“Azdrama”da yeni qalmaqal- aktyorlar məşqdən imtina etdilər

img1755459Elçin Cəfərov: “Qalmaqallar reytinq xətrinə yaradılır”

Akademik Milli Dram Teatrının tanınmış bir neçə aktyor və aktrisaları Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etməkdən boyun qaçırıb.

Publika.az saytının əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Parkda keçirilməsi nəzərdə tutulan kütləvi tədbir üçün iştirak edəcək aktyorların siyahısı hazırlanıb. Bu isə bəzi aktyorların hiddətinə səbəb olub. Otuz beş nəfərlik siyahıdan ilk məşqdə yalnız 14 nəfər iştirak edib. Digərləri isə müxtəlif bəhanələrlə məşqə gəlməkdən imtina ediblər. Əldə edilən məlumata görə əvvəlki illərdə sözügedən tədbirdə “Azdrama”nın kiçik heyəti iştirak edirmiş:
“Əvvəl elə tədbirlərdə fəxri ad alan aktyor və aktrisalar iştirak etmirdi. İndi isə siyahıya fəxri adı olan, yaşı 60-ı keçmiş aktyorları da daxil ediblər. Onlar isə bu vəziyyəti özlərinə sığışdırmırlar. Halbuki bütün teatrların qaymaq aktyorları və direktorları həmin tədbirdə, məşqlərdə iştirak edir. Amma “Azdrama”nın direktoru məşqlərə gəlməyi özünə rəva bilmir”.
Qeyd edək ki, son dövrlərdə Akademik Milli Dram Teatrında qalmaqallar səngimək bilmir. Bir sıra tanımış aktyor və aktrisalar teatrın rəhbərliyindən şikayətlənir, onlara qarşı hörmətsizliklə, bəzən isə qərəzli yanaşıldığını, istedadlı aktyorlar üçün şərait yaradılmadığını bildirir, kənardan gənc aktyor və istedadsız rejissorların teatra ayaq açdığını qeyd edirlər. Teatrın ştatında olan işçiləri bir-bir işdən uzaqlaşdırıldığı bir zamanda “Yuğ” teatrının “Azdrama”ya  gətirliməsi böyük narazılıqla qarşlanır. Aktyorların fikrincə, “Yuğ” teatrı özünə görə forması olan bir teatrdır. Onun  özünə məxsus maştabı və oyun tərzi var. Truppanın aktyorlarının  bu teatra gətiliməsi doğru hesab edilmir.
Tanınmış aktyor və aktrisalar teatrın direktoru İsrafil İsrafilovu səriştəsizlikdə, aktyorları layiqincə qiymətləndirməməkdə günahlandırırlar. Onların sözlərinə görə, teatrın repertuarından vətənpərvərlik və milli ruhda olan tamaşalar çıxardılır, yerinə isə müasir Avropa əsərləri səhnələşdirilir.
Məsələ ilə əlaqədar olaraq Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat katibi Elçin Cəfərov yaranmış vəziyyət ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına açıqlama verib. Onun sözlərinə görə, yaranan qalmaqallar daha çox reytinq xatirinə baş verən olaylardır:
“Son qalmaqal barəsində heç bir fikir söyləyə bilməyəcəm. Çünki bu məsələ ilə bağlı mənim hələ ki, məlumatım yoxdur. Üstəlik, onu da bildirim ki, teatrda baş verən qalmaqallarla bağlı xəbərlər haqqında rəy vermək kimi öhdəçiliyimiz də yoxdur. Mətbuat katibi kimi şəxsən mən teatrda səhnələşdirilən tamaşalar, yeni afişalar, aktyor və aktrisaların yaradıcılıqları barədə məlumatların verilməsi funksiyasını yerinə yetirirəm.
Lakin son dövrlərdə narazılıqların artması ilə bağlı onu deyə bilərəm ki, bəli bu cür məsələlər artıq tez-tez baş verir. Buna səbəbkar isə yenə də mətbuatdır. Hər kəsə məlumdur ki, bu cür narazılıqlar bütün müəssisələrdə, istəlinən sahələrdə yaranır. Bu baxımdan mətbuata hər yerdən şikayət oluna bilər. Əgər demokratik və azad bir ölkədə yaşayırıqsa, azad fikir və rəy bildirmək hər kəsin haqqıdır. Buna görə də məsələni bu dərəcədə şişirtmək doğru deyil. Mətbuat çalışır ki, yaranmış vəziyyətdən istifadə edib məsələni şişirdib reytinq qazansın. Əminliklə deyirəm ki, bütün bunlar reytinq xətrinə yaranır.
“Adil İskəndərov, Tofiq Kazlmovun vaxtında da bu cür qalmaqallar var idi…”
Yaradıcılıq  sahələrində qalmaqallar tez-tez başı verir. Bu cür hallar teatr yarandığı gündən olub və bundan sonra da olacaq da. Belə hadisələr teatrın ən uğurlu mərhələləri olan zaman, məsələn, Adil İskəndərovun, Tofiq Kazlmovun vaxtında da var idi. Sadəcə əvvəllər mətbuat teatrın yalnız yaradıcılıq prosesləri ilə maraqlanırdısa, indi bütün dünyada olduğu kimi, bizdə də yalnız qalmaqal  məsələlərinə qaçırlar. Beləliklə, bu gün reytinq qazanmaq üçün mətbuat daha çox teatrın mətbəx söhbətlərinə maraq göstərir. Bunu məntiqli qəbul etmək olar, reytinqin tüğyan etdiyi bir zamanda nəinki Azərbaycanda, dünya teatrlarında da bu cür tendensiyaları görmək olur”.
“Əgər bir-iki aktyor mətbuata çıxıb etiraz edirsə…”
Mətbuat katibi teatrın rəhbərliyinə qarşı olan tənqidlərdən də danışıb:
“Söhbət hansısa tənqid və ya tərifdən getmir. Bu təbiidir ki, istəlinən tənqid hansısa nəticənin əldə olunması üçündür. Bu bizim üçün də önəmlidir. Lakin digər tərəfdən istəməzdim ki, teatrın rəhbərliyinə qarşı olan tənqidlərə daha çox yer ayırasız.  Ümumilikdə demək olmaz ki, bu gün teatrımızda bütün aktyor və akrtrisalar rəhbərlikdən narazıdırlar. Əgər bir-iki aktyor etiraz edirsə bunu bütün teatrın ayağına yazmaq olmaz. Edilən narazılıqları teatr rəhbərliyi normal qarşılayır. Əgər diqqət etsəz görərsiz ki, rəhbərliyimizlə bağlı mətbuatda çıxan yazılarla əlaqədar heç bir aktyoru incitməmişik. Biz onların fikirlərinə hörmətlə yanaşaraq əks mövqe bildrməmişik. Bəzən də elə olur ki, aktyor bir söz deyir, jurnalist isə məsələni başqa yöndə qabartmağa çalışır”.
Elçin Cəfərov “Yeni “Müsavat”ın vasitəsilə mətbuata çağrış etdi:
“Biz jurnalistlərdən xahiş edirik ki, gəlib teatrda səhnələşdirilən tamaşalara baxsınlar, daha çox yaradıcılıq, aktyorların oyunu və s. barəsində araşdırma aparıb bu barədə xəbərlər versinlər. Gəlin baxın və bəyənib bəyənmədiyiniz tamaşaları araşdırın. Lazımdır ki, media nümayəndələri ilə yalnız bu yöndə danışaq.
Teatrın son illər ərzində əldə etdiyi kifayət qədər gözəl nəticələr var. Azərbaycan tamaşaları bu gün dünya ölkələrini gəzir, aktyor truppası qastrol səfərlərinə gedir və s. Gəlin bu barədə olan  xəbərləri işıqlandıraq. Bu teatr hər birimizindir. Teatr üçün hər birimiz işləməliyik”.
Elçin Cəfərov tənqidə tuş gələn teatrın reperturarından da danışıb. Teatrın əməkdaşı bildirib ki, repertuar qeyd olunduğu qədər pis durumda deyil:
“Repertuar məsələsinə gəldikdə isə deyə bilərəm ki, tamaşalara nəzər yetirsəz görərsiz ki, teatrda həm milli, həm də xarici klassik daramaturgiyaya müraciət edilir. Onların arasında eyni zamanda müasir dövrdə yazılmış əsərlər də var. Milli ruhda vətənpərvərlik, mövzulu tamaşalar mütəmadi olaraq səhnələşdirilir.
Teatrda yaradılan siyasət bir tamaşaçı və yaxud bir amil üzərində qurulmur. Bunu hər kəs bilir. Burada tamaşaçı marağı, truppanın konkretləşdirilməsi və s. kimi bir çox detallar öz əksini tapır. Buna görə də tamaşaların bir istiqamətdə qurulması heç bir teatr üçün məqbul hesab edilə bilməz. Əgər bu gün biz yalnız xarici tamaşalara üstünlük versək, milli və müasir mövzulu tamaşaların izləyicilərini itirmilş olarıq və yaxud da əksinə…
Buna görə də repertuar qurulanda ilk növbədə rəhbərlik tərəfindən təsdiqlənir. Beləliklə tamaşalar mərhələli olaraq həyata keçirilir. Ola bilsin ki, repertuarlardakı tamaşaların tarixi dəyişidirilsin, bu mövcud vəziyyətlə bağlı olur. Yəni, tutaq ki, bir tamaşa yanvar ayında getməli idisə, onun tarixi dəyişdirilib fevral ayında keçirilə bilər. Bu cür məsələlərin olması təbiidir. Teatrın repertuarına salınan tamaşalar plan üzrə mütəmadi olaraq həyata keçirilir.
Tənqid edirlər ki, teatrın repertuarında milli mövzuda olan kifayət qədər tamaşa yoxdur. Qeyd edim ki, bu cür tamaşalar var və onlar arasında daha çox tamaşaçı auditoriyası qazanan Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan “Xəcalət” tamaşası (tamaşada respublikanın xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər) və  İlyas Əfəndiyevin “Hokmdar və qızı” əsəri əsasında səhnələşdirilən “Qarabağnamə” tarixi mövzulu tamaşanı (quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir) göstərə bilərəm. Bu tamaşalar uzun müddət repertuarda qalan əsərlərdir”.
Narazılıqlara son qoyulacaqmı?
Əldə edilən məlumatlara görə, teatr daxilində maddi problemlər də yaşanır. Aktyorlar maaş cədvəlinə qol çəkib, cədvəldə yazılan dəyərədən çox az miqdarda pul ala bilir. Aktyorların şikayətlərindən belə məlum olur ki, bu haqda  kifayət qədər narazılıq bildirilsə də teatr rəhbərliyi tərəfindən hansısa hesabat verilmir, iclaslar keçirilmir, yaranmış problemlərlə bağlı müzakirələr edilmir. Bəs görəsən yaranan bu cür narazılıqlara son qoyulacaqmı? Bu sualımıza teatrın əməkdaşı tərəfindən cavab ala bilmədik.
Xatırladaq ki, bundan öncə də, ötən ilin son günlərində bayram ərəfəsində Akademik Milli Dram teatrnda teatrın direktoru ilə aktyorlar arasında qalmaqal baş vermişdi. Teatrın məşhur aktyorları direktor İsrafil İsrafilovun fəaliyyətindən və iş prinsiplərindən narazı olduqlarını bildriblər. Məlumata görə İsrafil İsrafilov Yeni il bayramı ilə əlaqədar aktyorları təbrik etmək üçün foyeyə dəvət edib. Direktorun çıxışı zamanı xalq artisti İlham Əsgərov etiraz edib və direktorun qarşısındakı mikrofonu götürüb. Daha sonra, aktyorlar da direktora etiraz edib. Etiraz edənlər arasında Nürəddin Mehdixanlı, Füzuli Hüseynov, Abas Qəhrəmanov da olub. Deyilənlərə görə, İlham Əsgərov bir neçə aktyorun köməkliyi ilə sakitləşdirilib. Daha sonra Nürəddin Mehdixanlı direktora qarşı çıxış edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR