Baş müstəntiq məsuliyyəti öz üzərindən atdı

126601363fbbe431598f95caa900d303

TV əməkdaşına qarşı cinayət işi açılıb

Dünən Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumat əsasında “Qazaxda “TV əməkdaşı” bir neçə şəxsə 3000 manat pul atıb” başlıqlı yazı hazırlamışdıq. Qısa xatırlatma üçün bildirək ki, 4 ay əvvəl Qazax rayonunda “ezamiyyətdə” olan və özünü Ziyad TV-nin əməkdaşı kimi təqdim edən Hacıbalayev İlqar Fəlakət oğlu Ürkməzli kənd sakinləri Quliyev Nurlan Arzu oğlu və Məmmədov Pərvin Sadiq oğlunun hər birindən 3000 manat pul alaraq onları rayondakı hərbi hissəyə gizir düzəldəcəyinə söz verib. Ancaq xeyli vaxt ötsə də gənclər işə düzəlməyib və TV-nin işçisinin telefonu söndürülüb. Hər iki gəncin ailəsi Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Əvvəlcə işi RPŞ-nin müstəntiqi Vüsal Məmmədov araşdırıb. Hər iki gəncin evinə gələrək izahatlar alınıb, şahidlər müəyyən edilib. Sonradan işi aparmaq baş müstəntiq Kazım Poladova həvalə olunub. Hər iki gəncin valideynləri yazaraq bildirirlər ki, araşdırma zamanı “TV”əməkdaşının Almaniyada çalışan qardaşı peyda olaraq baş müstəntiq Kazım Poladovla görüşərək məsələni “yoluna qoydu”. Biz hər dəfə baş müstəntiqə müraciət edəndə bildirir ki, darıxmayın Hacıbalayev İlqarı axtarırıq. Dünən müxbirimiz hadisə baş verən əraziyə məsul bölmənin rəisi mayor Əliyevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etmişdi. Cənab Əliyev əvvəlcə məsələdən xəbərdar olduğunu bildirsə də, sonradan məsələni araşdırmaq üçün vaxt istəmişdi. Və sonda bölmə rəisi “işin gedişindən xəbərim yoxdur” cavabını vermişdi. Bu gün məsələnin tam dəqiqliyi ilə öyrənmək üçün yazıda adıkeçən baş müstəntiq Kazım Poladovla telefon əlaqəsi saxladıq. Cənab Poladov bildirdi ki, bu faktla bağlı cinayət işi açılıb və istintaq gedir. Amma “TV əməkdaşı”nın qardaşı ilə mən yox, müstəntiq Vüsal Məmmədov Bakıda görüşüb. Sonra zərərçəkənlərdən biri Pərvin Məmmədovla əlaqə saxladıq. O, bildirdi ki, 3000 manat pulu bir neçə şahidin yanında vermişəm. Pərvin Məmmədov onu da əlavə etdi ki, müstəntiq Vüsal Məmmədov əvvəl bizim evdə olaraq izahatları alıb. Sonra müstəntiq Bakıda Hacıbalayev İlqar Fəlakət oğlu və onun Almaniyadan gələn qardaşı ilə görüşüb. Zərərçəkən onu da qeyd elədi ki, baş müstəntiq işi bağlamaqda maraqlıdır.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR