Koroğlunun ariyasını kim oxuyacaq?

IMG-21-281x339Kişi müğənnilərimiz nazik səslə “kişnəyir”

Üç gün əvvəl Sumqayıtda toyda olarkən kürəyi metryarım olan kişi müğənnimizin yanıqlı səslə “Gül yanağım sooollmasınmı..” oxumasını görəndə dəhşətə gəldim. Kişi hara, “gül yanaq…” hara? Həm də kəl boyda müğənnimiz elə nazik səslə oxuyurdu ki…elə bil axtalanmış öküz mələyirdi… Bu hələ harasıdır..? Bir azdan cır səsli kəl müğənnimiz şahə qalxaraq “Baxdıqca oluram şad, saaa, Ağdam” misrası ilə başlayan təsnifi oxuyanda mən dəhşətə gəldim. Doğrudanmı biz bu dərəcədə səfeh, məntiqsiz və absurd bir cəmiyyətin üzvləriyik. 20 ildən artıqdır ki, Ağdam rayonu ermənilər tərəfindən işğal olunub, kəndləri xarabaya çevrilib, viran qoyulub, evlər yandırılıb, yüzlərlə ağdamlı şəhid olub, əsir düşüb. Qalanları isə yataqxanalarda dünyanın ən ağır yükü olan qaçqınlıq yükünü daşıyır. Belə olan halda hansı ağlı başında olan kəs “Baxdıqca oluram şad, saaa, Ağdam” deyə bilər. Hələ bu harasıdır? Bir azdan kəl müğənnimiz quyruğunu dalına atıb Ağdamın dalınca Laçını da “vəsf” etdi: “ Laçının hər yerdən gəlir sorağı” deyib nazik səslə kişnədi. Məntiqlə viranə Ağdama baxıb ancaq ermənilər sevinə bilər. Ancaq mən kimisə ermənilərə işləməkdə suçlayacaq dərəcədə sadəlövh deyiləm. Bu cür “vətənpərvər” ifaçılar, bəstəkarlar, şairlər, meyxanaçılar 3-5 nəfər olsaydı düşünərdim ki, yəqin “oşibka” olub. Ancaq bunlar 3-5 nəfər deyil. Bir də görürsən peysərin biri “ Düşmənlərə zəfər çaldıq, Yağılardan qisas aldıq” oxuya-oxuya ekranda əsl fırtına qoparır. Tutaq ki, müğənninin, şairin, bəstəkarın ağlı yerində deyil. Bəs telekanalın rəhbərliyi, orada əyləşənlər, seyriçilər hara baxır? Yoxsa elliklə bu bəlaya düçar olmuşuq? Axı dünyanın ğözü qarşısında ərazimizin 20 faizi işğal olunub, milyona yaxın qaçqınımız, erməni əsrliyində qız-gəlinlərimiz var. Biz necə “vəsf” mahnıları oxuya bilərik? Axı, “Vəsf zamanı deyil, afət”. Qalibiyyət və məğlubiyyət bəşəriyyətin, insanlığın yaşı qədərdir. Hansı millət məğlub olmayıb? Ruslarmı, türklərmi, fransızlarmı, yaponlarmı? Alman milləti İkinci Cahan Savaşında elə dəhşətli məğlubiyyətə uğradı ki, heç kim onların yenidən hegemon dövlətə çevriləcəyini gözləmirdi. Ancaq böyük məğlubiyyətin acısını dadmış alman xalqı bu gün dünyanın ən inkişaf etmiş millətlərindən biri, bəlkə də birincisidir. Ona görə də məğlubiyyətdən qorxmaq lazım deyil. Yalançı patriotizmdən, gicgici təfəkkürdən, məntiqsiz, xəstə vəsfkarlıq adlı mərəzdən qurtulmalıyıq. Doğrudan da biz elliklə bir mərəzə mübtəla olmuşuq. Görəsən bu mərəzin adı nədir? Bəlkə “beyinsizlik”? Bəlkə də başqa bir şey. Hər şey cəhənnəmə, fikirləşirəm ki, belə davam eləsə, 5-10 ildən sonra Koroğlunun ariyasını oxumaq üçün xaricdən müğənni transfer edəcəyik. Bəli, transferlərin ümidinə qalmışıq…

 Kamran Məhərrəmli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR