu ki, guya mən qeydiyyata alınmaq üçün 24 yanvar 2013-cü il tarixli məktubdakı iradlarla bağlı ərizə ilə müraciət etməmişəm.Lakin faktiki olaraq 05 fevral həmən sənədlər təkrarən Nazirliyə təqdim olunmuşdur.
Beləliklə, «Qafqaz Region» İctimai Birliyini əsassız olaraq qeydiyyata almamaq məqsədi ilə 24 yanvar tarixli məktubdakı bəhanələr yenidən dövriyyəyə buraxılır və cəmiyyətə qarşı misli görünməmiş haqsızlıq edilir. Fəaliyyətimizdə qanunlara riayət etdiyimizdən əlacsız qalaraq ərizəni notariat qaydada təsdiq etdirib sənədləri artıq neçənci dəfə Ədliyyə Nazirliyinə təqdim etdik. İki aydan sonra 19.09.2013-cü il tarixdə 11/1619 saylı məktubla yenə sənədlərimiz geri qaytarılmışdır. Guya göstərilən iradlar, yəni 02.noyabr 2012-ci il tarixli məktubdakı nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə İdarənin səriştəsiz və qeyri professional əməkdaşları təqdim olunmuş sənədləri müxtəlif bəhanələrlə bizim misalda bir il ərzində hər iki aydan bir altı dəfə əsassız olaraq geri qaytarmışlar

Onu da qeyd edim ki,R.Rəhimov imzası ilə gələn məktubda bəzi bir sıra maraqlı sənədlər da var ki,onlar təşkilatın niyə qeydiyyata alınmamasını da məhz həmin sənədlərdə yazılanlar izah edə bilər . Belə ki, yazılarda mənim təsisçisi və bir müddət baş redaktoru olduğum mətbu orqanlarda dərc olunan bir sıra tənqidi materialların sürətləri öz əksini tapmışdı. Həmçinin, mənim sahibkarlıq fəaliyyətimlə bağlı bir sıra yazıları dərc etmişdilər. Yazılarda bəzi cümlələri isə xüsusi işarələmişdilər. Açıqca işarə vurmuşdular ki, məhz bu yazılara, bu cümlələrə görə təşkilatı qeydiyyata ala bilməzlər.
Bu yazıların mənə göndərilən məktuba niyə daxil edildiyini öyrənmək üçün Leyla xanımla növbəti dəfə əlaqə yaratdıqda bildirmişdir ki, internetdə “Qafqaz Region”la bağlı axtarış apardıqda həmin informasiyalarla tanış olub və onları özü üçün çıxarıb. Yazılarda xüsusi işarələnmiş yerlər də onun özünə lazım imiş. Şöbənin işçiləri isə həmin kağızları səhvən mənə göndərilən məktuba əlavə ediblər.

Gördüyünüz kimi, sıradan bir tənqid və ya Ədliyyə Nazirliyində hansısa işçinin xoşuna gəlməyən söz və ya fikir bildirmisinizsə, nazirliyə təşkilat qeydiyyatı ilə bağlı müraciət etməyin. Onsuz da yazılarınızı tapıb, qüsur kimi sizə göstərəcək, təşkilatınızı dövlət qeydiyyatına almayacaqlar.
Demək belə çıxır ki, “Qafqaz Region” İctimai Birliyinin qeydiyyata alınmamasının əsas səbəbi bizim müstəqil mövqeyimizin olmağıdır ki,bu da çox güman qeydiyyata alınmış bir çox təşkilatlarda yoxdur.Yuxarıda qeyd edilən faktlar sübut edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin iş üsulu nöqsanlıdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir il ərzində 6 dəfə qeydiyyat üçün təqdim etdiyimiz sənədlər hər dəfə ayrı-ayrı əməkdaşlara baxılması üçün təqdim olunduğundan bir əməkdaşın göstərdiyi irad aradan qaldırılsa da digər əməkdaş bunu nəzərə almadan yenidən həmin iradı bir il sonra əsassız olaraq qeyd edərək sənədləri geri qaytarır.
Hər bir halda nəticədə Ədliyyə Nazirliyinin yuxarıda qeyd edilən idarəsinin əməkdaşları təsdiq üçün təqdim edilən sənədləri dəfələrlə əsassız olaraq təkrarən notariat qaydada təsdiqini tələb etməklə və müxtəlif bəhanələrlə bizim İctimai Birliyi qeydiyyata almamaqla mənə və «Qafqaz Region» İctimai Birliyinin üzvlərinə maddi və mənəvi ziyan vurmuşlar.

Qeyd edək ki,apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, uzun illərdi Ombudsman Aparatının rəhbəri vəzifəsində çalışan Aydın Səfixanlı öz ailə üzvülərinin adlarına “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi təsis edib və hətta həmin İB dövlət qeydiyyatına alınıb. Butün bunlardan belə bir nəticə çıxartmaq olar ki, Aydın Səfixanlı həmin İctimai Birliyi dövlət qeydiyyatından keçirtmək üçün Ədliyyə Nazirliyinin qarşısında özü şəxsən zamin durub.
P.S Bildirilir ki,Aydın Səfixanlının yaxın bir qohumu onun aparat rəhbəri vəzifəsinə təyin olunması üçün vaxtı ilə Elmira Süleymanovanın yanında ona zamin durub. Sonra da Aydın Səfixanlı özü də təsis etdiyi İB-ini dövlət qeydiyyatından keçirtmək üçün Ədliyyə Nazirliyinin qarşısında birliyin fəaliyyətinə görə zamin durub.Sual olunur,bəs “Qafqaz Region” İB-nin dövlət qeydiyyatından keçməsinə görə Ədliyyə Nazirliyində kim bizə zamin durmalıdır?! Aydın Səfixanlıdan fərqli olaraq biz böyük vəzifə sahibi deyilik ki, nazirliyin qarşısında İB-nin fəaliyyətinə görə zamin duraq.
Ancaq bütün bu süni əngəllərə baxmayaraq biz ümidimizi itirməmişik.Çünki biz adi vətəndaşların da qarantı olan insan var ki, o da dövlət başçımızdır və bu səbəbdən inanırıq ki,Cənab Prezident İlham Əliyeva müraciət edəndən sonra məsələ yəqin ki,tez bir zamanda öz həllini tapacaq.
Mahmud Rasimoğlu
Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR