Milli Məclisin üzvü Məlahət Həsənova:“Terror qurbanlarını şəhidlərlə eyniləşdirmək olmaz”

meleh2

Milli Məclisin 19 dekabr tarixli iclasında Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir: “Qeyd olunan statusun verilməsində terror qurbanlarına şəhid statusu verilməsi təklif olunsa da, komitə məsələdən irəli gələrək daha münasib variant seçib. Bu, terror qurbanlarına tamamilə ayrı, xüsusi bir statusun verilməsidir. Çünki şəhidlər bilərəkdən döyüşlərdə şücaət göstərən, yaxud daha çox müharibə şəraitində olur. Amma terror müharibə olmayan yerlərdə, yaxud insan özü bilmədən də ona rast gələ bilər”.
H.Rəcəbli bildirib ki, komitə bu təklifi məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumu ilə bağlı rəyini öyrəndikdən sonra ona müvafiq qanun layihəsi hazırlanacaq. Layihə “Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavələrdən ibarət olacaq. (APA )
Hərbi hüquqşünas Telman Əbilov qafqaznews.org-a bildirib ki: “Mən Hadı Rəcəblinin mövqeyini dəstəkləyirəm. Çünki şəhidlərdən fərqli olaraq terror qurbanları təsadüfi adamlardır. Ona görə də terror qurbanlarına başqa status verilməlidir”.
Milli Məclisin üzvü Məlahət Həsənova da qafqaznews.org-a bildirib ki, Hadı Rəcəblinin fikirləri ilə razıdır: “ Mən də hesab edirəm ki, şəhidlərlə terror qurbanlarını eyniləşdirmək olmaz. Onlara ayrı status verilməlidir”.
Məlahət Həsənovanın fikrincə, Xocalı faciəsinin qurbanları şəhiddir: “ Ancaq Neft Akademiyasında terrorçunun əli ilə öldürülənlər şəhid deyil, terror qurbanlarıdır”.
Deputat onu da qeyd edib ki, bu məsələ ölkə başçısı İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR