Deputatlardan kim qurban kəsdirəcək? – SORĞU

1“Seçicilərim üçün isə cöngə kəsdirəcəm”.

Qarşıdan müsəlman aləminin müqəddəs Qurban bayramı gəlir. Dini mənbələrdə “Qurban” sözünün lüğəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Bildirilir ki, qurban kəsən şəxs müsəlman olmalı, həddi-buluğa çatmalı, səfərdə olmamalı və maddi cəhətdən təminatlı olmalıdır. Qurbanlıq heyvanlar isə qoyun, keçi, inək, camış və dəvə ola bilər. Qoyun və keçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər. Marqlıdır cəmiyyətin yüksək təbəqəsi sayılan millət vəkilləri necə, qurban kəsmək haqda fikirləşirlərmi?

Qafqaznews.az  xəbər verir ki, Modern.az saytı qurbanlıqla bağlı deputatlardan aldığı cavabları təqdim edir.

Fərəc Quliyev: “Hər il bayramda qurban kəsmişəm, bu il də inşallah, kəsəcəyəm. Çalışıram ki, nəsillərdən gələn ənənəni davam etdirib kasıb, imkansız ailələrə mümkün dairədə yardım edim”.

Aqil Abbas: “Əvvəllər Qarabağın seyid ocaqlarında qurbanlar kəsərdik. Ağcabədidə mövcud olan köçkün qəsəbələrində gündə 10-15 qurban kəsdirdiyim vaxt olub. Qismətsə bu il birini öz həyətimdə kəsdirəcəm. Eyni zamanda Qarabağın seyid ocaqlarının hər birində də bir qurban kəsdirəcəm. Bu il nəvəm 1-ci sinfə gedib deyə, ən azı 10 yerdə qurban kəsdirməyi düşünürəm. Bərdədə Seyid Yusif ağa vardı, məni çox istədiyinə görə, sağlığında həmişə mənə qurban kəsdirirdi. Ən azından Seyid Lazım ağa, Seyid Yusif ağa, Seyid Heydər ağanın ocağında hər il mütləq qurban kəsdirirəm. Qurban paylarını isə kimə verəcəklərini onlar özü bilirlər. Ehtiyacı olanlar üçün qurbanlığı gözləmirəm, ən azı ilin hər ayında bir neçə dəfə qurban kəsdirirəm”.

Qənirə Paşayeva: “Hər kəsi bayram münasibətilə təbrik edirəm. Bu il Qurban bayramında ön cəbhədəki hərbi hissələrdə olacağam. Həmçinin, kəndlərdə öz seçicilərimlə görüşəcəyəm. Tovuz rayonunda və kəndlərində həm hərbçilərimizlə, həm də seçicilərimizlə birlikdə qurbanlar kəsəcəyik, qurban ətini isə aztəminatlı ailələrə paylayacağıq”.

Zahid Oruc: “Bütün xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm. Qurbanlığın ən böyük mənası qurbanlıq fikrinin cəmiyyətə aşılanmasıdır.
Ötən illər ərzində Qurban bayramlarında iştirak edərkən təmsil etdiyim rayonda aztəminatlı insanlara, xüsusilə də əlil və kimsəsizlərə yardımlar etməyə çalışmışıq. Bayramlar geniş tədbirlər səviyyəsində reallaşdırılıb. Həmçinin xarici qurumlarla da bu işi birgə təşkil etməyə cəhd göstərmişik. Fərdi səviyyədə isə Gözdən Əlillər Cəmiyyətinə, əlillər evinə bu cür yardım etməyə çalışmışam.

Bu il də ənənəmə sadiq qalaraq, əlimdən gəldiyi qədər ehtiyac duyanların yanında olacağam. Ayın 4 və 5-də bu ənənəmizi davam etdirmək üçün konkret ünvanlara yollanacaq, kiçik bir misqal da olsa, töhfə verməyə çalışacağıq”.

Məlahət İbrahimqızı: “Qurban bayramını hər il qeyd edirik. İndidən nəsə demək tezdir, vaxta hələ var”.

Fəzail Ağamalı: “Öncəliklə xalqımızı bayram münasibətilə təbrik edirəm. Bu il də hər zamankı kimi Qurban bayramında kəsiləcək qurbanlar imkansız, ehtiyacı olan insanlara bölünüb paylanılacaq. Seçilmiş olduğum Salyan-Neftçala seçki dairəsində də hər il qurban kəsilir. Orada insanlar arasında paylanılır. Bu il də ənənəmizə sadiq qalacağıq”.

Hadı Rəcəbli: “Şəkidə 1-ci katib olduğum 5 il ərzində hər zaman qurban kəsdirib paylamışam. O ənənəni hələ də saxlamışam, bu il də həmin ənənə davam edəcək. Baxmayaraq ki, özüm Qurban bayramı günü xaricdə olacağam, 4 övladımın hamısı qurban kəsəcək. İlk dəfə olaraq bu Qurban bayramında nəvəm 21 yaşlı Fatimə də öz məvacibi ilə qurban kəsdirəcək. Həmin qurban payları aztəminatlı ailələrə paylanacaq. Seçicilərim üçün isə cöngə kəsdirəcəm”.

İlyas İsmayılov: “Yox. Qurban kəsmək kimi bir fikrim yoxdur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR