Müxalifətin “avtoritet” söhbəti

ccc79f4881513aea3a5338a622cca442

Son günlər müxalifət mətbuatında guya bu ilin axırında keçmiş səhiyyə naziri Əli İnsanovun ölkə başçısı tərəfindən əfv olunacağı ilə bağlı proqnoz verilir. Müxalifətin ideya generatorları keçmiş səhiyyə nazirinin azadlığa çıxandan sonra müxalifətə qoşulacağını düşünürlər. Və guya bununla müxalifət güclənəcək.
Müxalifətin baş bilənləri neçə ildir ki, “ siyasi avtoritet” söhbətini ortaya atıblar. Guya kimsə filan regionun ağsaqqalıdır, filan bölgədə avtoritetdir. Hətta əsaslandırmasını da verirlər.
Guya sabiq səhiyyə naziri Əli İnsanov Qərbi azərbaycanlılar (yəni Ermənistan kökənli əhalimiz) arasında böyük nüfuza malikdir. Hətta bir az da irəli gedərək yazırlar ki, Əli İnsanov Qərbi azərbaycanlıların ağsaqqalıdır.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev haqqında da bir neçə il əvvəl müxalifət qəzetləri yazırdı ki, guya Fərhad Əliyev cənub bölgəsində böyük nüfuz sahibidir, həmin bölgənin ağsaqqalıdır.
İlk öncə ağsaqqal-ağbirçək-avtoritet məsələsinə münasibət bildirək.
Birincisi, xoşbəxtlikdən, yoxsa bədbəxtlikdən bu gün cəmiyyətimizdə ağsaqqal, avtoritet deyilən kateqoriya daha çox kresloya, tutduğu vəzifənin “razmer”inə bağlıdır. Yəni sən kresloda əyləşəndə ola bilər ki, kimlərsə səni özlərinin ağsaqqalı hesab eləsin. Ancaq kreslodan aşan kimi səni özünə “qlavar” hesab edənlər səndən cüzamlı xəstədən qaçan kimi qaçırlar. Ona görə də özünüzü aldatmayın.
Keçmiş səhiyyə naziri Əli İnsanov həbs olunanda sizin dediyiniz on minlərlə tərəfdardan 10-15-i buna etiraz etdimi..? Barı 1-2 nəfər özünü yandırdımı? Əlbəttə, yox. Bəs, siz hansı ağsaqqallıqdan, nüfuzdan danışırsınız..? Bu qondarma, geydirmə ağsaqqallıq söhbətlərini nə qədər çürütmək olar..?
Ağsaqqallıq odur ki, onun arxasında real qüvvə-güc dayanır. Yoxsa, cəfəng söhbətlər eləməklə ağsaqqallıq olmur.
Deyirdiniz ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ də cənub bölgəsində avtoritet olaraq qalır. Azadlığa çıxan kimi qurultay keçirəcək, nə bilim nə olacaq. Bəs niyə olmadı? Hanı Fərhad Əliyev?
Vallah, sizlərin bu düşüncələri məhlə uşaqlarının “Qurdlar vadisi” filminə baxıb özünü Polad Ələmdara, Məmatiyə bənzətməsinə oxşayır. Uşaqları haradasa başa düşmək olar. Ancaq bığlı-saqqallı kişilərin uşaq ağlı, düşüncəsi ilə siyasi təhlillər aparması sadəcə biabırçılıqdır. Siz bu ağılla, bu düşüncə ilə hara qədər gedə bilərsiniz..?
Axı, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin cənub bölgəsində hansı avtoritetindən danışmaq olar..? Fərhad Əliyev ən yaxşı halda öz qohum-əqrəbası, uzağı doğulduğu Alar kəndində hörmət sahibi ola bilər. Cənub zonası böyük ərazidir, 100 minlərlə əhalinin yaşadığı bölgədir. Bu boyda bölgənin necə avtoriteti olmaq olar..?
Digər tərəfdən və ən əsası bu gün evinin içində ağsaqqallıq edə bilməyən bəziləri evinin çölündə, bayırda yəni cəmiyyətdə ağsaqqallıq etmək eşqinə düşüblər. Bu biabırçılıqdır. Adama deyərlər ki, get öz evində, öz partiyanda böyüklük elə, sonrasına baxarıq…

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR