Taleh Qaraşovun oğlu təşvişə düşüb

20140208153923!Taleh_QaraşovBölmə rəisi ilin 11 ayını xaricdə “qastrol”da olur

Bir neçə gün öncə Bakı ŞBPİ-nin yeni rəisi Mirqafar Seyidovun mülki geyimdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə şikayətçi kimi gələrək…öz əməkdaşlarının nizam-intizamını, “ayıq-sayılqlığını” yoxlaması barədə mətbuatda məlumat getmişdi. Hətta məlumatda o da qeyd olunurdu ki, bölmənin əməkdaşları “şikayətçi”yə bildiriblər bir az gözləməli olacaqsınız. Ancaq PB-nin əməkdaşlarına “şikayətçi”nin həqiqi kimliyi məlum olanda vəziyyət biraz gərginləşib.
Qafqaz Xəbər Agentliyi bildirir ki, hətta bu xəbərdən sonra mətbuatdan qaçmağa üstünlük verən 8-ci PB-nin rəisi Vüsal Qaraşov teleqraf.com saytına müsahibə vermək məcburiyyətində qalıb.
Sözün düzü, bizim üçün maraqlı olan odur ki, paytaxt polisinin yeni şefi niyə yolunu məhz 8-ci PB-dən salıb? Axı, Bakıda onlarla polis bölməsi var.
Məlumat üçün bildirək ki, 8- ci PB-nin rəisi Vüsal Qaraşov Lənkaran şəhərinin icra başçısı Taleh Qaraşovun oğludur. Əlbəttə bölmə rəisinin kimin oğlu olması o qədər də önəmli deyil, önəmli olan dövlətin ona göstərdiyi etimada necə məsuliyyətlə yanaşmasıdır…Onsuz da Bakı qarnizonuna məxsus olan 40 polis bölməsi rəislərinin əksəriyyəti məmur balalarıdır. Vüsal Qaraşov da olsun 40-dan biri.
Ancaq Qafqaz Xəbər Agentliyinin əldə etdiyi məlumatlara görə, Bakı BPİ-nin yeni rəisinin ilk addımının Səbail RPİ-nin 8-ci PB-dən başlamağı heç də təsadüfi deyil, yəni Vüsal Qaraşov “ 40-dan biri” deyil, ən azı ona göstərilən dövlət vəzifəsinə məsuliyyətsiz yanaşmasına görə.
Məlumat üçün onu da bildirək ki, Vüsal Qaraşov 8-ci PB-nin rəisi olmazdan öncə 11-ci PB-nin rəisi olub. Və o vaxtlar da, elə indi də məsuliyyətli bir postda olmasına baxmayaraq ilin 11 ayını xarici ölkələrdə olur.
Bir soruşan yoxdur ki, Vüsal Qaraşov diplomatdır, incəsənət xadimidir nədir ki, bu qədər “qastrolda” olur…Bölmə rəisi ilin bütün günləri, günün bütün saatları öz “uçastkası”nın keşiyində durmalıdır. Görünür, Vüsal Qaraşovun “uçastkası” dünyanın müxtəlif guşələrində yerləşir. Bölmə rəisinin xəbəri birdən İstanbuldan gəlir, məlum olur ki, orda şərikli tikdirdiyi göydələnlərə baxmağa gedib…
Birdən oğul Qaraşovun səsi Tiflisdəki kazinolardan eşidilir və məlum olur ki, cənab rəis qonşu ölkədə xeyli “ziyana” düşüb.
Belə işçilərə sovet dövründə “ölü canlar” deyərdilər, ancaq insaf naminə demək lazımdır ki, o vaxt hüquq-mühafizə orqanlarında belə “myortvı duşlar” olmazdı. Bu da günümüzün acı reallığıdır.
Böımə rəisi hara, “ölü can” olmaq hara ..?
Bizim məqsədimiz kiminsə fəaliyyətinə kölgə salmaq, şübhə toxumu səpmək deyil. Kimin, o cümlədən DİN-in Daxili Təhqiqatlar İdarəsinin zərrə qədər şübhəsi varsa, buyursun MAPS-dan oğul Qaraşovun ölkədən xaricə gediş-gəlişi ilə bağlı arayış alsın. Onda hər şey aydın olacaq.
Yəni Bakı ŞBPİ-nin yenicə təyin olunan rəisi yolunu 8-ci PB-dən təsadüfən salmayıb. Bizə elə gəlir ki, peşəkar əməliyyatçı olaraq cənab Mirqafar Seyidovda bölmə rəisləri barədə kifayər qədər dürüst məlumatlar var.
Yazıya əlavə olaraq onu bildirək ki, bu gün Bakının iş adamlarını əksəriyyəti bilir ki, Beyləqanlı İlham adlı iş adamı və Vüsal Qaraşov Bakıda və İstanbulda şərikli ev inşaatı ilə məşğuldurlar.
Onu da qeyd edək ki, Beyləqanlı İlham Vüsal Qaraşovdan əvvəl Nehrəmli Hacı İbrahimin qardaşı ilə ev inşaatında şərik olub. Son vaxtlar keçmiş şəriklərin mübahisəsi “Yeni Müsavat” qəzetində mütəmadi olaraq işıqlandırılır.
Bir sözlə, bəzi bölmə rəislərinin müxtəlif ölkələrə şübhəli səfərləri ilə bağlı araşdırmalarımız davam edir.
Bizi izləyin.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR