Yalançı qadağa?

140121_5365Azərbaycanda istifadəsi və satışı qadağan edilən dərmanların siyahısı açıqlanıb. Qeyd edək ki, sentyabrın 27-də müxtəlif dərmanların bəzi seriyalarının satışı və istifadəsinin qadağan edildiyi barədə məlumat yayılmışdı. Səhiyyə Nazirliyindən Trend-ə bildirilmişdir ki, buna səbəb həmin dərmanların  Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir. Nazirliyin siyahısında müxtəlif dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib. Satışı və istifadəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin – Türkiyə, Rusiya, Belarus, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstanın istehsalıdır. Qadağan edilən dərman seriyaları arasında Türkiyə istehsallı dərmanlar üstünlük təşkil edir. Biz də Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az) olaraq, bu məsələni araşdırmaq və bu qadağa barədə apteklərin məlumatı olub-olmadığını öyrənmək üçün firmaların aptekləri ilə əlaqə saxladıq. “Avromed” firmasının Ş.Qurbanov küçəsində yerləşən apteki ilə əlaqə salxadıqda, aptekin işçisi Qönçə Talıblı bildirdi ki, bu qadağa barədə xəbərimiz yoxdu və bizə bu barədə məlumat verilməyib.

Növbəti dəfə “Riyad Farm” firmasının Ə.Haqverdiyev küçəsində yerləşən apteki il əlaqə saxladıq. Aptekin işçisi Abdulla(familiyasını demədi) bildirdi ki, bizim bu haqda məlumatımız yoxdur. “Lider Farm” firmasının Ə.Əhmədov küçəsində yerləşən apteki ilə əlaqə saxladıq və eyni ilə bu aptekin işçisi Vəfa Səmədova da bildirdi ki, bu qadağa barədə xəbərimiz yoxdu və bu haqda bizə məlumat verilməyib. Qafqaznews.az bu məsələni daha dəqiq öyrənmək üçün SN-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. “Bizim bu qadağa haqda məlumatımız yoxdur” ,– mətbuat xidmətinin rəhbərinin müavini Səfayə Əhmədovanın cavabı belə oldu. Biz Milli Məclisin deputatı İqbal Ağazadədən Səhiyyə nazirliyinin qərarını şərh etməyi xahiş etdik. “Əgər hansısa bir dərman preparatına qadağa qoyulubsa, bununla bağlı ilk növbədə gömrük xidmətinə məlumat verilməlidir, ikinci növbədə dərman depolarına və dərman preparatlarının satışı üçün lisenziya almış şirkətlər xəbərdarlıq edilməlidir. Üçüncü növbədə isə SN-nin xüsusi nəzarət xidməti apteklərdən bu dərmanların yığışdırılmasına nəzarət etməlidir”. Deputat onu da əlavə elədi ki, dərman gətirənlər müalicə barədə düşünmür, sadəcə fikriləşir ki ,bundan nə qədər pul qazanacaq, ona görə də apteklərdən dərmanları çıxarmaq maraqlı deyil. “Bəs mətbuat xidmətinin nazirliyin qərarından xəbəri olmaması haqda nə deyə bilərsiz?” sualına İ.Ağazadənin cavabı belə oldu: “Ya Səhiyyə Nazirliyi, mətbuat xidmətinin varlığı ilə yoxluğunu nəzərə almır, yaxud da bu strukturun işi düzgün qurulmayıb”

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR