Azərbaycanda inklüziv təhsil yoxdur..?

begg3 (1)27 fevral 2015-ci ildə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Əlilliyi olan uşaqların inklüziv  və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatında bildirib ki: “Azərbaycanda 530 min əlil varsa, bunun 62-63 minini uşaqlar təşkil edir”.
Komitə sədri bildirib ki, cəmiyyətin uğuru əlilliyi olan insanların qayğı ilə əhatə olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasından ibarət olmalıdır: “Bu gün ölkədə sosial xidmət haqqında qanun qəbul edilib, dövlət vəsaiti qeyri-hökumət təşkilatlarına qrant şəklində verilir və nəticədə onlar tərəfindən əlillərə xidmətlər göstərilir”.
Hadı Rəcəbli təhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu göstərdiyini bildirib: “Dövlət qurumlarında bunun əsas səbəbləri araşdırılır. Məlum olur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır.
Bu yöndə də mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağlamlığı haqda arayışlar tələb ediləcək. Məcburi diaspanserizasiya haqda da qanun qəbul edilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür”. ( APA )
Əlillər Cəmiyyətinin sədri Təranə Musayeva isə bildirib ki: “ Azərbaycanda 520 min əlil qeydiyyatdan keçib ki, onların da yarısı sərbəst hərəkət edə bilmir. Ən dəhşətlisi odur ki, əlillərin 65 mini uşaqlardır. Bu çox böyük rəqəmdir. Digər ölkələrdə bu rəqəm hətta 10-15 minə çatmır və onlar üçün hər cürə şərait yaradılır. Bizdə isə bu sahədə ciddi problemlər var. Hətta bu əlillərin hərəkəti üçün sosial obyektlərdə xüsusi pilləkən -panduslar yoxdur. Heydər Əliyev Mərkəzi, Gənc Tamaşaçılar Teatrı və bir neçə obyekt istisna olmaqla şəhərin heç bir yerində əlillər müstəqil hərəkət edə bilmir. Təkcə bir faktı deyim. Bizim cəmiyyətin 17 yaşlı üzvü Rəsul Məmmədli bu il 600 bal toplayaraq BDU-ya daxil oldu. Hamımız sevindik, amma dərsə necə getsin? Hara müraciət elədiksə nəticə olmadı. Rəsulun atası neçə ildir onu kürəyində daşıyır, ata qocalıb artıq mümkün deyil. Ona görə də təhsil müəssisələrində bu tip uşaqların hərəkəti üçün şərait olmalıdır”.

Cəmiyyətin sədri bildirdi ki: “ Düzdür, dövlətin qayğısı nəticəsində bu gün arabası olmayan əlil yoxdur, hamısı araba ilə təmin olunub, əlillərə növbəlilik əsasında ev və əlil avtomobili verilir. Sosial şəbəkələr də əlillər üçün dünyaya pəncərədir”. ( Novosti – Azerbaydjan )
Əlillər üzrə ekspert Bəybala İbadullayev qafqaznews.org-a bildirib ki: “ Bu gün əlillik dərəcəsindən asılı olaraq əlillər kompensasiya alır, I qrup əlillər 127 manat, II qrup əlillər isə 60 manat pul alır. III qrup əlillərə 43 manat pul verilir, hansı ki, katarakt uşağın müalicəsi valideynlərinə 300-500 manata başa gəlir”.
Ekspert onu da bildirdi ki, orta və ali məktəblər inklüziv təhsilə uyğunlaşdırılmayıb: “ Düzdür, ölkədə əlillər üçün 30 “pilot məktəb” var, ancaq həmin məktəblər 7 illikdir”.
Ekspert əlillərin mənzil məsələsinə də toxdundu: “ Son vaxtlaradək ancaq korluqdan əziyyət çəkənlər dövlətdən mənzil alıb. Onlar Korlar cəmiyyətinə məxsus istehsal obyektlərinə məxsus ərazilərdə torpaq alıb əlillər üçün mənzil tikdilər”.
Ekspert onu da bildirdi ki, Səlim Müslümov nazir təyin olunanadək mənzillər rüşvətlə verilirdi: “ Ancaq Səlim Müslümov nazir təyin olunandan sonra əlillərə mənzillər növbəlilik əsasında verilir”.
Biz Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayanda o bildirdi ki, biz vətəndaşlarla görüşə gedirik, ona görə, sizin suallarınıza cavab verə biməyəcəm.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR