Anadolu Universitetindən faktlarla dolu şikayət…

img1756120Bildirilir ki, ödənişlər qanunsuz olaraq artırılıb, universitet tərəfindən verilən diplomlar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmur, mindən çox tələbə təhsillərini dondurmaq məcburiyyətində qalıb…

Anadolu Universiteti Azərbaycan Proqramından narazılıq və şikayət var. Proqramın koordinatoru olmuş Firudun Bəndəliyev redaksiyamıza bununla bağlı şikayət məktubu təqdim edib. Şikayətdə bildirilir ki, Anadolu Universiteti Azərbaycan Proqramlarının qanunsuz fəaliyyəti və orada təhsil alan tələbələrin problemləri ilə əlaqədar dəfələrlə mediada yazılar getsə və məsələ ictimailəşsə də, problem çözülməyib.
“Tələbələri və valideynləri narahat edən məsələlərin başında 2014-2015-ci tədris ilində müəyyənləşdirilən təhsil ödənişlərinin kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilməsi, Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu olan və tələbələrə texniki xidmət göstərməyi öhdəsinə götürən Azərbaycan-Türkiyə İşadamları Birliyi, yəni ATİB ilə tələbələr arasında heç bir rəsmi müqavilənin bağlanmaması və universitet tərəfindən verilən diplomlarım Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilməməsi, yəni təsdiq olunmamasıdır”,- deyə Firudun Bəndəliyev vurğulayır.
Onun sözlərinə görə, Anadolu Universitetinin rəsmi internet səhifəsində 2014-cü ilin avqustundan universitetin Azərbaycan proqramlarının yayılmasında, tələbələrə distant xidmətlərin göstərilməsi üçün ATİB ilə protokol imzalandığı bildirilir: “Amma ATİB rəsmi saytında bu əməkdaşlığı 3 aydan çox Azərbaycan ictimaiyyətindən gizlədib. Yalnız tələbələrin qeydiyyatı bitdikdən və təhsil haqları xaricə bir şirkətin bank hesabına keçirildikdən sonra, dolayı yolla ATİB rəhbərliyi özünə bağlı ”EcoVizyon” jurnalında ATİB Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru kimi göstərib.
 ATİB yenə də açıq şəkildə tərəfdaş müqaviləsi bağladığını bəyan etmir. ATİB-in rəsmi saytında tərəfdaşlıq etdiyi qurumlar arasında Anadolu Universitetinin adı çəkilmir. Həmçinin Azərbaycan Proqramlarında distant təhsili alan tələbələr təhsil haqlarını onlarla heç bir xidmət müqaviləsi imzalanmadan “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Şimali Kipr Respublikasının paytaxtı Lefkoşadakı Ziraat Bankının hesabına keçiriblər? Bu şirkətlə ATİB arasında nə əlaqə ola bilər? Bu şirkətin təsisçisi və rəhbəri kimdir? ATİB-in rəsmi saytında və bu quruma bağlı “EcoVuzyon” jurnalında yeni üzvlər arasında “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanyi Ticaret Anonim Şirketi”nin də adı keçir. Təmsilçisi isə Ömər Dönməz adlı şəxsdir. Bildirilir ki, Ömər Dönməz Azərbaycanda əsasən inşaat sektorunda fəaliyyət göstərən və ATİB sədri olan Camal Yanğına bağlı “İstanbul Çarşı İmport Export LTD” şirkətinin həm baş mühasibi, həm də ATİB Təftiş Komissiyasının üzvüdür”.
F.Bəndəliyev bildirir ki, daha bir diqqətçəkən məqam isə “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan nümayəndəliyinin Anadolu Universiteti Azərbaycan Proqramlarına tələbə qəbulunu elan etməsidir: “Əgər Anadolu Universiteti Azərbaycanda tərəfdaş qurum kimi ATİB-i görürsə, bu şirkət nümayəndəliyinin tələbə qəbulunu həyata keçirməsi nə dərəcədə doğrudur? Araşdırmalar ortaya çıxarıb ki, Anadolu Universiteti Türkiyə Proqramlarında təhsil haqqı 400 lirə, yəni təxminən 150 avro, Kosova, Makedoniya, Bolqarıstan Proqramlarında 90 avro, hətta yaşayış səviyyəsi yüksək olan Qərbi Avropa ölkələri üçün 600-650 avro olduğu halda, Azərbaycan tələbələri üçün niyə 1000 avro olaraq müəyyənləşdirilib? Videokonfrans, kitabların verilməsi, danışmanlıq kimi xidmətlər Kosova, Makedoniya, Bolqarıstan Proqramlarında çox aşağı təhsil ödənişinin qarşılığında verilir.
Məlumat əldə edilib ki, azərbaycanlı tələbələrdən alınan təhsil haqqının dörddə bir, ya da beşdə bir hissəsi Anadolu Universitetinin hesabına köçürülür. Yəni min avrodan 200-150 avroluq hissə köçürülür. Əgər bu il 1500 tələbənin qeydiyyatdan keçdiyini nəzərə alsaq, deyə bilərik ki, pulun mühüm bir hissəsi dolayı yolla ATİB sədrinə bağlı şirkətin xarici hesabında saxlanılır. Əvvəlki illərdə tələbələr normal il üçün 1200 avro, kursda qalan təqdirdə isə bu məbləğin yarısını, 600 avro ödəniş edirdilər. Bu ildən isə həmin rəqəmlər 1000 avro və 750-1000 avro olaraq dəyişdirilib. Sonrakı illərdə təhsil ödənişlərinin artırılmayacağına kim zəmanət verə bilər?”
Şikayətçinin sözlərinə görə, builki təhsil ödənişləri kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilib. Həmçinin universitet tərəfindən verilən diplomlar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmur: “Hazırda mindən çox tələbə təhsillərini dondurmaq məcburiyyətində qalıb. Bu cür tələbələrin sayı hər il getdikcə artır. Bildirilir ki, Anadolu Universitetinin fəaliyyəti üçün Təhsil Nazirliyinə rəsmi heç bir müraciət olunmayıb. Yəni ”Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Anadolu Universiteti adından fəaliyyəti qanunsuzdur. Ayrıca müvafiq icra mexanizmi olmadığından, distant formada məzun olan şəxslərin ali təhsil haqqında sənədlərinin, diplomlarının ekvivalentliyinin müəyyən edilməsi mümkün deyil. Yəni Anadolu Univesitetində Azərbaycan Proqramlarından məzun olanların diplomları Azərbaycanda tanınmayacaq!”
Məsələ ilə bağlı ATİB-dən musavat.com-a bildirilib ki, ATİB Anadolu Universitetinin koordinatorudur və bu kimi problemlərə, suallara şərh verə bilməz. ATİB-in mətbuat təmsilçisi Gülnaz Şirinli qeyd edib ki, onlar bu şikayətdəki iddialara şərh verə bilməyəcəklər: “Biz rəy bildirə bilmərik. Adımızın bu cür məsələlərdə hallanmasını istəməzdik. Biz Anadolu Universitetinin koordinatoruyuq. Ancaq universiteti biz yaratmamışıq. Bu məsələlərə Təhsil Nazirliyi məsuldur”.
Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ ətrafında yaranmış suallar rəsmi sorğu nəticəsində və qısa olmayan müddətdə cavablandırıla bilər. Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də rəyini dinləməyə hazırıq.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR