Yanan “Karvan”la bağlı yalan vədlər karvanı…

62195_res_01“Ötən ilin oktyabrında baş vermiş yanğın nəticəsində tamamilə yararsız hala düşən “Karvan” ticarət mərkəzinin təmiri yarımçıq saxlanılıb. Etiraz aksiyalarından sonra dəymiş zərərin ödəniləcəyi, ticarət mərkəzinin yenidən istifadəyə veriləcəyi barədəki vədlər yerinə yetirilmir”.

Bunu virtualaz.org saytına ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən I qrup Qarabağ əlili Xəzər Mirzəyev bildirib.

Şikayətçinin sözlərinə görə, sahibkar dəymiş zərərin cüzi hissəsini ödəməklə zərərçəkənləri sakitləşdirib: “Bizə söz verdilər ki, ticarət mərkəzi iki-üç aya bərpa ediləcək. Hətta müəyyən müddət ərzində yer pulu almayacaqlarını da demişdilər. Yanğın ötən il oktyabrın 19-da baş verib. O vaxtdan 10 ay keçir. Ticarət mərkəzinin birinci mərtəbəsində piştaxtalarda alver edənlər var. Lakin hamı mərkəzin tam bərpa ediləcəyi günü gözləyir”.

Qeyd edək ki, ticarət mərkəzinin yerində uşaq əyləncə mərkəzinin tikiləcəyinə dair xəbərlər dolaşır. Bu xəbər yanğından zərər çəkənlərin etirazına səbəb olub: “Bazar necə varsa, elə də qalıb. Nə tikinti işləri getmir, nə də zərərçəkənlərə bir söz deyən yoxdur. Uşaq əyləncə mərkəzi tikilərsə, bizə dəymiş zərəri tələb edəcəyik”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə “Karvan” ticarət mərkəzi ilə bağlı hər hansı açıqlama verə bilməyəcəklərini dedilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR