Hacıbala və Ziya qaçqınlarımızın kənd həsrətinə son qoyacaq

l_7ef8ceca

Bilmirəm fikir vermisiniz, yoxsa yox, paytaxtımızın sakinlərinin əksəriyyəti toylarda “Ay Bağdagül”, “Çal oynasın Əjdər əmi”, “Nənəm oyy” bir də “Kəndimiz” mahnılarının sədaları altında sındırmağı yaman çox sevirlər. Ancaq son illər “Kəndimiz”ə tələbat daha da artıb. Qaçqın və köçkünlərimizin sümüyünə yaman düşür bu hava. Təkcə sümüyünə düşmür. Bu hava çalınanda qaçqın və məcburi köçkünlərimizin əksəriyyətinin gözləri dolur, el-oba, kənd-kəsək, at-eşşək, qapı-baca, toyuq-cücə gəlib gözlərinin önündən kino lenti kimi keçir. Hətta müğənni

Saz götürüm dastan qoşum hüsnünə,
Bahar güllərindən gözəl kəndimiz.

deyəndə, qaçqınlarımızın çoxu göz yaşlarını saxlaya bilməyib, zülüm-zülüm ağlayırlar. Allah erməninin evini yıxsın.
O gün kafelərin birində təkcə oturub özüm üçün dincəlirdim. Birdən…neçə ildir üzünü görmədiyim kəndçilərimdən biri qəfildən mənə sarı gəldi. Yazıq kəndçim “məəllim, gözlərinin qadasın alım, kəndimizdə o bizim tövləmiz vardı e, onun iyisindən ötrü ölürəm” deyəndə xeyli kövrəldim. “Çubuş”dan vurub gözünün müzüyünü axıdan kəndçim “nitq”ini davam edərək “Bu xaraba Bakıda o tövləmizin iyisini, qoyunlarımızın “ətir”ini, peyinin-təzəyin “duxu”sunu tapa bilmirəm. Hara gedirəm “dizidran” iyi gəlir. Lap başıma düşür. Kaş kəndimiz yerində olaydı, o “duxu”dan gətirib burda…” deyib, kəndçim elə hönkürdü, təmiz “kayf”ımı korladı. Sonra da “Məəllim, sən oxumuş adamsan, bu “iyi” deyilən şey adamın yuxusuna niyə girmir” soruşanda məsələnin nə qədər qəliz olduğunu anlayıb, kəndçimə ürək-dirək vermək üçün “Eloğu, darıxma, bu yaxınlarda hər şey ürəyin istəyən kimi olacaq. Bakımızda qoyun sürüləri, at-eşşək, qodux-modux əlindən tərpənmək olmayacaq. Ürəyin istədiyi qədər dediyin “duxu”dan burnuna çəkərsən…” . Kəndçim sözümü kəsib “Oxayy, allah ağzından eşitsin…bu nə vaxt olacaq” soruşanda düzü bir söz tapmadığım üçün “Hacıbala müəllimlə nəqliyyat naziri Ziya Məmmədov bu problemin üzərində ciddi işləyirlər” deyib canımı qurtarmaq istədim. Kəndçim əl çəkmədi ki, əl çəkmədi. “Onların yerini mənə göstər, gedim əllərindən öpüm, bizi kəndimizə qaytara bilmirlər, heç olmasa kəndimizi Bakıya gətirsinlər, nə fərqi var. O olmasın, bu olsun” deyən kəndçimə ağlıma gələnləri danışdım.
Bəli, bu günlərdə Nazirlər Kabinetində “Qaçqın və məcburi köçkünlərin el-oba dərdi” müzakirə olunarkən hamı başını aşağı salıb için-için ağlayır. Nə etsinlər? Erməni kəndi-kəsəyi qaytarmaq istəmir, vur ölüm deyir. Sözün düzü biz də hələlik vura bilmirik. Bəs, nə etməli?
Yenə bütün gözlər paytaxtımızın yaraşığı, həmişə üzündən təbəssüm tökülən, Hacıbala müəllimə dikilir. O da dünyada ancaq və ancaq onun özünə məxsus tərzdə qımışa-qımışa “tapdım” deyir. Bütün nazirlər paxıllıqdan partlayır. Hacıbala müəllim dünyanın ən ağır problemi olan Qarabağ problemini bir dəqiqənin içərisində həll edir:
Qaçqınlarımız kəndə qayıtmaq istəyirlər. Nə fərqi var? O olmasın, bu olsun. Mən kəndi Bakıya gətirəcəm. Bakını bir-iki ilə təmiz kəndə döndərəcəm. Qaçqınlarımızın kənd həsrətinə son qoyacam. Qoy kim istəyir paytaxtda qoyun otarsın, kim istəyir keçi, ürəyi istəyən at-eşşək, istəməyən toyuq-cücə, mal-qara. Hə, necədir? Əsl kənd mənzərəsi. Qışda qaz-işıq kəsiləndə təzəyindən-peyinindən də alternativ yanacaq kimi istifadə edərlər.
Bunu eşidən kimi Ziya Məmmədovun üzü gülür. O, təklif edir ki, şəhərdəki “tıxac” problemini həll edə bilmirəm. Qoy Hacıbala müəllimin dediyi kimi atı, eşşəyi dolduraq şəhərə..əsl canlı nəqliyyatdır. Nə benzinə ehtiyac olacaq, nə də başqa şeyə. Həm də probka problemi həll olunar. Şəhərimiz də əsl kəndə bənzəyər. Və qaçqınlarımızın dərdinə son qoyular.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR