İki lokomotivçi Məmmədovun taleyi – 3

imagesQafqaz Xəbər Agentliyi təqdim edir(Əvvəlki hissələr)

…Valeh Məmmədovun vaxtsız vəfatı isə bir növ qardaşı Vahid Məmmədovun karyerasının önünü açır. Belə ki, dostunun ölümündən sonra Vahid Nadirli Vahid Məmmədovu yanına çağırır və qardaşı Valehin xətrinə onun üçün Bakı hissəsinin fəaliyyətini yenidən bərpa edir.

Vahidin yenidən vəzifəyə qayıtdığından xəbər tutan onun vaxtilə etibarsız çıxan 3 dostu yenidən Məmmədova yaxınlaşır, əvvəlki illərdə olduğu kimi birlikdə futbola gedir, xaş yeyir, “Çinar” kababxanasında əylənirlər. V.Məmmədov də dostlarının bir zamanki etibarsızlıqlarını tez unudaraq, yenidən onlarla münasibət yaradır.

Hətta münasibətlər yenidən o qədər istiləşir ki, Vahid Məmmədovun psixoloq dostu Vaqif Məmmədov öz yeznəsi İlham Xəlilovu Bakı hissəsinə təchizat xidmətinin rəisi vəzifəsinə təyin etdirməyə müvəffəq olur.

Bu vəzifə isə həmin dövr üçün ən gəlirlilərdən biri idi. Diqqət edin, Dəmiryol İdarəsinin Bakı hissəsinin fəaliyyəti yenicə bərpa edilib. Yenidən formalaşan idarəyə hər şey yenidən və təzə formada alınır. Bütün bu mallar isə İlham Xəlilovun əlindən keçir.

İ.Xəlilov da qaynatası Vaqif Məmmədov kimi işini bilən adam olduğu üçün yeni vəzifəsindən maksimum qazanc götürməyin yollarını tapır. İş həyatına Biləcəridə kənd sovetində başlayan bu şəxs birdən-birə demək olar ki, Dəmiryol İdarəsinin Bakı hissəsinin büdcəsinə nəzarət edirdi. Əslində, İ.Xəlilovun təchizat xidmətinin rəisi işlədiyi 3 il Vahid Məmmədov üçün də yaxşı keçir.

Yeri gəlmişkən, İ.Xəlilov da qaynatası kimi Vahid Məmmədovla işlədiyi dövrdə Ziya Məmmədovu onun gözündən salmağa, onun adını cəbhə ilə birgə çəkərək, qaralamağa çalışır. Arxada qalan 3 il ərzində Vahid Məmmədov adaşı Vahid Nadirlinin gözündən düşür. Hətta vəziyyət o həddə çatır ki, Nadirli Bakı hissəsini yenidən bərpa etdiyinə peşman olur. Nadirli bundan sonra Vahid Məmmədova yox, onun həmsoyadı Ziya Məmmədova “stavka” etməyə başlayır.

Əslində, Vahid Məmmədov ona “stavka” edilsəydi belə,  təsiri altına düşdüyü 3 dostun fikirləriylə oturub-durduğu üçün çətin ki, karyerasının sonrakı illərində Ziya Məmmədov qədər yüksələrdi.

Nəhayət, 1996-cı ildə Vahid Nadirli tutduğu postdan azad edilir. Onu postda gələcək Nəqliyyat naziri Ziya Məmmədov əvəz edir. Z.Məmmədovun idarəyə rəis təyin olunması qurumda ciddi sürprizlə qarşılanır. Belə ki, idarəyə rəis təyin olunacaqların arasında Vahid Məmmədovun adı hallandırılsa da, Z.Məmmədovun adı bu siyahıda olmur.

Z.Məmmədov idarəyə rəis təyin edildikdən sonra Vahid Məmmədova pis münasibət göstərmir. Keçmişdə onunla aralarında olan isti münasibətlərin xətrinə V.Məmmədovla səmimiyyətini davam etdirir.

Ancaq Vahid Məmmədovun məlum 3 dostu ona Ziya Məmmədovla yaxın olmağı məsləhət görmürlər. Bunun altında isə təbii ki, öz maraqları yatırdı.

Sən demə, Vahid Məmmədovun psixoloq dostu Vaqif altdan-altdan müdhiş hiyləgərliklə onun “quyusunu qazırmış”. Belə ki, Vahid Məmmədova Ziya Məmmədovla səmimi olmamağı məsləhət görən Vaqif özü Vahiddən xəbərsiz Ziya Məmmədovun qəbuluna girir. Qəbulda yeznəsini Bakı hissəsinin təchizat xidmətindən Bakı Vağzalına rəis keçirməyi xahiş edən V.Məmmədov arada da Ziya Məmmədovla Vahid Məmmədovun arasını vurur, Vahidin onunla səmimi olmadığına eyham vurur.

Vaxt keçdikcə, Vahid Məmmədov doğurdan da Ziya Məmmədova qarşı çıxmağa, onun arxasınca danışmağa başlayır. Hətta Z.Məmmədov bununla bağlı ona xəbərdarlıq da edir. Vaqif Məmmədovun planı isə baş tutur və onun yeznəsi Bakı sərnişin stansiyasının rəisi təyin edilir.

1998-ci ildə başqa bir hadisə olur. Dəmiryol İdarəsinin həmkarlar ittifaqının sədri Tofiq Tağıyev vəfat edir. Onun müavini Aydın Turabov bunun ardınca Ziya Məmmədova elçi düşür və ondan İttifaqa sədr təyin olunması üçün kömək etməsini xahiş edir. Z. Məmmədov isə ona bildirir ki, axşamacan Vahid Məmmədovla birlikdə onun arxasınca danışırlar ki, Z.Məmmədov bu gün-sabahlıqdır, prezident onu vəzifədən azad edəcək, indi də ona kömək üçün ağız açır.

Aydın Turabov isə öz məqsədi naminə Vahid Məmmədovu “satır” və Z.Məmmədova deyir ki, onun arxasınca danışan Vahid Məmmədovdur, o, sadəcə dinləməklə məşğul olub. Beləliklə, Aydın Turabov Ziya Məmmədovun dəstəyi ilə Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqının sədri seçilir.

Uzun illər Aydın Turabovla dost olan Vahid Məmmədov isə onun bu “satqın”lığına dözməyərək, öz xahişi ilə tutduğu vəzifədən azad olunur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Vaqif Məmmədovun yeznəsi İlham Xəlilov da tutduğu vəzifədə çox qala bilmir. Ziya Məmmədov onun işdə yol verdiyi nöqsanlara görə Bakı sərnişin stansiyasının rəisi vəzifəsindən, həmçinin, dəmiryolu sistemindən birdəfəlik qovur.

Oxucuların nəzərinə çatdıraq ki, həmin İlham Xəlilov hazırda Biləcərinin bələdiyyə sədridir.

Vahid Məmmədov isə vəzifədən istefa verərək, təqaüdə çıxır. Onun vəzifədən getməsinin ardından məlum 3 dostu yenidən etibarsızlıq edərək, ona üz çevirirlər. Və nəhayət, Vahid Məmmədov 8 il sonra Ziya Məmmədovun qəbuluna gedir. O, bu qərara gələrkən, hesab edirdi ki, Z.Məmmədov onu qəbul etməyəcək, ancaq bunun əksinə Ziya Məmmədov onu qəbul edir, cavanlıq xatirələrinin ehtiramına və Vahid Məmmədovun nəqliyyat sistemində böyük təcrübəsini nəzərə alaraq, Nəqliyyat Nazirliyində ona rəhbər postlardan birini həvalə edir.

Vahid Məmmədov hazırda Nazirliyə məxsus maşında, nazirliyin təyin etdiyi sürücü ilə gəzir. O, NN-in “Niva” markalı xidməti avtomobilindən istifadə edir. Sürücüsü isə onunla illərlə birgə çalışan, taa cavanlıqda Bakı Hissəsinin rəisi işlədiyi zaman Vahid Məmmədovun qara “Volqa”sını idarə edən şəxs – Xocəsənli Rəsuldur.

Məqalənin bu yerində yada düşən məqam odu ki, görəsən, Vahid Məmmədov Nəqliyyat Nazirliyində yenidən vəzifəyə gəldikdən sonra 3 “etibarlı” dostu onu yenidən birgə xaşa dəvət edirlərmi?!

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR