Bəzi məmurlar provayderlə danışıb elektron KİV-i iflic edir

скачанные файлы (1)Kim desə ki, mən tənqidi könüldən sevirəm bilin ki, yalandır. Məlumdur ki, tənqidi heç kim sevmir. Amma ağıllı adamlar tənqiddən nəticə çıxardır, tənqid obyektini aradan qaldırır ki, bir daha tənqid hədəfi olmasınlar.
Bizim burnundan uzağı görməyən və görmək istəməyən bəzi məmurlar isə “əyri burun”larını düzəltmək əvəzinə güzgünü- medianı sıradan çıxarmağa çalışırlar.
Uzun illər, yəni elektron medianın olmadığı illərdə məmur təbəqəsi mətbuatla mübarizənin yolunu belə tapmışdı: əyalətdəki məmur qəzeti rayonun ərazisinə buraxmırdı, hansı yollasa qarşısını alırdı və guya bununla özünü sığortalayırdı. Bəzi məmurlar isə biabır olmamaq üçün səhər tezdəndən öz elçilərini qəzet köşklərinin qabağına göndərib qəzetin bütün sayını “topdan” aldırırdı ki, məlumat cəmiyyətə çatmasın. Hətta acığından qəzetin bütün sayını alıb yandıranlar da olub.
Əlbəttə, bu problemin həlli deyildi. Ancaq bəzi məmurlar bununla özlərinə təsəlli tapırdılar. Bunlar demək olar ki, qalıb keçmişdə.
İndi başqa dövrandır. Elektron media bütün dünyada meydan sulayır. İndi nə köşk var ki, gedib qabağını kəsdirəsən, nə də kağız var ki, yandırasan.
İndi odda yanmaz, suda batmaz elektron media var. Amma məmurlar elektron medianın da yolunu tapıblar. Məlumdur ki, hər bir sayt müəyyən provayder vasitəsilə cəmiyyətə çatdırılır. Sayt rəhbəri ilə dil tapa bilməyən məmur provayderlərin rəhbərləri ilə sıcaq münasibət qurur və onlardan xahiş edir ki, filan saytda, məsəl üçün, qafqaznews.az saytında onunla bağlı yazı getdiyi üçün həmin saytın domeninə provayder tərəfindən blok qoyulsun ki, provayderin müştəriləri qafqaznews.az saytında həmin məmurla bağlı yazını oxuya bilməsinlər.
Belə bir problemlə Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu üzləşib. Təsisçi Süleyman Vəzirov 11 D ünvanında yerləşən agentliyin ofisində qafqaznews.az saytına daxil olmaq istəsə də, bu mümkün olmayıb. Ancaq digər xəbər saytlarına daxil olmaq mümkün olub.
Problemlə bağlı Ailə tv internet provayderin 920 qaynar xətti ilə əlaqə saxladıqdan sonra həmin problem aradan qaldırılıb. Belə bir problemlə diğər oxucumuz Vüqar Qasımov üzləşib. 95 saylı ATS-in “Bakıinternet” internet provayderinə qoşulan abonentin qafqaznews.az saytına daxil olması mümkün olmayıb. Oxucu onu da bildirib ki, digər xəbər saytlarına maneəsiz daxil ola bilirəm.
Bunlardan başqa digər hallar da var.
Təxminən bir neçə ay əvvəl Nərimanov rayonu, Təbriz küçəsindən olan bir neçə oxucumuz TV CİTY provayderindən redaksiyamıza şikayət etmişdi. Şikayətdə qeyd edilirdi ki, digər xəbər saytlarına daxil olmaq mümkün olduğu halda qafqaznews.az saytına daxil olmaq mümkün olmur.
Bu cür hallar bir çox şirkətlərdə və banklarda da baş verir.
Misal üçün bir neçə şirkətlər və banklarda olan oxucularmız da bizə müraciət ediblər ki, qafqaznews.az saytına daxil olmaq olmur, ancaq digər xəbər saytlarına qarşı məhdudiyyət qoyulmayıb.
Apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, həmin şirkət və bankların admini tərəfindən internet sisteminə giriş təmin edilir, ancaq qafqaznews.az saytına məhdudiyyət və blok qoyulur.
Bu istiqamətdə araşdırmalarımız davam edir. Çünki bu problemlə bütün elektron KİV-lər üz-üzə qalıb. Bu çox ciddi problemdir.
Deməli, bəzi məmurlar elekron medianı iflic eləmək və cəmiyyəti obyektiv informasiyadan məhrum eləmık istəyirlər.

Araz Məmmədov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR