“Samsung servis Plaza” təzə telefonu dəyərsiz əşyaya çevirib

Haqqı pozulan istehlakçı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edibimg1554036

Son vaxtlar ölkədə mobil telefon satışı şəbəkəsindən şikayətlər çoxalıb. Əksər hallarda vətəndaşlar aldıqları telefonların defektli çıxmasından, verilən zəmanətlərə əməl olunmamasından şikayətlənirlər.

Bu günlərdə redaksiyamıza analoji halla bağlı mobil telefon alarkən istehlakçı hüquqlarının pozulmasına dair müraciət daxil olub. Buzovna qəsəbəsinin sakini Camalov Maxac Hüseyn oğlu üzləşdiyi haqsızlıqdan şikayətlənir. Onun narazılığı isə “Samsung” mobil telefonlarına təmir xidməti göstərən “Samsung servis Plaza” şirkətindəndir: “İyun ayının əvvəlində “Nano Elektroniks” mağazasından(“Nərimanov” metrosunun yaxınlığındakı mağazadan) 1 illik zəmanətlə “Samsung S4-mini” telefonu aldım.
Alıb gətirən gündən telefonun enerjini yaxşı saxlamadığını gördüm. Həmin ərəfədə rayona istirahətə getdiyimiz üçün telefonu təmir xidmətinə apara bilmədim. Avqustun əvvəlində zəmanət kağızını da götürüb getdim xidmət göstərən “Samsung Servis Plaza”ya(F.Xoyski küçəsində yerləşir). Telefonu götürdülər, ustaların başının qarışıq olduğunu, bir həftə ərzində telefona baxılacağını və mənə xəbər ediləcəyini dedilər. Təxminən 5-6 gündən sonra özüm zəng vurub telefonun taleyi ilə maraqlandım. Dedilər, akkumulyatorunda problem var imiş, dəyişiblər, telefonu format ediblər. Səhəri gün gedib telefonu götürdüm. Evə gəldikdən sonra gördüm ki, telefonla 3G-dən istifadə etməyə başlayan kimi gələn zəngləri qəbul etmir. Yenidən təmir bürosuna üz tutdum. Bu dəfə 3 gündən sonra zəng vurdular. Getdim və dedilər ki, usta telefonu format edərkən 3G-ni tənzimləyən mikrosxem yanıbmış, yenisi ilə əvəz ediblər. Telefona baxdıqda, arxasından həqiqi mal olduğunu göstərən holoqramın çıxarıldığını gördüm. Evə gətirdim, cəmi 1 gün normal işlədi. Səhəri gündən başladı bir neçə saatdan bir donmağa, internet əlaqəsi zəiflədi.
 Mən yenidən “Samsung servis Plaza”ya gedəsi oldum. Yenə telefonu götürdülər, iki gündən sonra zəng vurub məni çağırdılar. Getdikdə isə mənə dedilər ki, telefonda heç bir problem aşkarlanmayıb. Sən demə, usta mənim əmlakım olan telefonu aparıb 2 gün işlədib, donma-qızma halı baş verməyib!!! Mən çox təəccübləndim və bunu deyən xanımdan telefondan holoqramın niyə çıxarıldığını, niyə akkumulyatoru defektli olan telefonun zərurət olmadığı halda format edildiyini, nə üçün indi problem olduğunun etiraf edilmədiyini soruşdum. Təəssüf ki, suallarıma yalnız “usta deyir, telefonda problem yoxdur” cavabını aldım. Holoqramı da “təsadüfən” çıxarıblarmış, yerinə köhnə birini yapışdırıblar. Belə olduqda mən telefonun məhz şirkətin günahı üzündən problemli hala gəldiyini, faktiki olaraq işlətməyin mümkün olmadığını deyərək, onun yenisi ilə əvəz olunmasını tələb etdim. Lakin şirkətdəkilər bunun mümkün olmadığını dedilər. Guya “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında qanunla mən telefonu alandan sonrakı 14 gün ərzində onu dəyişə bilərəmmiş.”
Beləliklə, şirkətin iddiası ilə razılaşmayan M.Camalov telefonu götürməkdən imtina edib. Daha sonra isə 195-2 qaynar xətti vasitəsilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib: “Oradan dedilər ki, qanun telefonun yenisi ilə əvəzlənməsinə icazə verir və təmir bürosundakıların iddiaları doğru deyil. Məsləhət gördülər ki, telefonu aldığım mağazanın da rəyini öyrənib sonra bir daha əlaqə saxlayım. Mən Nano Elektroniksin telefonu aldığım mağazasının rəhbərliyi ilə danışdım. Dedilər ki, “əgər telefon zəmanət müddəti dövründə 3-cü dəfə təmirə düşübsə, onda “Samsung servis Plaza” onun yenisi ilə əvəz olunması üçün akt tərtib edərək bizə göndərməlidir. O akt olarsa, bizim telefonu dəyişməyimizdə problem olmayacaq”. Beləliklə, “Samsung servis Plaza”nın nəyə görə 3-cü dəfə apardığımda telefonda hər hansı problem olduğunu təkidlə inkar etdiyini anladım. Məhz dəyişmək üçün lazım olan aktı tərtib etməmək üçün şirkət  telefonun 3-cü dəfə təmir olunmadığını bildirir. Yardım edə biləcəklərini düşünərək “Nano Elektroniks” şirkətinin müdir yardımçısı Faiq müəllimlə əlaqə saxladıq. Danışdıqdan sonra mağazadan onlarla birlikdə təmir bürosuna getməyimi istədilər. Daha sonra isə bürodan mənə 2-3 dəfə zəng vurub telefonu götürməyimi istədilər. Maraqlıdır ki, hər dəfə də mənə deyirlər ki, bu telefonların hamısı enerjini pis saxlayır. Əvvəla, həmin telefondan evdə biri də var və heç də enerjini pis saxlamır. İkincisi də əgər beləydisə, təmir bürosunda onun akkumulyatorunu niyə dəyişirdilər?!”
Vətəndaş “Samsung”un Azərbaycandakı baş ofisinə də müraciət edib. Lakin oradan da dərdinə əlac edən tapılmayıb. Bundan sonra M.Camalov Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət edib: “Bir neçə gündən sonra xidmətin rəisi Zahid İsayevin imzası ilə göndərilən məktubda şikayətimin icraya qəbul olunduğu və mənə əlavə məlumat veriləcəyi bildirildi. İndi gözləyirəm, görək xidmət mənim hüququmu müdafiə edə biləcəkmi?”
Şikayətçi bildirir ki, telefonu “Bolkart” vasitəsilə alıb: “Mən hələ 10 ay onun pulunu ödəyəcəm. Hamı bilir ki, nə qədər bahalı da olsa, arxası açılan telefonun dəyəri heç nə olur. Mənim təzə telefonumu “Samsung servis Plaza” dəyərsiz əşyaya çevirib.”
Mövzunu diqqətdə saxlayacağıq.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR