ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın ata-anası polisi günahlandırır

1Onlar skype vasitəsilə danışıblar.

ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində seksual manyak tərəfindən öldürüldüyü ehtimal edilən və cəsədi yoxa çıxan 23 yaşlı azərbaycanlı qızın valideynləri danışıb.

Qafqaznews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Evelin Vəlibəyovanın atası Artyom və anası Nərgiz Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzetinin əməkdaşı, bu səs-küylü cinayət hadisəsini araşdıran Tomas Farragerlə skype vasitəsilə danışıblar.

Evelinin valideynləri deyirlər ki, Massaçusets polisi cinayətin üstünü isti izlərlə açmaq şansını əldən verib və Evelin yoxa çıxandan sonra onun axtarışı ilə lazımınca məşğul olmayıb.

Xatırladaq ki, Evelin Vəlibəyova bir neçə il əvvəl ABŞ-a köçüb, Kuinsi şəhərində restoranda işləyib və həmçinin restoran sahibinin uşaqlarına dayəlik edib. 2011-ci ilin iyul ayında o, yaşadığı mənzildən yoxa çıxıb. Polis mənzilə baxış keçirəndə xalçanın və döşəmənin qana bulaşdığını görüb, lakin qızın cəsədini indiyədək tapmaq mümkün olmayıb.

Yalnız bu yaxınlarda prokurorluq qızın qətli və cəsədinin yoxa çıxması cinayətinə görə əsas şübhəli şəxsi müəyyən edib. Bu, 1986-cı ildə 9 yaşlı qızı oğurlayaraq zorlayan və öldürən, 2006-cı ildə azadlığa çıxan Con Kastenqaudur.

Məlum olub ki, usta işləyən C.Kastenqau hadisədən əvvəl Vəlibəyovanın yaşadığı mənzildə təmir işləri görüb. O, mənzilin açarını əldə edərək qızın evdə tək olduğu vaxtda onu qətlə yetirib. Müstəntiqlər qızın yataq otağından C.Kastenqaunun bu cinayəti törətdiyini təsdiqləyən dəlillər aşkar ediblər.

Hazırda şərti azadlıqda olma qaydalarına əməl etmədiyi üçün həbsdə olan seksual manyak əvvəlcə cinayəti törətdiyini boynuna alıb, lakin daha sonra verdiyi ifadədən imtina edib və Vəlibəyovanı tanımadığını bildirib. Cəsəd tapılmadığından ona qarşı qətl ittihamı irəli sürmək problemlidir.

“The Boston Globe” yazır ki, Vəlibəyovanın Bakıda yaşayan atası və anası hələ də qızlarının sağ olduğuna ümidlərini üzməyiblər. Onlar ümid edirlər ki, qızları Evelin əvvəl-axır bu qaranlıq boşluqdan çıxacaq və yenidən onların həyatına geri qayıdacaq.

“Bir dəqiqə də olsun onu yaddan çıxara bilmirik. Qeyri-müəyyənlik bizi öldürür” – deyə Artyom Vəlibəyov emosional müsahibədə bildirib.

“Bizim bütün həyatımız baş-ayaq oldu. Hər gün dua edirik ki, kaş Evelin sağ olaydı” – bunu isə Evelinin anası Nərgiz deyir.

Seksual manyak ziddiyyətli ifadələr verir və ifadələrinin birində təsdiq edir ki, Vəlibəyovanın mənzilində yarım saatlıq xırda təmir işləri görüb və bir daha həmin mənzildə olmayıb.

Lakin qızın qonşusu polisə verdiyi ifadədə təsdiq edib ki, C.Kastenqau azı iki dəfə Vəlibəyovanın mənzilində olub və azərbaycanlı qız ona təmir işləri sifariş verdiyini danışıb.

Polis C.Kastenqaunun avtomobillərinə, mobil telefonuna, elektron poçtuna baxış keçirsə də Evelinin öldürülməsi və cəsədinin gizlədilməsinə dair hər hansı dəlil tapa bilməyib.

Yerli patrul polisi Con Morris isə deyib ki, o, manayakın bu qətli törətdiyinə və cəsədi gizlətdiyinə şübhə etmir.

“O, qızı qətlə yetirdikdən sonra cəsədini çox güman ki, zibil kisəsinə qoyub və mənzildən çıxarıb. Kastenqau usta olduğundan onun əlində zibil kisəsi aparması heç kimdə şübhə doğurmazdı” – deyə Morris bildirib.

Evelinin anası və yaxın dostları isə deyir ki, Kuinsi polisi qızın yoxa çıxmasından sonra onun axtarışlarına yetərincə diqqət ayırmadı.

“Bu işə heç məhəl qoymadılar və qiymətli vaxt itirildi” – deyə Nərgiz bildirir.

Kuinsi polisinin rəisi Pavel Kinnan isə deyir ki, onun əməkdaşları əllərindən gələni ediblər: “Biz ictimaiyyətin köməyinə ümid edirik, hazırda axtarışlar davam edir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR