Məktəb bufetləri yoxlanıldı – NƏTİCƏLƏR + VİDEO

İstifadəsinə icazə verilməyən 32 çeşid ərzaq məhsulları mövcuddur.1

Yeni tədris ilinin başlaması ərəfəsində şagirdləri, xüsusən də valideynləri narahat edən məsələlərdən biri də məktəb bufetlərinin vəziyyətidir.

Qafqaznews.az  ANS TV-yə istinadən xəbər verir ki, məktəblərdə vacib olan məsələlərdən biri bufetlərdə satılacaq qidaların gigiyenik baxımdan nə qədər təmiz olmasıdır.

Çünki 5-6 saat dərsdə oturan şagirdlər, bu müddətdə kifayət qədər enerji itirir. Bunu da bərpa etmək üçün üz tuturlar məktəb bufetlərinə. Oradakı qidaların isə gigiyenik baxımdan təmizliyi, məhsulun keyfiyyəti qalır məktəb bufetini istifadə edən sahibkarın insafına.

Düzdür, məktəblərdə dərslər hələ başlamayıb, amma Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, məktəblərin əksəriyyəti yenidən təmirdən çıxdığı üçün, ilkin monitorinqin nəticələri sanitar-gigiyenik məsələlərdə problemin olmayacağını göstərir.

Ziyəddin Kazımovun sözlərinə görə, hər il olduğu kimi bu il də yeni tədris ilinin başlanmasına qədər, məktəblərin ümumi hazırlıq səviyyəsini araşdırılıb və aparılan araşdırmalar zamanı məlum olub ki, əksər məktəblər yeni tədris ilinə tam hazır vəziyyətə gətirilib.

Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən 32 çeşid ərzaq məhsulları mövcuddur. Əsas satılan isə bulka və un məmulatları kimi məhsullardır. Qadağan edilənlər çipsi, mayonezdən hazırlanan qidalar, ketçup, digər istiotlu qida məhsulları, qazlı sular, müxtəlif konserv məhsulları, kremli tortlar və bu kimi məhsullardır. Şöbə müdiri bildirir ki, bufetlərdə əsas araşdırmaların aparılması üçün Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınacaq. Çünki bufetlər məktəbə deyil, sahibkarlara məxsusdur.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirdilər ki, builki tədris ilində təhsil müəssisəsilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edəcək.

İlkin mərhələdə layihə Bakıda yerləşən 320-dən artıq dövlət təhsil müəssisələrini əhatə edəcək. Sahibkarlar isə təhsil müəssisələrini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən, standartlara cavab verən qida məhsulları ilə təmin edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR