Bu ilin ən yaşlı tələbəsi

62360_res_01O, həm repetitor, həm də qızı xaricdə təhsil alan atadır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2014-2015-ci tədris ili üçün keçirdiyi qəbul imtahanında 419 bal toplayan Lətif Şahgərdiyev ali məktəbə qəbul olunan ən yaşlı tələbə olub. O, Naxçıvan Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alacaq.

L.Şahgərdiyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Güneyqışlaq kəndində anadan olub. 1984-cü ildə keçmiş Politexnik İnstitutunun (Texniki Universitet) Avtonəqliyyat fakültəsini bitirib. 2000-2001-ci illərdə nəqliyyat sistemində çalışıb. Naxçıvan Müəllimlər İnstitutunun riyaziyyat müəllimliyi üzrə diplomunu alıb.

“4 il müəllim olaraq çalışmışam. Sonra müəyyən səbəblərdən işdən çıxmışam. Təhsilimi davam etdirməyə həvəsləndim. Gənclərə nümunə olmaq lazımdır. Mən ancaq iki fəndən hazırlaşdım – fizika və riyaziyyat, digərlərini oxusaydım, balım 600-ü keçərdi. Amma cəmi 419 bal topladım”, – deyə L.Şahgəldiyev modern.az saytına bildirib.

“Naxçıvan Dövlət Universitetinin Riyaziyyat fakultəsində qiyabi təhsil alacam. Beşikdən qəbrə qədər oxumaq lazımdır. Təhsilimi davam etdirmək istəyirəm. Mənim övladım prezident təqaüdçüsü olub, hazırda Almaniyada dövlət hesabına təhsil alır. Özüm də fizika-riyaziyyat fənlərindən repititorluq edirəm. Allahın mənə verdiyi ömrü də gənclərə elm öyrətməyə sərf edəcəm”- deyən L.Şahgəldiyev onu da vurğulayıb ki, repetitor kimi bu il Naxçıvanda yeni açilacaq “İstedad” hazırlıq kurslarında çalışacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR