Məmmədovlar özlərinə “bəy tərifi” yazdırır-FOTO

Bu yaxınlarda Guzguqazeti.az saytında dərc olunmuş bir irihəcmli yazı diqqətimizi cəlb elədi. Yazı əsasən tərif üzərində qurulmuşdu.

Əlbəttə, görülən işlərə, müsbət fəaliyyətə görə, kimi, yaxud kimlərisə tərifləmək, qiymətləndirmək təqdirəlayiqdir. Ancaq vay o gündən ki tərif ola, amma ortada iş olmaya. Diqqətimizi cəlb edən yazı da belə idi.
Qafqaz Xəbər Agentliyi bildirir ki, söhbət Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin yeni rəisi Anar Səfərlinin “tərif”indən gedir.
Yazının, daha doğrusu, “tərif”in müəllifi, saytın baş redaktoru Kamran Səxavət görəsən, nə üçün “səxavət mədəni”nin ağzını açıb bu qədər tərif paylayır? images (1)
Məşhur filmdə deyilən kimi, Sultan bəy Məşədi İbadın nəyinə vurulub..?
Nəqliyyatımızın vəziyyətini görmək üçün bələdçiyə-zada ehtiyac yoxdur.
Dövlətin ayırdığı milyardları göyə sovuran nəqliyyat naziri Ziya Məmmədov “kələ-kötür”, “çala-çuxur” yollarla bizi mənzil başına, daha doğrusu ölümə aparır. Hər gün bu yollarda nə qədər qəza baş verir, nə qədər insan həlak olur? Əlbəttə bu qəzaların baş verməsində yollarımızın standartdan uzaq olması da öz böyük rolunu oynayır.
Sonra, Nəqliyyat Nazirliyinin “qoçu”larının insanların başına açdığı oyunlar da heç kimə sirr deyil. Digər problemləri sadalamağa ehtiyac görmürük və sadalasaq qurtaran deyil.
Belə olan halda qələm əhli olan Kamran Səxavət Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin yeni rəisi Anar Səfərlini niyə göylərə qaldırır..?  Anar sefer skrinshop

Müəllif yazır ki: “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinə təyin edilən yeni rəis Anar Səfərli aparılan uğurlu kadr islahatının əyani sübutudur. Qısa müddət ərzində Anar Səfərli rəhbərlik etdiyi şöbənin işində ciddi dönüş yaratmağa nail ola bilib. 3 ay ərzində görülən işləri nəzərdən keçirək. Son 3 ay ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi tərəfindən 1649 ədəd avtomaşın vergiyə cəlb olunaraq fərqlənmə nişanı ilə təmin edilmiş, dövlət büdcəsinə 65180 manat vəsait ödənilmişdir.Qanunsuz sərnişindaşıyan avtonəqliyyat vasitələrinə qarşı reydlər gücləndirilmiş, 3 ay ərzində 248 avtonəqliyyat vasitəsinin sürücüsünə inzibati protokol tərtib olunmuş və büdcəyə 11620 manat vəsait ödənilmişdir. Və s…”
Bəs görəsən Kamran Səxavət bilirmi ki, minlərlə nəqliyyat vasitəsi “bazarlaşma əsasında” hər ay Anar Səfərlinin “qoçu”larına pul verir?
Bəli razılamşa əsasında dövlətin büdcəsinə keçməli olan böyük miqdarda pullar hər ayın axırında yuxarıya ötürülür.
Bəs, bütün bunlar ortada ola-ola bu “tərif səxavəti” nədir?
Həə, deyəsən mətləbin üstünə gəlirik.
Sumqayıt şəhərinin nəqliyyat idarəsinin rəisi Anar Səfərli Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğlu Fuad Məmmədovun qaynıdır. Deyəsən, çox uzun oldu həə…
Onu da qeyd edək ki, Fuad Məmmədov Quba və Salyan rayonlarının keçmiş polis rəisi olub və hazırda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis muavini vəzifəsində işləyir.
Nəriman Məmmədovun digər oğlu Namiq Məmmədov Respublika Baş Prokurorunun xüsusi köməkçisi vəzifəsində işləyir.
Bəlkə də həmkarımız bunları bilməyib. Bəlkə də bilib yazıb. Bunu müəyyən etmək artıq bizim işimiz deyil.
Bir daha qeyd edirik ki, biz tərifin, xoş sözün əleyhinə deyilik. Ancaq bu tərifə gərək öz əməlinlə az-çox layiq olasan. Amma deyəsən Məmmədovlar və çevrəsi “bəy tərifi” yarışına çıxıblar…

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR