Elşad Babayevin ölümündə şahid olanlara işgəncə verilir..?

1423996059_img170955924 yanvarda qafqaznews.org saytında “ Məhbusun ölümü Allahın iradəsi ilə olub” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə 14 saylı Cəzaçəkmə Müəssisəsində ( CM ) məhkum Elşad Babayevin ölüm hadisəsindən bəhs edirdi. Məhkumun bacısı Simuzər Babayeva “Yeni Müsavat” qəzetinə bildirib ki: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm ”. S.Babayeva dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının ölümünün səbəbini öyrənməyə çalışıb: “Gecə 12-də müəssisədə oldum. Orada iclas idi. Dedilər ki, generallar gəlib. Mən müəssisəsinin içinə girib generallardan birindən qardaşımın ölümünün səbəbini soruşdum. Çox etinasız şəkildə, gülərək dedi ki, bu haqda məlumatı yoxdur. Mən etiraz etdim. Sonradan dedilər ki, müstəntiq buradadır. Oradan sənədləri aparırdılar. Müəssisəsinin həyətində çoxlu maşınlar vardı. Müstəntiqdən soruşdum ki, qardaşımı məhbuslar öldürüb, yoxsa müəssisə məmurları? İntihar edib etmədiyini də xəbər aldım. Müstəntiq dedi ki, qardaşın idmançı adam olub, intihar nədir? Məhbusların orda nə işi var? Müstəntiq dedi ki, qardaşın məhbus əlində öləcək adam deyil, onu işçilər döyüb”. 24 yanvarda Simuzər Babayeva qafqaznews.org-a müraciət edərək biuldirib ki: “ Qaradağ rayon prokuroru Əyyub Bəşirov mənə bildirdi ki, mənim qardaşımın ölüm faktı ilə bağlı cinayət məcəlləsinin 309.1 maddəsi ilə ( vəzifə səlahiyyətini aşma ) cinayət işi qaldırılıb. Babayevanın sözlərinə görə, Əyyub Bəşirov ondan xahiş edib ki, bu barədə ictimaiyyətə məlumat verməsin. Müxbirimizin “ Nə üçün? “ sualına Simuzər Babayeva belə cavab verib: “ Əyyub Bəşirov dedi ki, istintaqın gedişində məlum olsa ki, qardaşımın ölümü hansısa xəstəlikdən olub, onda cinayət işinin maddəsi dəyişiə bilər”. Simuzər Babayeva qafqaznews.org-a onu da bildirib ki, bu yaxınlarda onun qardaşının ekspertizası ilə məşğul olan ekspertlə görüşüb: “ O, məni aparılan ekspertizanın nəticələri ilə tanış elədi. Ekspertizanın nəticələrinə görə, qardaşımın ölümünə səbəb ürəyindəki ağrı olub. Bu yalandır. Mənim qardaşımda ürək problemi olmayıb. Elşad idmançı idi, heç vaxt ürəyindən şikayətlənməyib. Mən ekspertdən soruşdum ki, nə üçün qardaşımın bədənindəki zədələr rəydə əsk olunmayıb. Həkim bunu belə izah elədi: “ Bu zədələr ölümə səbəb ola bilməzdi. Sizin qardaşınızın ölümü Allahın iradəsi ilə olub”. 29 yanvarda Baş prokurorun 1-ci müavini Rüstəm Usubovla görüşən Simuzər Babayeva müxbirimizə bildirib ki: “ Görüşdə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov iştirak edirdi. Rüstəm Usubov məsələnin mətbuatda çox işıqlandırılmasından və mənim mətbuatdakı açıqlamalarımdan narazılığını bildirdi. Rüstəm Usubov dedi ki, bunlar istintaqa neqativ təsir göstərir. Usubov həmçinin mənim nədən narazı olduğumu soruşdu və bildirdi ki, qardaşınızın ölümü ilə bağlı artıq cinayət işi açılıb. Mən isə ona bildirdim ki, AR CM-nin 309.1 maddəsilə ( vəzifə səlahiyyətini aşmaq ) maddəsi ilə cinayət işi açılıb, ancaq mənim qardaşımın işində söhbət qəsdən adam öldürmədən gedir”. Simuzər Babayevanın sözlərinə görə, onun qardaşı 13 dekabrda vəhşicəsinə döyülüb: “ Ancaq 22 dekabradək, yəni ölən günədək onun yanına həkim buraxılmayıb. Mənim qardaşıma yemək və su verməyiblər. Mən Usubovdan soruşdum ki, nə üçün mənim qardaşımla karsda olan və onun ölümündə şahid olan Zaur adlı məhkum bu günədək dindirilməyib. Mən həmçinin tələb elədim ki, vəkil Qurban Məmmədov dindirilsin. Çünki o, bu yaxınlarda açıqlama verib ki, mənim qardaşımın ölümü ilə bağlı çox fakt bilir. Usubov isə yanındakılara göstəriş verdi ki, Zaur və Qurban Məmmədov dindirilsin”. Simuzər Babayeva eyni zamanda məhkum İsa Yaqublunun anası Aynur Yaqublunun qafqaznews.org-a ünvanlanmış xahişini bizə çatdırdı. Məhkumun anası xahiş edir ki, oğlu ilə bağlı baş verənləri cəmiyyətə çatdıraq: “ Onun oğlu 14-cü CM-də baş verən qanunsuzluqların şahididir. Onu susdurmaq üçün 3 saylı “tubzon”a göndəriblər”. Aynur Yaqublu bizimlə söhbətində Simuzər Babayevanın dediklərini təsdiq elədi: “ Həqiqətən də oğluma qarşı işgəncə olub. Üç həftə əvvəl onunla görüşəndə aly dişlərinin hamısı sınmışdı..oğlumun bədəni qançır idi. Mən bu barədə Ambudsman aparatına məlumat verdim. Və Aparatın qrup rəhbəri Vüqar Məhərrəmov İsa ilə görüşdü. Ancaq görüşdən sonra Məhərrəmov bildirdi ki, oğlumla bağlı hər şey qaydasındadır. Onun sözlərinə görə, guya oğlumu “tubzon”a müayinəyə göndəriblər”. Vüqar Məhərrəmov isə müxbirimizin “Siz İsa Yaqublu ilə görüşmüsünüz? Onunla bağlı hər şey qaydasındadır?” sualına belə cavab verib: “ Mən həqiqətən də İsa Yaqublu ilə görüşmüşəm. Onunla bağlı hər şey qaydasındadır. Anası mənə demişdi ki, dişlərini sındırıblar, bədəni qançırdır və s. Ancaq İsa mənə dedi ki, hər şey qaydasındadır. O, heç nədən şikayətlənmədi. İsa Yaqublu özü xahiş edib ki, onu müayinə etmək üçün 3 saylı “tubzon”a göndərsinlər”. Aynur Yaqublu bizə onu da bildirdi ki, baş verənlərlə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğluna müraciət edib. Novella Cəfəroğlu isə bizə bildirdi ki: “ Həqiqətəndə Aynur Yaqublu oğluna qarşı olan işgəncələrlə bağlı mənə müraciət edib. Mən onun məktubunu İctimai Komitənin üzvü Səadət Bənənyarlıya göndərdim”. Müxbirimiz Səadət Bənənyarlı ilə əlaqə saxlayaraq onun məhkuma qarşı olan işgəncə faktlarını yoxladığı ilə maraqlanıb. Səadət Bənənyarlı bildirib ki: “ Mən bu məlumatları yoxlamamışam. Çünki həkimlər məni vərəmli xəstələrin olduğu cəzaçəkmə müəssisəsinə buraxmırlar”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR