DMX-nin rəisi azad sahibkarla qaçaqmal alverçisini səhv salır

“Asmet LTD”-nin rəhbərliyi  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etməyə hazırlaşır

Məlumdur ki, 70 illik  sovet dönəmində  bazar iqtisadiyyatı, azad sahibkarlıq, biznes faəliyyəti,  inhisarçılıq, sağlam rəqabət  kimi anlayışlar olmayıb.  Adına planlı iqtisadiyyat  dediyimiz  sfera ancaq inzibati (administrativ) metodlarla idarə olunub. Yəni o  dövrün  dili ilə desək  iqtisadiyyata  “NKVD”, “OBXSS”, “Narkontrol”  kimi qurumlar nəzarət edib.

Ölkəmiz  20 ildən artıqdır ki,  müstəqillik əldə etsə də, bazar iqtisadiyyatı yolunu seçsə də hələ də bəzi iri məmurlarımız  köhnə metodlarla yoxlamalar keçirmək,  azad sahibkarlığı  öz nəzarətlərində saxlamaq istəyirlər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə  hakimiyyətə gələndə  bu  könhə xəstəliyin  fəsadlarını anındaca hiss eləyib məmurlara dəfələrlə xəbərdarlıq elədi ki, azad sahibkarlığa müdaxilə etməyin, yersiz yoxlamalara  son qoyun. Hətta dövlət  başçısı hiss edəndə ki, xəbərdarlıqlar  yetərli deyil, onda qanunsuz yoxlamaların qarşısını aımaq üçün  qanunlar, fərmanlar və sərəncamlar imzaladı.

Ancaq bu bir faktdır ki, ölkəmizdə sahibkarların işinə qanunsuz olaraq müdaxilə edənlərin sayı azalmır.  Nəinki iri məmurlar, adi  patrul polisi də,  “uçastkovı”  da  biznes sahəsində yoxlamalar keçirmək istəyir.

Buna  görə də Prezidentin 15 fevral  2011-ci ildə fərmanla təsdiq elədiyi  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin  forması və aparılması qaydası haqqında Əsasnamə”nin  1.5-ci bəndində göstərilib ki: “Sahibkarlıq sahəsində  aparılan hər bir yoxlama  reyestrdə qeydiyyata alındıqdan sonra  həyata keçirilə bilər”.

Problemin  çox dərin və ağrılı olduğunu görən Prezident İlham Əliyev yoxlamaların tənzimlənməsi ilə bağlı  28 avqust 2013-cü il tarixdə daha bir sənədə imza ataraq  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etdi.

Ancaq  Dövlət Miqrasiya  Xidmətinin rəisi Firudin Nəbiyev kimi iri ranqlı məmurlar hələ də  “Bəlkə də qaytardılar…” xülyası ilə yaşayır  və günün birində “NKVD”-nin, “OBXSS”-in işə düşəcəyini düşünürlər.

Belə məmurlar  kefləri istəyəndə yoxlama keçirib iş adamlarını cəzalandırmaq, onlardan istədiklərini almaq istəyirlər. Ayının 100  oyunu bir armudun başında olan kimi belə məmurların məqsədi də ancaq rüşvət və korrupsiyadır.  Ölkə başçısı korrupsiyaya qarşı ciddi mübarizə apardığı, ortaya siyasi iradə qoyduğu və  korrupsiyaya qarşı mübarizədə xalqdan  kömək istədiyi bir zamanda Firudin Nəbiyev kimi məmurlar  bildiklərini edirlər, iş adamlarını dövlət başçısının yeritdiyi  siyasətdən narazı salırlar, ölkəmizin imicinə kölgə salırlar. Ən təhlükəlisi odur ki, Firudin Nəbiyev kimi məmurlar zamanı gələndə “Biz  xırda adamlarıq …hər şey yuxarıdan  deyilir”  bəhanəsi ilə öz əməllərinə bəraət qazandırmaq, hər şeyi “yuxarı”nın üstünə atmaq istəyirlər. Ən təhlükəlisi budur.

Görəsən, kim Firudin Nəbiyevə  deyib ki,  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”  Azərbaycan Respublikasının Qanununu pozaraq  Ədliyyə Nazirliyinin çıxarışı olmadan yoxlama keçirsin? Əlbəttə, heç kim.

Bu birinci dəfə deyil, ikinci dəfə deyil, üçüncü dəfə deyil ki…

Dəfələrlə Qafqaz Xəbər Agentliyi olaraq  DMX əməkdaşlarının qanunsuz əməllərindən yazmışıq.

Biz hər dəfə yazı dərc edəndən sonra DMX-nin Baş idarəsi səviyyəsində iclaslar keçirərək, yazdıqlarımız müzakirə olunurdu.

Ancaq Türkiyə vətəndaşı, “Asmet LTD”-nin keçmiş direktoru Mehmet  Uğursevənlərin başına gələnləri, onun müraciətini dərc edəndən sonra məsələyə DMX-nin rəisi Firudin Nəbiyev özü qarışmalı olur.  Rəis problemi müzakirə edib  düzgün nəticə çıxartmaq əvəzinə  öz  “sağdış və soldış”larına tapşırıb ki, heç nədən çəkinmnəyin, işinizdə olun.  Rəis onu da bildirb ki, Qafqaz Xəbər Agentliyi reket  mətbuat orqanıdır.

Biz rəisin nəzərinə çatdırmaq istəyirik ki, bizim agentlik fəaliyyət göstərdiyi müddətdə heç vaxt Mətbuat Şurasının reket siyahısında olmayıb. Qoy rəis özünə əziyyət verib öyrənsin. Əksinə biz  bəzi reket məmurlara qarşı mübarizə aparırıq. Həm də  reket təkcə mətbuatda olmur ki,  Firudin Nəbiyevin rəhbərlik etdiyi  DMX-də də reket əməkdaşlar az deyil.

Elə sonuncu yazılarımızdan sonra bir neçə başqa şirkətlərin rəhbərləri  bizə müraciət edərək  DMX-nin Baş idarəsinin rəis müavini Rövşən Səfərovun və həmin Baş idarənin şöbə rəisi Qüdrət Məmmədovun keçirtdiyi  qanunsuz yoxlamalarla bağlı faktlar təqdim ediblər. Bu iki  şəxsin rəhbərliyi ilə şirkətlərdə qanunsuz yoxlamalar aparılıb  və Ədliyyə Nazirliyinin çıxarışı olmadan  yoxlamalar aparılır, ofislərə az qala basqın edilir və…sonda Ədliyyə Nazirliyindən çıxarış alınır. Səbəb də odur ki, yoxlama zamanı hər hansı fakt aşkarlanmasa bu DMX-ə problem yaradır.

Ancaq əslində bu ciddi qanun pozuntusudur. Çünki, Prezidentin 15 fevral  2011-ci ildə fərmanla təsdiq elədiyi  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin  forması və aparılması qaydası haqqında Əsasnamə”nin  1.5-ci bəndində göstərilib ki: “Sahibkarlıq sahəsində  aparılan hər bir yoxlama  reyestrdə qeydiyyata alındıqdan sonra  həyata keçirilə bilər”.  “Asmet LTD”-yə gələndə isə DMX əməkdaşlarının əlində çıxarış olmayıb.

Qanunsuz yoxlamalar  bir yana DMX-nin əməkdaşları, konkret olaraq şöbə rəisi Qüdrət Məmmədov  insanlığa yaraşmayan hərəkət edərək uzun müddət şəkər xəstəsi olan  Mehmet Uğursevənlərə zəng edərək hədə-qorxu gəlir, onun həbs olunacağını bildirir, insanı ölümcül həddə çatdırırlar.

Əli hər yerdən üzülən Tükiyəli iş adamı isə bildirir ki, əgər  mən həyatımı itirsəm, DMX-nin rəhbərliyi buna görə məsuliyyət daşıyacaq. Və bütün bu qanunsuzluqlarla bağlı “Asmet LTD”-nin rəhbərliyi  Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşır.

Bütün bu problemləri saf-çürük edəndə  bu nəticəyə gəlmək olur ki, DMX-nin rəisi  Firudin Nəbiyev öz yerində deyil. Adətən belə məqamda deyirlər ki, ölkə başıçısı ona etimad göstərib. Nə olsun?  Prezident  sabiq nazirlər  Əli İnsanova da, Fərhad Əliyevə də və digərlərinə də etimad göstərmişdi. Ancaq onlar etimadı doğrultmadılar. Firudin Nəbiyev kimiləri də eləcə. Etimadı doğrultmurlar, yəni layiq olduğu yerdə deyillər.

Bəli, Firudin Nəbiyev  vəzifə pilləkənləri ilə az qala tullana-tullana, hoppana-hoppana keçib gəlib DMX-nin rəisi olub.

Belə ki,  27 mart  2001-ci ildə Elçin Quliyev  Sərhəd Qoşunlarının komandanı təyin ediləndən bir neçə ay sonra, daha dəqiqi desək 24 sentyabr 2001-ci ildə hərbi xidmətə heç bir aidiyyəti olmayan kiçik leytenant Firudin Nəbiyevi özünə müavin gətirdi. Yəni kiçik leytenant onlarla kapitana, mayora əmr verməyə başladı. Hətta şahidlərin dediyinə görə kimlərsə ona rütbəsilə müraciət edəndə rəis müavini utanırmış.

Amma biz utanmırıq, cənab Nəbiyev! Çünki sizdən fərqli olaraq biz işimizin peşəkarlarıyıq. Həm də reket deyilik..

Sonda DMX-nin rəisinə bir məsləhətimiz var. Sizin də “çörək yediyiniz” dövlət büdcəsinə milyonlarla vergi ödəyən, xalqa ləyaqətlə qulluq edən, dövlətini sevən iş adamları ilə  cinayətkarları, “qaçaqmal alverçilərini”  qarışdırma haaa…

Görünür, DMX-nin rəhbərliyinə daxil olan şəxslərin çoxu Dövlət Sərhəd Xidmətindən bura “transfer”  olduğu üçün sərhəd xidməti ilə miqrasiya xidmətini səhv salırlar.

Biz hələ keçən il Firudin Nəbiyevlə bağlı  Türkiyədə, İstanbul aeroportunda  baş vermiş maraqlı  hadisə haqda yazını gələn saylarımıza saxlamışıq. Buna görə də bizi izləyin.

Mahmud Rasimoğlu

 Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR