UNIBANK öz “qoçu dəstəsi”ndən imtina edir?

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, A1 yataqxana, ev 21-də qeydiyyatda olan, faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 15 V, mənzil 18-də yaşayan Həmid Nəsibov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edərək onu UNİBANK-ın qoçularından qorumağı xahiş edir. Həmid Nəsibov yazır ki: “09 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım  mənə zəng edərək bildirmişdir ki,dostu Sahil  “Mersedes Benz” markalı avtomaşın almaq istəyir.  Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa gərarlaşdırmışlar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki,həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək, və səni heç kim,heç vaxt narahat etməyəcəkdir.

Beləliklə, mən “Unibank”-a gedərək orada 09 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinəəsasən, mən , bankdan 23.800 manat məbləğində pul götürmüşdüm. Götürdüyum pulları 24 ay ərzində banka qaytarmalı idim. Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34.000 manat dəyərləndirilmişdir. Bundan sonra mən, Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyəəsasən, mənim əvəzimə banka pul Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu,yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdır.Bundan 5 ay keçdikdən sonra Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar.Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyini də mənə bildirmişdir. Bildiyimə görə bir neçə vaxtdan sonra maşın oğruları tutularaq məhkəməyə verilmişlər.

Xətai rayon məhkəməsi həmin ogrular barəsində həbs-qəti imkan tədbiri seçmişdir. Məhkəmə tərəfindən “Unibank”-a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmuşdur.Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın, bank tərəfindən MBASK sığorta şirkətində dərhal da sığortalanmışdır. Belə hesab edirəm ki, “Unibank” hər halda ona dəyən ziyanı tamamilə almışdir.Bu hadisədən təxminən 5 ilə yaxın vaxt keçdikdən sonra, Sabunçu rayonu icra məmuru məni yanına çağıraraq, 2009-cu ilin yanvar ayının 23 –ü Sabunçu rayon məhkəməsi tərəfindən çıxarılmış qiyabi qətnamə ilə tanış etmişdir. İcra məmuru Ağamirzə qətnamə ilə məni tanış edərək, oğurlanmış avtomobil hərrac yolu ilə 3.400 manata satıldığını bildirmişdir.Mən ona deyəndə ki, həmin avtomaşının dəyəri 34.000 manat olduğu halda , bunu 3.400 manata neçə satılır, içra məmuru mənə bildirmişdir ki, “bu mənlik deyil,məhkəmə qərar çıxarıb mən icra etməliyəm”.İcra məmuru Ağamirzə mənə demişdir ki,sən mənə 1.000 manat pul versən, mən bu işi yoluna qoyaram.Mən ona bildirdim ki, “maşın oğurlanıb, cinayətkarlar məlumdur və cəzalarını alıblar.

Bundan başqa banka dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilib.Belə olan halda mən nəyə görə sənə bu pulu verməliyəm?! Bu söhbətdən sonra Ağamirzə mənimlə daha heç bir əlaqə saxlamamışdır. Mənə 2014-cü ilin avqust ayının əvvəllərində «Baku Collekting Agency»-dən zəng olunmuşdur və bildirmişdilər ki , mənim “Unibank”-a 19.500 manat borcun qalmışdır.Agentliyin əməkdaşı Nizami İbrahimovla görüşümüzdə, ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir,mənim pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur.Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim.Onlar Sahil ilə əlaqə saxladıqdan sonra,Sahilə təklif etmişlər ki,banka olan 18.921 manat borcun 8.921 manatı bank tərəfindən bağışlanmasına nail olacaqlar.Şirkətin əməkdaşları Sahili inandırmağa çalışmışlar ki, yerdə qalan 10.000 manatın – 4.000 manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6.000 manat 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcəkdir.

Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmadığına görə, mən “Qafqaz Hüquq Mərkəzi”-nə müraciət etməyə məcbur oldum”. Bir müddət sonra “Baku Collekting Agency” Həmid Nəsibova bildiriş göndərir ki, əgər banka olan borcunu ödəməsən dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunacaqsan.

Bununla kifayətlənməyən Nizami İbrahimov bildirişləri Həmid Nəsibovun yaşadığı həyətin divarlarına yapışdıraraq onu qonşular arasında biabır edib. Bütün bunlara aydınlıq gətirmək üçün “Baku Collekting Agency”-nin nümayəndəsi Nizami İbrahimovla əlaqə saxlasaq da, o, bizim suallarımız a cavab vermək istəmədi. Belə olan halda UNİBANK-ın nümayəndəsi Yevgeni Sultanova müraciət etdik. O , bildirdi ki, müştəridən pulu almaq üçün biz heç bir kənar xidmətdən istifadə etmirik. “Qafqaz Hüquq Mərkəzi”nin əməkdaşı Cəmilə Tarıverdiyeva isə qafqaznews.org-a bildirib ki, banka girov qismində qoyulan hər bir girov oğurlanarsa bütün borc öhdəliklərini sığorta şirkəti ödəyir və bankın Həmid Nəsibova qarşı iddiası əsaslandırılmayıb. Tarıverdiyevanın fikrincə əgər bank həqiqətən də “Baku Collekting Agency”-nin xidmətindən istifadə etmirsə, onda Nizami İbrahimovun hərkətləri birbaşa CM-nin 178-ci maddəsinə uyğun gəlir və iki ilədək cəza gözlənilir. Cəmilə Tarıverdiyeva onu da bildirdi ki, Nizami İbrahimovun hərəkətləri CM-nin 182-ci maddəsi ( təhqiredici məlumatın yayılması ) 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə də yekunlaşa bilər.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.org )

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR