Ailə dəyərləri

gc3bcnel-eyvazlc4b1Lev Qumilyov deyirdi: “Ailə… kişinin qadına, qadının isə kişiyə münasibəti və məhəbbəti əsasında yaranır. Uşaqlar (istər 3 olsun, istər 5), qayınana, qayınata və qohumlarsız da keçinmək olar. Əsas iki şəxsin qarşılıqlı münasibətidir. Nə zaman ki, bu gözəgörünməz bağ qırılacaq, o zaman sistem çökəcək”.

Son zamanlar gündəmi zəbt etmiş ailə münaqişələri, qohumlararası münasibətlərin pozulması, qətllər, ailə daxilində anlaşılmazlıqların hökm sürməsi, atanın övlad, övladın valideyn qatili olması geniş vüsət alıb. Güman edirəm ki, bu nüans sosioloqların və psixoloqların da nəzərindən qaçmır. Amma kifayət qədər aqitasiya aparılsa belə, qətl xəbərləri artmağa, boşanma halları yüksəlməyə doğru gedir. Bəzi sosioloqlar bu halları iqtisadi durumla bağlayırlar. Amma belə düşünsələr belə, mən inanmıram. Ailələrin məhv olmasına, ailə modellərinin iflasa uğramasında və dəyərlərin puç olmasında vurğu heç də iqtisadi durumun və cibimizdə olan pulun üzərinə düşmür. Çox güman ki, bunun başında psixoloji durum dayanır.

Ailələrin nüfuzunu qaldırmaq üçün ailələrin və ailə həyat tərzinin prestijini yüksəltmək lazımdır. Ailədə övladların sayının azalması da sosioloji böhran adlana bilər. Hər halda, doğumun elitar miqdarı olmamalıdır. 19-cu əsrin aristokrat ailəsində eyni kəndli ailəsində olduğu kimi, 4-5-6 uşaq dünyaya gəlirdi. Bəs bu normativləri kim dəyişdi?

Avropa filmlərinə nəzər saldıqda, qəribə bir nüans ortaya çıxır. Yəqin başını külfət basmış Sisi Kepfol hamının yadındadır. Sisinin adını ona görə çəkirəm ki, ilkin olaraq vətənə ayaq açan serial məhz Santa Barbara idi və düşünürəm ki, mərhum Sisi hamının yadındadır. Hollivud serialları və filmlərində çoxuşaqlı ailələrin təbliğini görürük. Doğrudur, bütün bu təbliğata baxmayaraq, Amerika emiqrantların hesabına əhali artımını yaşayır. Hər halda, zərrə qədər də olsa, bu təbliğat 10 ailədən 5-nə sirayət edir.

Bu yaxınlarda dövlətimiz tərəfindən gerçəkləşdiriləcək gənc ailələrin mənzillə təminatı gecikmiş olsa da, dəyərli bir qərar idi. 20 il ərzində hər ay ödəniləcək 60 azn orta səviyyəli Azərbaycan ailəsi üçün elə də böyük rəqəm olmayacaq və bu sosial kömək ailələrin mənzil problemini aradan qaldıracaq. Əlbət, bunun necə və nə cür gerçəkləşəcəyi zamanla bilinəcək. Amma bu dayağın Azərbaycan ailələrinə yardımına və möhkəmləndirməsinə çox böyük dəstək olacaq.

Qumilyovun sözlərində həqiqət var. Balasını öz yanında görməyə alışmış Azərbaycan anası öz oğlunu sərbəst buraxa bilmir və daima qanadı altında sığınacaq salan gənc ailə bəzi böyüklərin təpkisi ilə üzləşir. Gözəl bir deyim var, el elə sığar, ev evə sığmaz. Gerçək problemlərimizin başında maddi vəziyyətimiz deyil, üçüncü və dördüncülərin ailəyə müdaxiləsi dayanır. Dövlət bu qanunu öncədən gerçəkləşdirsə idi, bir zamanlar sürətlə artan boşanmaların da sayı bu həddə çatmazdı. Hər halda, gec də olsa, səmərəli olsun, deyək. Yaxın İranda gənc ailənin qayınana, qayınata yanına gətirilməsi etik cəhətdən də doğru sayılmır. Nəzərə alsaq ki, qayınana və gəlin münasibətləri həmişə mövcud olub və müasir gəlinlər də öz sələflərindən fərqli olaraq savadlı və rahatlığı daha üstün bilirlər, bu zaman yaşlılar bunu gənclərə qüsur tutaraq onları sıxışdırmamalıdırlar. Yaxın Türkiyədə isə oğlan tam işlə, evlə təmin olunmayınca ailə qurmaz. Məhz bu səbəbdən evlənmə yaşı bizim gənclərin evlənmə yaşından bir az fərqlidir. Və yetkin ağla xidmət edən gənc ailələr daha uğurlu olur. Əlbəttə, bu o demək deyil ki, sadaladığım ölkələrdə boşanma yoxdur. Var. İstisnalar həmişə mövcuddur.

Dağılmış ailə modelləri və ailə dəyərləri yalnız ölkəmiz daxilində deyil. Bütün qabaqcıl ölkələr artıq həyəcan təbili çalır. Nəzərə alsaq ki, ailələr dövlətin sosial dayağıdır, demək, bu dayağın qorunub saxlanmasında birbaşa dövlət maraqlı olmalıdır.
Azərbaycanı keçid dövrünü yenicə keçmiş bir dövlət adlandırsaq, bu zaman sosial dayaqların belə durumda olması hardasa başa düşüləndir. Çünki bu yerdəyişmələr və kütləvi informasiyanın ailələrimizə daxil olması psixoloji sıxıntı yaradır. Hər halda, psixoloqlar bunu məndən daha yaxşı çözər. Demək, bu kütləvi mədəniyyət axınına beynimiz, düşüncəmiz hazır deyildi. Ən adi sosial şəbəkə düşkünlüyü, evli kişilərin səhifələrini hərəmxanaya çevirməsi, qadınların yersiz tanışlığı və s. beynimizin hazır olmamasını diktə edir. Çox güman ki, dəyərlərə yenidən qayıtmaq üçün növbəti keçid dövrünə ehtiyacımız olacaq. Yəni psixoloji durumumuzun bərpasına.

Məsələnin digər tərəfi də var. Digər tərəfi bu durumun kəskinləşməsində maraqlı olan qüvvələrdir. Hansı başların buna nəzarət etməsi mənə məlum deyil. Hər halda, cəmiyyətə təklif edilən bəzi modellər əlbət ki, qədim ənənələrin üzərindən xətt çəkməyə xidmət edir. Buraya eynicinsli insanların nikaha daxil olması və s. kimi təklif olunan ailə ittifaqlarıdır. Bunun üzərində düşünən beyinlər burjua ailələrinin üzərindən xətt çəkərək qondarma dəyərləri beynimizə sırımaq istəyirlər.

Hər halda, ailə xüsusi dəyər olaraq qalır və insanların bir yerdə olması üçün sivil bir ittifaqdır. Əgər belə olmasaydı, üzdəniraq eynicinsli şəxslər belə, bu ittifaqda birləşməyi özlərinə qanun bilməzdilər. Dəyərlərimizə sahib çıxmaq isə özümüzdən asılıdır. Hər halda, düşüncələrimizdə inkişafa varsaq, nəticəni də tezliklə müşahidə edəcəyik.

Günel Eyvazlı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR