Dünyanın ən qəribə yas mərasimləri…

Biri ölüsünün külünü dənizə sovurur, o biri ölünü torbaya qoyub ayağına daş bağlayır…

Hansı xalq ehsan süfrəsinə nələri düzür?img1632583

Azərbaycanda hazırda müzakirə olunan ən aktual mövzu yas mərasimləri ilə bağlıdır. Belə ki, sözügedən mərasimlərin daha da sadələşdirilməsi, süfrələrdən bəzi təamların yığışdırılması tipli tələblər gündəmdədir. Hökumət bununla bağlı konkret standartlar – menyü müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
Azərbaycan insanı bu müzakirələrin fonunda daha bir sualı müzakirə edir: görəsən, xaricdə dəfn və yas mərasimləri necə keçirilir? Dünyaya hökm edən xalqlar öz yaxınlarını son mənzilə necə yola salır?
“Yeni Müsavat” bu mövzu ilə bağlı maraqlı dosye hazırlayıb. Oxuyub bir-birindən fərqli yas mərasimləri barədə məlumatlana bilərsiz.
Ölünü canlı kimi təqdim etmək… ona hörmət sayılır
Müasir dünyada ölülərin yas mərasimində canlı kimi təqdim edilməsi ona olan hörmətin əlaməti kimi qəbul olunur. Bunun üçün qrim və kimyəvi müdaxilələrdən istifadə edilir. Bu halda yaxınları ona yaxınlaşaraq son sözlərini söyləyərkən daha ürəkli olur, sanki onu canlı kimi mənimsəyirlər. Ölüm insan həyatında qaçılmaz mərhələdir, amma yas mərasiminin məzmunu mərhumun mənsub olduğu dindən, coğrafi göstəricilərdən, cəmiyyətdəki ictimai statusundan asılıdır. Varlı insanlar piramidalar və tac mahallar tikirlər. Belədə isə dünyada yas, dəfn mərasimləri çox sadə olsa da, dini rituallar ön plandadır.
Hindistanlıların yas mərasimində əsas ağlayan evin böyük oğludur
Hindistan sakinləri hesab edir ki, bədən öz ölümündən sonra ruhunu saxlayır. Ruhun azad buraxılması üçünsə yeganə yol bədənin yandırılmasıdır. Hindlinin ölümündən sonra dəfn hazırlıqları başlananda onun bədəninin yanında lampa yandırılır. Bu lampa odu simvolizə edir, hansı ki, digər həyata keçərkən insanın ruhunu yaxından görmək üçün nəzərdə tutulub. Ölmüş şəxsin bədəni öncə təmizlənir, sonra ona yeni geyim geyindirilir, ardınca güllərlə, ləl-cəvahiratla və otlarla bəzədilir. Daha sonra bədənin külə çevrilməsi üçün onu yanan ocağın yanına aparırlar. Mərasimdə baş ağlayan ölən şəxsin böyük oğlu sayılır. O, bütün dini ayinlərə riayət edəndən sonra atasının bədəninin yandırılacağı odu qalayır. Bədən yanan dəqiqələrdə isə əsas ağıçı “kapal kriya” ritualını həyata keçirir. Bu ritual zamanı baş ağıçı mərhumun kəlləsini bambuk budaqları ilə vurur, bu, ruhun bədəndən azad edilməsi anlamına gəlir. Keramasiyanın baş verməsindən bir neçə gün sonra baş ağıçı ocağın qalandığı yerə qayıdır, sümüklərin qalıqlarını yığışdırır. Məqsəd bu qalıqları Qanq çayının müqəddəs sularında “dəfn etməkdir”.
Ölünü dənizə atırlar…
Nəzərə alanda ki, dənizdə dəfn mərasimlərinin minilliklər boyu tarixi var, əslində dəniz dəfn mərasimləri əsasən dənizçilərlə assosiasiya olunur. Ada və dənizkənarı sakinləri üçün torpaq bahalı resurs sayılır. Ona görə də torpağı qəbiristanlıq kimi istifadə etməyə qıymırlar. Əksinə, dənizi mərhumlarının son mənzili kimi istifadə edirlər. Bu məntiqlə ölünün bədəni suda daha tez dincliyə qovuşur, tam bir həyat siklini tamamlamış olur. Vikinqlər və misirlilər ölmüş yaxınlarının bədənini dənizə qayıqla göndərirdilər.
Bizim vaxtımızda isə dəniz dəfn mərasimləri cəsədin küllərinin dənizə atılması kimi qeyd edilir. Buna səbəb də odur ki, indiki zamanda meyitin dənizə atılması həm gigiyenik, həm də müasir qaydalar baxımdan düzgün deyil. Bundan öncə isə dənizçilər öz ölmüş dostlarının meyitini bir torbaya qoyur, onu daşa bağlayır və dərinə atırdılar.
Yəhudilərin yas mərasimində süfrədə ancaq bunlar olmalıdır…
img1632586
Digər səmavi dinlərdə də israfa münasibət birmənalı mənfidir. Çünki bütün səmavi dinlərdə məqsədsiz, hədər yerə israf etmək Tanrının ruzi kimi bəxş etdiyi sərvətə arxa çevirmək anlamına gəlir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucovun müəllif məqaləsində maraqlı məlumatlara rast gəlmək olar. Onun yazdığına görə, “istər iudaizmdə, istər xristianlıqda toy və yas adət-ənənəsinə münasibət fərqli olsa da, israfa və bədxərcliyə münasibət eynidir. Onu da nəzərə almaq lazımdır ki, hər dinin öz şəriəti var və dəfn mərasimi, yas adətləri həmin şəriətə uyğun keçirilməlidir. İudaizmə görə, dünyasını dəyişmiş insanın qohumları həm dəfnə qədər, həm də dəfndən sonra yəhudi ehkamlarının müəyyən etdiyi qaydaları tətbiq edirlər. Yas saxlamaq yalnız yaxın qohumlara şamil edilir: ata, ana, oğul, qız, bacı, qardaş (ögey olsa belə), həyat yoldaşı.
Yaxını vəfat etmiş qohumlara saç kəsdirmək, üz qırxmaq, yuyunmaq, kosmetikadan istifadə etmək, təntənəli mərasimlərdə, şənliklərdə iştirak qadağandır. Yas saxlayan həmçinin ət yeməməli, şərab içməməli, ağır iş görməməli, sənətkarlıqla, ticarətlə məşğul olmamalıdır. O, hətta dua oxumaqdan, xeyir-dua verməkdən belə azad edilir.
Yəhudi şəriətində dəfn mərasimində həddi aşmaq, ifrata varmaq doğru hesab olunmur. Belə ki, yaxın qohumlar mərhumun dəfnini layiqli şəkildə yerinə yetirməli, lakin kədəri ifadə etməkdə həddi aşmamalıdırlar. Vay-şivən qoparıb üz cırmağa, saç yolmağa, bədənə xəsarət yetirməyə və s. qətiyyən yol verilməməlidir. Lakin bunun əvəzində imkana görə kasıb insanlara sədəqə vermək adəti var.
Mərhumun dəfnindən sonra təşkil olunan ehsan süfrəsi haqqında xüsusi vurğulanmalıdır ki, yəhudilikdə bu məsələ ilkin mərhələdə İslamda olduğu kimi mərhumun qonşuları və dostlarının üzərinə düşür. Onlar yas saxlayanlara qayğı göstərməli və öz evlərindən yemək gətirməlidirlər. Adətən çörək, yumru kökə və suda qaynadılmış yumurta hazırlanır. Bunun da öz mənası var. Dairəvi formaya məxsus bu qidalar hüzn və kədərin “diyirləndiyini” – dünyada hər bir insanın onunla qarşılaşacağını xatırladır.
Dəfndən sonra yeddi gün yas saxlanılır və bu müddət ərzində müəyyən qaydalar tətbiq olunur. Məsələn, yas saxlayan şəxs şənbə günü sinaqoqa getmək istisna olmaqla, evdən bayıra çıxmır, təzə paltar geyinmir, intim münasibətlər yaşamır, dırnaq tutmur və bu kimi qadağalara riayət edir. Yas saxlanılan evdə güzgülər örtüklə örtülür, mərhumun canını tapşırdığı otaqda onun ruhuna yeddi gün şam yandırılır.
Yəhudilikdə yeddisindən sonra iyirmi üç gün də əlavə yas saxlanılır ki, bununla da bir ay tamamlanmış olur. Əgər mərhum ata, yaxud anadırsa, övladları on iki ay, yəni bir il yas saxlayırlar. Ənənəyə görə, yeddisindən sonra qəbirə başdaşı qoyulur. Bu, ailənin bütün üzvlərinin üzərinə düşən vəzifədir. Başdaşı sadə olmalı, insan, yaxud heyvan rəsmləri çəkilməməlidir. Qəbrin üzərinə əklil qoymaq da olmaz”.
Xristianlar mərhumu basdırandan sonra çimməyə gedir
Xristianlığın yasla bağlı adətlərində iudaizmlə oxşar cəhətlər olsa da, bu dinin özünəməxsus ayinləri, ənənəsi mövcuddur. Məsələn, pravoslavlarda dəfndən sonra mərhumun ailə üzvləri adətən yaxın qohumlarını, dostlarını, əzizlərini yas mərasiminə dəvət edirlər. Çağırılmayanlar isə mərasimdə iştirak etməməyə, bununla da ailəni maddi sıxıntıya salmamağa çalışırlar.
Ümumiyyətlə, dəfnə qədər evdə təmizlik işləri aparılır, yığılan zibillər yandırılır və ev buxar tüstüsü ilə ətirlənir. Mərhumun dəfninə qədər evdə xeyrat süfrəsi açılmasına tədarük görülür. Pravoslav ənənəsində “xeyrat süfrəsi” məfhumu qidanı dadmaqla icra olunan ibadət anlayışı ilə bağlıdır və müəyyən qaydalara əsaslanır. Bu mənada adətən xeyrat süfrəsi üç dəfə – mərhumun üçü, doqquzu və qırxı günü açılır – bu da müəyyən dini inancla – ruhun o biri dünyaya mərhələli köçməsi ilə bağlıdır.
Yas mərasimləri qəbirüstü ziyarətlə başlayır və evdə ehsan süfrəsi ilə davam edir. Süfrə ətrafında toplaşanlar təamdan dadmaqla dualar oxuyub, mərhumun yaxşı əməllərini xatırlayıb, şəxsi keyfiyyətlərindən bəhs edirlər. Ənənəyə görə, ilk sözü ailə başçısı deyir və daha sonra məclisi aparmaq yaxınların xahişi ilə hörmətli qonaqlardan birinə həvalə olunur. Ziyarətçilər gedəndən sonra mərhumun yaxınlarının gün batana kimi hamama gedib yuyunmaları da geniş yayılmış ənənədir.
İsrafa, dəbdəbəli həyatdan qaynaqlanan şan-şöhrətə mənfi münasibət xristianlığın əsas ehkamlarından irəli gəlir. Bu baxımdan dəbdəbədən uzaqlaşıb sadə həyat sürmək ənənəsi bu dində təsadüfi yaranmamışdır. Ona görə də yas mərasimlərinin şöhrətpərəstlik aləti kimi istifadəsi xristianlığın prinsiplərinə zidd hesab olunur. Bunu bütpərəstlikdən qalma adət hesab edənlər də var. Çünki bütpərəst inanca görə, təmtəraq və dəbdəbə ilə axirət yurduna yola salınan mərhumun aqibətinin yaxşı olacağına etiqad əski zamanlardan mövcuddur. Amma xristianlıqda bu inanc məqbul hesab edilmir.
Bir sözlə, iudaizmdə və xristianlıqda vəfat etmiş insan üçün dini ehkamlar çərçivəsində ehsan mahiyyətli xeyrat süfrələrinin açılması ənənəsi mövcud olsa da, israfa və ifrata yol verməmək əhəmiyyətli məsələ kimi hər iki dinin prinsiplərində özünü qabarıq büruzə verir.
Ümumiyyətlə, yas mərasimi ilə bağlı üç səmavi dində oxşar məqamlar kifayət qədərdir və məsələyə ümumi yanaşma, demək olar ki, eynidir. Təbii ki, bu, hər üç dinin ilahi mahiyyət daşımasından və ayrı-ayrı xalqların, toplumların bir-birilərinin mədəniyyətindən, adət-ənənələrindən bəhrələnməsi zərurətindən irəli gəlir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR