Məscid bol olarsa basılmaz vətən

IMG-21-281x3392“Yeni Müsavat” qəzetinin baş redaktoru  hörmətli Rauf Arifoğlu ilə  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev arasında  “məscidlərin sayı”  ilə əlaqədar  “polemika” barədə eşitsəm də təfsilatı ilə bu gün tanış ola bildim. Azinform.az-ın bu gün  yaydığı  videoya baxandan sonra münasibət bildirmək qərarına gəldim. Sözün düzü, məni nə Rauf bəyin, nə də Adil müəllimin personası deyil, “məscidlərin say” məsələsi maraqlandırır. Yəni bu xırda yazını hər iki hörmətli şəxsə cavab kimi qəbul etmək lazım deyil. Məni narahat edən “məscid bumu”dur.

Videogörüntüyə baxanda bəlli olur ki, Rauf bəy məscidlərin sayının daha çox olmasını və ən əsası bunun cəmiyyətimiz üçün faydalarını  xüsusi  olaraq  qeyd edir…

Doğrudanmı, məscidlərin sayının az qala həndəsi silsilə ilə artması  cəmiyyətimiz üçün bu qədər əhəmiyyətlidir..?

Məlumdur ki, əgər sovet dövründə Azərbaycanda onlarla məscid vardısa, indi respublikamızda demək olar ki, hər kənddə, hər yaşayış məntəqəsində məscid var. Onların sayı on minlərlədir.  Yəni  bu  gün  ölkəmizdə  “tikinti-göydələn bumu”na  bənzəyən “məscid bumu”  yaşanır.

Axı, unutmaq lazım deyil ki, kəmiyyət artımı heç də həmişə keyfiyyət artımı ilə müşahidə olunmur. Son 20 ildə məscidlərin, mədrəsələrin, hacıların, məşədilərin sayı artdıqca  korrupsiyanın, rüşvətxorluğun, əxlaqsızlıq yuvalarının, qadın alverinin, narkomanların, uşaqbazların, evlərimizi tele-efir vasitəsi ilə zəbt etmiş və əksəriyyəti  “hacı-məşədi” titulu daşıyan, millətə “ağsaqqallıq-ağbirçəklik” dərsi keçən şou əhlinin sayının həndəsi silsilə ilə artmasını, büt(s)pərəstliyin və digər neqativ halların  “çiçəklənməsini”  necə izah edək? Bəlkə bunların arasında bir əlaqə var?

Müstəqillik  dövründə  məscidlərimizin  sayı  “onlarla” dan “on minlərə”dək artıb. Yəni 1000 dəfə. Bəs, mərhəmətin, ədalətin payı cəmiyyətimizdə  heç olmasa 5-10 faiz  artıbmı? Bəlkə əksinə, azalıb?

Məscidlərin tikildiyi kəndlərdə görəsən əxlaq, mənəvi dəyərlər, böyük-kiçiklik heç olmasa 20-25  il əvvəlki səviyyədə qalıbmı? Adına “Allahsız dövlət” dediyimiz, məscidlərin sayının çox az  olduğu sovet dönəmindəkiləri heç olmasa qoruya bildikmi? Budurmu, bizim “Allahlı, məşədili, hacılı cəmiyyətimiz?”.

Mən sıradan bir müsəlman olaraq məscidlərin tikilməsinin əleyhinə  deyiləm. Ancaq  məscidlərin sayını aybaay, günbəgün artırmaq nə vaxtdan məqsəd olub? Pambıq, üzüm planıdır, məgər?

Vaxtilə məlum səbəblərdən məscidlərin olmadığı kəndlərdə kitabxanalar, mədəniyyət ocaqları var idi. Şəhərlərimizdə  zavodlar, fabriklər  işləyirdi.  Və ən əsası kənddə-şəhərdə az-çox həyat qaynayırdı. Bəs bu gün vəziyyət necədir? Sanki cəmiyyətdə təhsil və mədəniyyət işçilərinin rolu arxa plana keçib. Və onların yerini mollalar  tutub.

Görəsən, bu barədə hörmətli Rauf  bəy nə düşünür?

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR