“Ağ ölümü” leqallaşdıran və leqallaşdırmayan ölkələr

img1756064Narkotik maddələrin istifadəsinə icazə məsələsi hələ də mübahisəli olaraq qalır, onun satışına münasibət isə eyni olsa da, cəzalar fərqlənir…

Narkotik maddələrin qəbuluna münasibət və yanaşmalar həmişə fərqli olub. Bir neçə ölkənin qanunvericiliyi bu maddələrin istifadəsini leqallaşdırdığı halda, digər ölkələrdə onun xəstəsi olanlar da sərt şəkildə cəzalandırılır. Narkotik satışına görə isə hətta ölüm cəzası tətbiq edən ölkələr var.

Azərbaycan da sərt cəza tətbiq edən ölkələr sırasındadır. Hazırda narkotik satıcıları və istifadəçiləri Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən cəzalandırılır. Məcəllənin 234-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq narkotik vasitələrini saxlamağa görə 3 ilədək, istifadə, emal etmək və satmağa görə isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
İranda isə narkotik qaçaqmalçılarının və satıcılarının cəzası edamdır. İstifadəçilər isə həbs edilir. Qonşu Rusiyada narkotik istifadəsinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi.
Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, narkomaniya, sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinib. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə – yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, sancı və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: “Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir”.
Narkotik asılılığının elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Paralel olaraq narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə oldu.
Narkotikin bəla olduğunu düşünənlərin çoxluq təşkil etməsinə baxmayaraq, bu maddələrin istifadəsini leqallaşdıran ölkələr də var. Onlar bu addımı atmaqla narkotik maddələrin qara bazardan çıxmasına və bir çox qanunsuz tədbirlərin azalmasına səbəb olacağını düşünür. Elə bugünlərdə Vaşinqtonda, Kolumbiya dairəsində marixuananı az miqdarda saxlamaq icazəsi verilib. 21 yaşdan yuxarı şəhər sakinləri və turistlər 56 qram narkotik saxlaya bilər və az miqdarda kannabis əkə bilərlər. Lakin bununla belə, ictimai yerlərdə narkotiki almaq, satmaq və çəkmək qadağası olduğu kimi qalır. Amerikanın Alyaska, Kolorado ştatında isə marixuananın istifadəsi bir ildir ki, leqallaşdırılıb. Kolorado ştatında tibbi məqsədlər üçün ilk marixuana satan avtomatlar quraşdırılıb. Lakin müalicəvi çətənəni yalnız xüsusi qeydiyyatı və PİN-kodu olan müştərilər əldə edə bilərlər.
Avstraliyada 25 qram, Belçikada 3 qram, Kanadada  isə onkoloji xəstələrə həkimin rəyi ilə narkotikin alınmasına icazə verilir. Meksika isə dünyada narkotik dövriyyəsinin həcminə görə birinci yeri tutur. Burada ağır uyuşdurucu maddələr olan kokain, LSD və heroin de-kriminalizasiya olunub.
Ekvadorda 2008-ci ildən etibarən narkotikin  kiçik dozada şəxsi istifadəsinə və saxlanmasına icazə verilsə də, onların satışı qanunsuz sayılır.
Cənubi Koreyada marixuana ümumiyyətlə narkotik maddə kateqoriyasına daxil deyil. Əsgər və işçilər yorğun və gərgin günün sonunda stressdən, yorğunluqdan qurtulmaq üçün marixuanadan istifadə edirlər və bu, az qala günün sonunda spirtli içki içməyə bərabər sayılır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR