Ağdam Maliyyə İdarəsinin yeni rəisi hansı “qaydalarla” işləyir?

1424849257_agdam-mamamamaRəşad müəllim köhnə rəis Elşad Əhmədovun yaratdığı problemləri aradan qaldırmaq istəmir

İcra başçısı Raqub Məmmədovla yaxın münasibətlər quran məmur işinin öhdəsindən gələ bilmir

Ötən ilin son ayları Ağdam camaatı üçün əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov 2014-cü ilin noyabr ayında tutduğu vəzifədən azad edildi.

Maliyyə naziri Samir Şərifovun imzaladığı 3 noyabr 2014-cü il tarixli əmrlə Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov işdə yol verdiyi nöqsanlara görə, o cümlədən dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmədiyinə, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət etdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə isə bu yaxınlarda təyinat olub. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, nazirin imzaladığı əmrlə Rəşad adlı şəxs (soyadını dəqiqləşdirə bilmədik-red) idarəyə yeni rəis təyin edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, artıq ikinci aydır idarəyə rəhbərlik edən məmur hələlik heç bir dəyişikliyə nail ola bilməyib: “İlk növbədə onu deyim ki, dövlət büdcəsindən hər il Ağdamda fəaliyyət göstərən büdcə qurumlarına müəyyən miqdarda vəsait ayrılır. Bundan başqa, rayonda bir sıra abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə icra hakimiyyətinə külli miqdarda vəsait yönəldilir. Köhnə rəis Elşad Əhmədovun zamanında büdcədən maliyyələşən yerli qurumlara ayrılan vəsaitlərin çox cüzi hissəsi təyinatı üzrə sərf edilirdi. Sabiq rəis köhnə icra başçısı Nizami Sadıqovla əlbir şəkildə həmin vəsaitlərin üstündən xətt çəkirdilər. Rəşad müəllimin gəlişi hələlik heç nəyə təsir etməyib. Əksinə, o yerli idarə, müəssisə və təşkilatların rəhbərlərinə əlavə problemlər yaradır. Belə ki, idarə rəisinin göstərişi ilə son bir ay ərzində Ağdamda fəaliyyət göstərən bütün büdcə təşkilatlarında maliyyə yoxlamaları həyata keçirilməkdədir. Bu yoxlamalarda əsas məqsəd başqadır. Əksər idarələrdə ciddi maliyyə pozuntuları üzə çıxarılıb. Amma buna baxmayaraq, idarə rəisi neqativ halların aşkarlandığı idarələrlə bağlı ciddi tədbir görməyib. Bunun səbəbi həmin idarə müdirlərinin Rəşad müəllimi istənilən səviyyədə “məmnun” etməsidir. Bu, idarədə uzun müddətdir kök atmış “qayda”dır. İdarə rəisi Ağdamın icra başçısı Raqub Məmmədovun xəbəri olmadan heç bir iş görmür. Hansı idarə müdiri başçının “tapşırıq”larına əhəmiyyət vermirsə, yaxud yığım məsələsində yaxından iştirak etmirsə, həmin idarələrdə dərhal maliyyə yoxlamaları həyata keçirilir. Ki, bu da tam qanunsuzdur. Çünki büdcədən maliyyə dəstəyi alan müəssisələrdə maliyyə yoxlamaları qanunda nəzərdə tutulan şəkildə aparılmalıdır. Yəni bu proses icra başçısı Raqub Məmmədovun və maliyyə idarəsinin rəisi Rəşad müəllimin şəxsi istəkləri ilə həyata keçirilə bilməz. Təəssüf ki, adını qeyd etdiyim məmurlar buna heç bir məhəl qoymur. Ağdam Maliyyə İdarəsində Elşad Əhmədovun qoyduğu “ənənələr” hələ də davam edir. İdarənin əməkdaşları hətta orta məktəblərdə, uşaq bağçalarında yoxlama adı altında öz qanunsuz hərəkətlərini icra edirlər. Direktorlar, bağça rəhbərləri mövcud olan qanun pozuntularının yuxarılara çatmamasından ötrü idarənin əməkdaşlarını razı yola salmaq məcburiyyətindədir”. Qeyd edək ki, büdcədən maliyyələşən təşkilatların yoxlanması prosesi “Dövlət büdcəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməlidir. Ağdam Maliyyə İdarəsinin yeni rəisi Rəşad müəllim isə qanunu pozaraq büdcədən maliyyələşən bəzi təşkilatları tez-tez yoxlatdırır, bir sıra təşkilatlarda isə ümumiyyətlə, bir dəfə də olsun belə yoxlama aparmır. İnanırıq ki, böyük ümidlərlə idarəyə rəis təyin edilən Rəşad müəllim fəaliyyətindəki xoşagəlməz halları tezliklə aradan qaldıracaq və sırf səlahiyyətlərinə uyğun işlər görəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR