Buzovnadakı ruhi-əsəb internat evi şəxsi gəlir yerinə çevrilib

загруженное_(14)(6)Ruhi-əsəb əlilləri diqqətsizlikdən şikayətlənir

Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb internat evi xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Məlumatlara görə 217 yerlik internat evində hazırda 207 nəfər ruhi-əsəb əlili yaşayır. Lakin, dövlətimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıya baxmayaraq 9 saylı internat evində bu gün müxtəlif problemləryaşanmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, 9 saylı internat evinin direktoru Ədilə Əliyeva rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır. Müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalara görə müəssisənin sakinləri davamlı olaraq diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış əlillər, qocalar və ruhi-əsəb xəstələri dövlətin göstərdiyi qayğıdan yararlana bilmirlər. Məlumatlarda vurğulanır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin bir çox digər qurumlar bu internat evini xüsusi diqqət mərkəzində saxlayırlar. Müxtəlif bayram tədbirləri zamanı burda məskunlaşan insanların ürəyini şad etməkdən ötrü onlara müxtəlif hədiyyələr, yeməklər və paltarlar gətirilir. Həm yerli, həm də xarici təşkilatların rəsmiləri vaxtaşırı olaraq internat evinə yardımlar da göndərirlər. Lakin əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. Müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Qeyd etmək lazımdır ki, 9 saylı internat evi bir müddət bundan əvvəl büdcə vəsaitləri hesabına təmir olunub və burda insanların bütün tələbatlarının ödənilməsi üçün şərait yaradılıb. Amma Ədilə xanım bu gün müəssisədə elə bir vəziyyət yaradıb ki, qocalar evinin heç bir sakini bu şəraitdən istifadə edə bilmir. Məsələn, qocaların, əlillərin və ruhi-əsəbi xəstələrin normal qidalanmaları, geyim və yataq ağlarının təmiz saxlanması, həmçinin özlərinin də mütəmadi yuyunmaları təmin olunmur. Bu xüsusda müxtəlif instansiyalara ünvanlanan şikayət ərizələrində yazılır: “9 saylı internat evində keyfiyyətsiz yeməklər və qida məhsulları qocaları, əlilləri taqətdən salıb. Bayram günlərində internatın daimi sakinlərinin üzü gülür. Çünki onlar yalnız belə günlərdə normal yemək yeyirlər. Qocalara qarşı göstərilən münasibət çox pisdir. Onların əksəriyyəti baxımsızlıqdan şikayətlənir. İnternata ayrılan yardımların mənimsənilməsi müxtəlif fəsadlar yaradıb ki, bunun təsirini burda yaşayan insanlar əməlli-başlı hiss edir…”Belə bir məqamı da qeyd etməyə bilmərik ki, Ədilə Əliyevanın öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları barədə mətbuat səhifələrində dəfələr tənqidi materiallar dərc olunub.Lakin nədənsə 9 saylı internat evinin problemləri hələ də öz həllini tapa bilmir. Bu da məlumdur ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu tip müəssisələrin rəhbərlərinə öz vəzifələrinin icrasına vicdanla yanaşmağı xüsusilə tövsiyyə edib. Buna baxmayaraq, Ədilə Əliyevanın rəhbərlik etdiyi müəssisənin sakinlərinə qarşı qeyri-humanist davranışı bu gün də internat evində müxtəlif fəsadlara yol açmaqdadır. Ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan növbəti islahat tədbirlərinin siyahısına nəhayət ki, 9 saylı internat evində qayda-qanun yaradılması da daxil ediləcəkdir.

bizimdovr.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR