Dövlət qadağan etməyən ehsanı məmurlar qadağan edir

1

Şəmkirdə icra nümayəndələri yas məclislərini dağıdır, ölü sahiblərinə divan tuturlar.

Bu barədə ANS PRESS-in “qaynar xətti”nə rayonun Keçili kənd sakini Elnur Səfər oğlu Məsimov şikayət edib. Onun sözlərinə görə, dünən 62 yaşlı atası Səfər kişi rəhmətə gedib.
Elnur Məsimov deyir ki, qohum-qonşusuna rəzil olmamaq üçün ailə dünyasını dəyişən şəxs üçün ehsan məclisi təşkil etmək istəyirlər. Bunun üçün dana da kəsiblər. Lakin kənd bələdiyyəsinin sədri Vahid Verdiyev xəbərdarlıq edib ki, ehsan vermək qadağandır.

“Vahid müəllim deyir ki, əgər ehsan versəniz, gəlib yas məclisini dağıdacağıq. Qazanları aparacağıq. Mən təmtəraqlı ehsan vermək istəmirəm. İstəyirəm ki, halva-çörək, çay, xurma və dədə-baba qaydası ilə aş verək. Bunu qadağan etməklə müstəqil Azərbaycanda hüququmuzu əlimizdən alırlar”, – deyə Elnur Məsimov şikayətlənib.

Məsələ ilə bağlı kənd İcra nümayəndəsi Vahid Verdiyev bildirib ki, həqiqətən də, ehsan qadağası onun tərəfindən verilib.
“İcra Hakimiyyətindən mənə xüsusi tapşırıq verilib. Televiziyada da buna qadağa qoyulması barədə tapşırılıb. Halva-çörəyə razıyıq, versinlər. Amma aş vermək olmaz. Buna imkan verməyəcəyəm!”, – deyə Vahid Verdiyev bildirib.

Məsələni aydınlaşdırmaq üçün Şəmkir rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Fəxrəddin Vəliyevin verdiyi məlumata görə, məsələ araşdırılacaq.(Ans)

Biz də Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq bu məsələni araşdırmaq üçün Şəmkir rayon Keçili kənd İcra nümayəndəsi Vahid Verdiyevlə əlaqə saxladıq.
Müxbirimizin sualına Vahid Verdiyev belə cavab verdi: “Bəli, biz ehsanı qadağan eləmişik”

Şəmkir rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə İcra başçısınn köməkçisi Mahir Əliyev bildirdi ki:
“Əhalinin müraciətini nəzərə alaraq Şəmkir rayon icra başçısı tərəfindən ehsan verilməsi qadağan edilmişdir”.

“Bu ehsanların qadağası haqqında qeyri-qanuni qərarı qəbul edən icra başçısı və bu qərarı yerinə yetirən icra nümayəndəsi məsuliyyətə cəlb olunmalıdır” – bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR