Ərdoğan “Gülən camaatı”ndan əl çəkmir: 14 nəfər də həbs edildi

65858_res_01Türkiyə hökumətinin “Gülən camaatı”na qarşı mübarizəsi davam edir. Camaatla əlaqəsinin olduğu iddia edilən daha 14 polis əməkdaşı həbs edilib, camaatın xeyriyyə təşkilatının fəaliyyəti isə dayandırılır.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya, Mersin, Hatay, Şanlıurfa və Diyarbəkirdə polis tərəfindən “paralel dövlət” əməliyyatlarının davamı olaraq keçirilən növbəti əməliyyatlarda 14 polis həbs edilib.

Əməliyyatlar zamanı aralarında Antalya Təhlükəsizlik İdarəsinin müdir köməkçisi, keçmiş Antalya Təhlükəsizlik Müdirliyinin kəşfiyyat şöbəsinin müdiri və köməkçisi də olan 14 nəfər saxlanılıb.

Camaata qarşı ikinci zərbə “Kimse Yok Mu” dərnəyinin bağlanılmasına hazırlığın getməsidir. Camaatın xeyriyyə dərnəyi Türkiyə Daxili İşlər Nazirliyindən icazəsiz heç bir yardım aksiyası keçirə bilməyəcək.

Dərnəyin Qurban bayramı ərəfəsində fəaliyyətinin dayandırılması planlaşdırılır. Artıq bununla bağlı Türkiyə hökumətinin də qərarı var. Yaxın günlərdə rəsmi əmrin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Ərdoğan hökumətinin “Gülən camaatı”na qarşı savaşı ötən ilin dekabrından başlayıb. Belə ki, dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarında aralarında 3 nazir oğlu da olmaqla xeyli sayda iş adamı həbs edilmişdi. Ərdoğan hökuməti bu həbslərin “paralel dövlət” qurmaq məqsədi ilə “Gülən camaatı” tərəfindən həyata keçirildiyini iddia edərək camaata qarşı açıq mübarizəyə başlamışdı. Bu günədək camaata aid xeyli sayda lisey və kurs bağlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR