ARDNŞ-in eyni idarəsində daha bir qəza: 1 ölü, 3 yaralı, 1 itkin

70976_res_01

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) Azneft baş verib.

Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu gün saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı 60 metrlik estakadada uçqun baş verib. Uçqun nəticəsində estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.

Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb.

Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan bir nəfəri dünyasını dəyişib.

ARDNŞ-dən bildirilib ki, dənizə düşməsi ehtimal edilən daha bir nəfərin axtarış işləri davam etdirilir. “Qaradağ-10”, “PS-158”, “PSK-51”, “Ağdərə-4”, “PSK-31”, “Orion-4”, “Şirvan-2”, “Zərdab-3” gəmiləri axtarış işlərinə cəlb olunub. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, oktyabrın 23-də də “Azneft” İB N.Nərimanov adına NQÇİ ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən partlayış baş vermişdi.

O vaxt itkin düşmüş 4 nəfər işçidən 3-nün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-in və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarlımışdı. Daha sonra isə daha bir nəfərin cəsədi tapıldı.

Həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğlu, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlu idi.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR