Azərbaycanda hərbi çağırış yaşının artırılması gündəmə gələcək

asker“Bir müddətdən sonra ölkə peşəkar orduya keçəcək və hərbi çağırış azalacaq”.

Azərbaycan ordusunda baş verən neqativ halların aradan qaldırılması üçün hərbi xidmətə çağırış yaşının artırılması məsələsi son illər ən çox müzakirə olunan məsələlərdən biridir.

Qanunvericiliyə əsasən, gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Çağırış yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı təkliflər səsləndirilsə də, qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi ilə bağlı müzakirələr dayandırılıb.

Qonşu Türkiyə və Gürcüstanda hərbi çağırış yaşı ilə bağlı bir sıra islahatlar həyata keçirilir. Qonşu Türkiyədə bu ilin fevralında “Hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 20-dən 21-ə yüksəldilib. Digər qonşu ölkə Gürcüstanda da  hərbi xidmətə çağırış yaşı Azərbaycandakı kimidir. Lakin Gürcüstan dörd ildən sonra hərbi çağırışdan imtina etməyə və ordunu yalnız müqavilə əsasında komplektləşdirməyə hazırlaşır.

Hərbi ekspert Emin Həsənlinin fikrincə, Azərbaycanda hərbi çağırış yaşının artırılacağı gözləniləndir.

O, hesab edir ki, Azərbaycanda hərbi çağırış yaşının artırılması məsələsi 12 illik təhsil sisteminə keçid zamanı gündəmə gələcək.

“Yeni təhsil sisteminə keçiddən sonra hərbi çağırış yaşının bir yaş artırılması məsələsi müzakirə olunacaq. Bu sistemdə təhsil alacaq oğlan uşağı 17 yaşında məktəbi bitirəcək və onun 18 yaşında hərbi xidmətə çağırılmasında müəyyən problemlər yaranacaq,” deyə o, Oxu.Az-a bildirib.

Ekspertin sözlərinə görə, yaş həddinin artırılmasında psixoloji məqamlar da nəzərə alınmalıdır. “Bu məsələdə 18 və 19 yaş arasında olan uşağın psixoloji yetkinlik məqamına xüsusi diqqət verilməlidir,” o qeyd edib.

O, bildirib ki, bir müddətdən sonra Azərbaycan peşəkar orduya keçəcək və hərbi çağırış azalacaq.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə ədalətli həll olunandan sonra ali təhsillilərin hərbi xidmətə çağırışla bağlı möhlət hüququ artırıla, onların xidmət müddəti azaldıla bilər,” o bildirib.

Həsənli son dövrlər Azərbaycan ordusunda neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən islahatları təqdirəlayiq hesab edir.

“Artıq orduda sürücü, aşpaz və bu kimi vəzifələri icra edənlər mülki şəxslərdir. Əsgərlərin ən çox mübahisə etdiyi məsələlər hərbi qulluqçuya aid olmayan vəzifələrin onlara həvalə edilməsi olurdu. Lakin artıq bu, aradan qaldırılıb. Bütün bu islahatlar ordunun gücləndirilməsinə, əsgərlər arasında şəffaf münasibətlərin qurulmasına yönəldilib,” Həsənli deyib.

Ekspertin fikrincə, dünyanın istənilən ordusunda neqativ hallar müşahidə olunur.

“Bu cür hallar yalnız azaldıla bilər, onların tamamilə aradan qaldırılması mümkün deyil. Azərbaycan ordusunda bu cür halların aradan qaldırılması üçün dövlət sistemli olaraq ardıcıl iş aparır. Bir çox neqativ hallar araşdırılarkən məlum olur ki, bu cür hadisəni törədən əsgərin öz ailəsində və psixikasında müəyyən problemi var,” o qeyd edib.

Həsənlinin sözlərinə görə, orduda əsgərlər arasında dava, mübahisə, nizamnamədən kənar hallar azalmaqdadır.

“Bu kimi hallar azalmaqda davam edəcək, amma bütövlükdə aradan qaldırılması mümkün deyil. Cəmiyyətdə bu cür hallara xüsusi diqqətlə yanaşılmalıdır və xüsusi iş aparılmalıdır ki, neqativ halların azalmasına gətirib çıxarsın. Necə ki, aparılmış işlər nəticəsində Azərbaycanda fərarilik halları tamamilə aradan qaldırılıb,” o deyib.

Hərbi çağırış yaşının mümkün artırılmasını psixoloji nöqteyi-nəzərdən Oxu.Az-a şərh edən psixoloq Elnur Rüstəmovsa hesab edir ki, 18 yaş hərbi xidmətə çağırış yaşı üçün uyğun yaşdır.

“Çağırış yaşının 18 yaş müəyyən olunmasında əsas hədəf odur ki, orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul ola bilməyən oğlanlar hərbi xidmətə çağırılsınlar.Hərbi xidmət müəyyən bacarıq və vərdişlərin əldə edilməsi üçündür,” deyə o bildirib.

Rüstəmov hərbi xidmətə çağırış yaşının qaldırılmasının müsbət nəticələr verəcəyini düşünmür.

“Əgər orta məktəbi bitirən oğlan artıq karyera qurubsa və işləyirsə onun 20-21 yaşında hərbi xidmətə getməsi çətin olacaq. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmayan oğlanların dərhal hərbi xidmətə getməsi daha düzgündür. Çağırış yaşının 18 yaşdan 35 yaşa qədər olması doğru və məqsdəuyğundur. Psixoloji nöqteyi-nəzərindən bu, çox düzgün bir addımdır,” o əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR