“Qafqaz Hüquq Mərkəzi”nin Baş direktoru Firudin Nəbiyevə müraciət etdi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Firudin Nəbiyevə

Hörmətli Firudin müəllim!

Məlumat üçün bildiririk ki, “ŞANXAY” MMC-nin direktoru Yang Songliang “Qafqaz Hüquq Mərkəzi” MMC -ə müraciət edərək DMX-nin əməkdaşlarının 13.11.2014-cü il tarixdə, saat 15:10-da və 19:35-də rəhbərlik etdiyi “Masaj Salonu”-na daxil olaraq orada qanunsuz yoxlama apardıqlarını, işçilərinə məxsus “müvəqqəti yaşamaq üçün iş icazəsi vəsiqələri” -nin alındığını, bunun nəticəsində hüququnun pozulduğunu və bütün bunlarla bağlı ona hüquqi xidmət göstərməyimizi istəmişdir. 19 noyabr 2014-cü il tarixdə “ŞANXAY” MMC ilə “Qafqaz Hüquq Mərkəzi” MMC arasında 02 nömrəli “hüquqi xidmət haqqında” müqavilə bağlanmış və təmsil olunan şəxs “ŞANXAY” MMC-nin direktoru Yang Songliang tərəfindən 19.11.2014-cü il tarixli etibarnamə verilmişdir. Həmin etibarnamə ilə təmsil olunan şəxsin adından qanunvericliklə müəyyən olunmuş bütün prosessual hərəkətlərin edilməsi rəsmiləşdirilmişdir.

Qeyd olunan məsələ ilə bağlı təmsil olunan şəxsin adından DMX-də iştirak etmək üçün telefon vasitəsilə DMX-nin şöbə rəisi Qüdrət Məmmədovla əlaqə saxlanılmış, lakin şöbə rəisi “ŞANXAY” MMC-nin (etibarnamə ilə təmsil olunan şəxs) direktoru olmadan DMX-də iştirakımızın təmin olunmasını qeyri mümkün hesab etmişdir. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün “ŞANXAY” MMC-nin direktoru Yang Songliang tərəfindən etibarnamə verilmişdir. Lakin buna baxmayaraq həmin etibarnamə ilə müvafiq səlahiyyətlərə malik olmağımız DMX-nin şöbə rəisi tərəfindən nəzərə alınmamış və məlum məsələ ilə bağlı DMX-də iştirak etməyimizə şifahi qaydada imtina edilmişdir. Hesab edirik ki, DMX-nin şöbə rəisi Qüdrət Məmmədovun bu cür mövqe nümayiş etdirməsi mövcud qanunvericiliyin müvafiq tələblərinə ziddir və etibarnamə üzrə səlahiyyəti rəsmiləşdirilmiş şəxsin DMX-də iştirakının məhdudlaşdırlması qanunla yolverilməzdir.Buna görə də qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirik ki, DMX-nin əməkdaşlarının 13.11.2014-cü il tarixdə, saat 15:10-da və 19:35-də “ŞANXAY” MMC-də apardığı yoxlama ilə bağlı təmsil olunan şəxsin adından DMX-də iştirakımızın təmin olunması barədə aidiyyəti şəxslərə göstəriş verəsiniz.

Hörmətlə,“Qafqaz Hüquq Mərkəzi” MMC-nin Baş direktoru Samir İsmayılov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR