Azərbaycanda epidemiya təhlükəsi ?

siyale_420x250Ucar rayonunun Təzə Şilyan kəndində xəstəlikdən 100-ə yaxın mal-qara tələf olub

Kənd sakinlərinin bildirdiyinə görə Təzə Şilyan kəndində nodulyar dermatit virusu mal–qaranı məhv edib. Sakinləri narahat edən məsələlərdən biri isə baş vermiş hadisə ilə bağlı müvafiq qurumların maraqlanmamasıdır. Baytarlıq idarəsi xəstəliyin qarşısının alınması məqsədilə heç bir tədbir görmür.

“Şikayət edirik, amma bizi dinləyən yoxdur. Axı ölən mallar bir deyil, iki deyil. Hələ bunlar bir həftə ərzində ölənlərdir”, -deyə sakinlər bildirir.  Onlar tələb edirlər ki, Baytarlıq idarəsi xəstəliyin digər heyvanlara keçməməsi üçün  müvafiq tədbilrər həyata keçirsinlər. Kənd sakinləri xəstəlikdən ölən mal-qaranın sayının sürətlə artacağından narahatdır. (Ans Press)

Dövlət Baytarlıq Xidməti Ucar rayonunun Təzə Şilyan kəndində kütləvi heyvan ölümünü təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin  dediklərinə  görə, deyilənlərdə müəyyən həqiqət olsa da,  tam həqiqəti əks etdirmir. Həmin kənddə 5-6 heyvan tələf olub.(Aznews.az)

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az) olaraq bu məsələni araşdırmaq üçün  kənd sakini  Sakit Haciyev ilə əlaqə saxladıq.

“Həqiqətən doğrudur mal-qaraya xəstəlik yayılıbdır. 70-80 baş mal-qara tələf olub. Mənim kürəkənimin bir baş malı  ölüb,  Şirinov  Şirazinin bir neçə malı tələf olub. Hələ elə adam var ki, qapısında mal qalmayıb, hamısı qırılıbdır”  – bunu kənd sakini bildirdi.

Biz də Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az) olaraq kənd sakinlərinin dediyinə münasibət bildirməsi üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli  ilə  telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz uğursuzluqla nəticələndi.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR