“ÇAĞIMIZDAN GÖRÜNƏN ORTA ƏSRLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS ÖZ İŞİNƏ BAŞLADI

Foto-1Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)bildirir ki, dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Öncə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq A.Rüstəmovanın Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətlərindən danışdı. Bildirdi ki, alim Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışarkən qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tarixi-nəzəri problemlərinə dair qiymətli əsərlər yazıb.
Alimin elmi fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən danışan İ.Həbibbəyli qeyd etdi ki, Azadə xanım güclü analitik təfəkkürə malik olan, müqayisəli idrak metodlarından yerli-yerində, səmərəli istifadə edə bilən, ədəbi-tarixi materialları dərindən öyrənən, təhlil edən, təhlillərini müasir elmi-nəzəri problemlərlə əlaqələndirən görkəmli ədəbiyyatşünas alimlərimizdən biri idi.
İ.Həbibbəyli onu da vurğuladı ki, alimin ədəbi fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edir. Fəaliyyətini orta əsrlər ədəbi mühitinin tədqiqinə bağlayan A.Rüstəmova klassik şeirimizdə obraz və xarakterləri təhlil edib, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirib, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini araşdırıb. Azadə xanımın elmi yaradıcılığı əsasən klassik Azərbaycan ədəbiyyatının öyrənilməsi üzərində qurulub. Onun tədqiqatları təkcə görkəmli sənətkarların yaradıcılıqlarının öyrənilməsi ilə məhdudlaşmayıb. Alim Azərbaycan ədəbiyyatının nəzəri məsələlərinin tədqiqinə də böyük diqqət ayırıb.
“Azərbaycan epik şerinin inkişaf yolları (XII-XVII əsrlər)” monoqrafiyasının onun ilk fundamental tədqiqat işi olduğunu qeyd edən natiq bildirdi ki, bu əsər klassik ədəbiyyatımızın təxminən 600 illik bir dövrünü əhatə edir. Alimin “Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası” adlı kitabı da ədəbiyyatşünaslığımızda bu istiqamətdə ilk tədqiqat əsəridir.
Tədbirdə çıxış edən akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov, Teymur Kərimli, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Gövhər Baxşəliyeva, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova və başqaları A.Rüstəmovanın müxtəlif elmi istiqamətlərdə apardığı tədqiqatlarından, gənc alimlərə göstərdiyi qayğıdan söhbət açdılar. Azərbaycan ədəbiyyatının klassikləri Fələki Şirvani, Nəsimi, Füzuli, xüsusən Nizami Gəncəvi irsinin öyrənilməsində alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndirdilər.
İki gün davam edəcək konfrans öz işini bölmələr üzrə davam etdirir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Foto-2Foto-3Foto-4Foto-5Foto-6Foto-7Foto-8Foto-9Foto-10 (1)Foto-11

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR