Dələduzluğun qurbanı olan vətəndaş Fuad Ələsgərovdan kömək istəyir

348Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri,1-ci dərəcə dövlət müşaviri cənab Fuad Ələsgərova 

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 172, mənzil 106-da yaşayan Malıyev Elşən Böyükağa oğlu tərəfindən

Ş İ K A Y Ə T   

Hörmətli Fuad müəllim,

Əliyev Rəvan Yusif oğlunun etibarımdan sui-istifadə etmə və aldatma yolu ilə mənə məxsus 440 min manat pulu ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi barədə müraciətlərim əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsində və Yasamal rayon polis idarəsinin İstintaq şöbəsində aparılmış araşdırmalar nəticəsində əsassız qərarlar qəbul edilərək qanuni mənafeyim təmin edilməmiş, Rəvan Əliyevin mənə və digərlərinə qarşı törətdiyi ağır cinayətlər ört-basdır edilmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir tədbir görülməmişdir.

Belə ki, mən əvvəllər Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam, bir neçə ildir ki, Vətənimizə qayıdaraq Bakı şəhərində yaşamağa başlamışam. Bakı şəhərində tanış olduğum Əliyev Rəvan Yusif oğlu özünü mənə «Bakcell» mobil rabitə operatorunun danışıq kartlarının satışı üzrə dileri kimi təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində ona və qardaşı Ruhin Əliyevə məxsus iki «Baksell» mağazasının olduğunu bildirib 2013-cü ilin iyun ayında biznesini genişləndirmək üçün ona maddi kömək etməyimi xahiş etmiş və əldə edəcəyi gəlirdən mənə müəyyən pay verəcəyini vəd etmişdir.

Rəvan Əliyevin məni aldatmaq məqsədinin olduğunu güman etmədiyimdən ona kömək etmək üçün tanışım İlkin Məmmədovdan 20 min manat borc alıb Rəvan Əliyevə vermişəm, o, hər ayın sonunda öz gəlirindən mənə pul verəcəyini bildirmiş və ilk ayın sonunda mənə 1200 manat pul vermişdir.

Rəvan Əliyev növbəti ayda məndən yenidən pul istədiyinə görə İlkin Məmmədovdan daha 16500 manat borc alıb ona vermişəm.

Bundan əlavə, Rəvan Əliyev biznesini daha da inkişaf etdirmək bəhanəsilə «Atabank»la bağladığı kredit müqaviləsinə əsasən mənim mülkiyyətimdə olan mənzili girov qoymaqla 18 oktyabr 2013-cü ildə 276 min manat kredit vəsaiti almış, həmin pulun 100 min manatını Nəsimi rayonudakı mağazasında danışıq kartları alması üçün qardaşı Ruhin Əliyevə vermiş, qalan 176 min manat pulu isə özündə saxlayaraq həmin pulla başqa bir firmadan danışıq kartları alacağını bildirmişdir.

2013-cü ilin noyabr və dekabr aylarında Rəvan Əliyev məni mağazaya dəvət edib əldə etdiyi gəlirdən müvafiq olaraq 7800 və 8200 manat vermiş, həmin aylarda hər dəfə 10 min manat olmaqla cəmi 20 min manat banka pul ödəmişdir.

2013-cü ilin dekabr ayında Rəvan Əliyev ilin sonu olduğundan sərfəli qiymətlə danışıq kartları ala biləcəyini bildirib təxminən 15 gün ərzində məndən təkidlə 100 min manat pul istəyərək bir ay müddətinə qaytaracağını vəd etdi. 05 yanvar 2014-cü ildə Ruhin Əliyev öz avtomaşınında Rəvan Əliyevin mağazasına qutularda danışıq kartları gətirdi və sonuncu onları Mingəçevir şəhərində yol polisində işləyən Vüqar adlı yeznəsinə satdırıb pulların Vüqar tərəfindən ona göndəriləcəyini bildirdi. Rəvan Əliyev məni inandırdığına görə həmin tarixdə tanışım Elşən Babayevdən 100 min manat pul alıb onu «İnşaatçılar» metro stansiyasının yaxınlığında Rəvan Əliyevə verdim.

Rəvan Əliyev mənim pul tapmaqda çətinlik çəkdiyimi görüb özümdə və tanışlarımda artıq pul qalmadğını və məndən bir daha pul  ala bilməyəcəyini başa düşüb 07 yanvar 2014-cü ildən etibarən telefon zənglərimə cavab vermədi, məlum oldu ki, o, məndən 100 min manat aldığı tarixdə Mübariz adlı tanışımın da 70 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək Türkiyəyə qaçmışdır. Mən Rəvan Əliyevin atası Yusif Əliyevə müraciət edərək oğlunun külli miqdarda pulumu dələduzluqla ələ keçirdiyini və mənzilimi girov qoyduğunu dedikdə, Yusif Əliyev məni hədələyərək Rəvanın yaxın vaxtlarda mənim üstümə Türkiyədən reketləri gətirəcəyini bildirdi.

Rəvan Əliyevin pullarımı dələduzluq yolu ilə ələ keçirdiyini başa düşdükdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə etdiyim müraciətimin araşdırılması Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Hacı Əfəndiyevə tapşırıldı və ona ətraflı izahat verdim. Rəvan Əliyev Bakı şəhərinə qayıtdıqdan sonra 24 yanvar 2014-cü ildə müstəntiq Hacı Əfəndiyev məni idarəyə dəvət etdi və idarəyə gəldikdə Rəvan Əliyevi müstəntiqin otağında gördüm. Rəvan Əliyev məndən pulları aldığını etiraf etdi və onları qaytaracağını vəd etdi, müstəntiq isə mənə bildirdi ki, əgər Rəvan Əliyevi həbs edilərsə, mənim pulumu qaytara bilməyəcək, iki ay müddətində pullarımı qaytarmasa, onda həbs ediləcək. Mən məcbur olub müstəntiqin təklifi ilə BMCMİ-nin rəisinin adına ərizə yazaraq Rəvan Əliyevə qarşı istintaqın müvəqqəti dayandırılmasını xahiş etdim. Eyni zamanda, Rəvan Əliyev də yaxın vaxtlarda «Atabank»la hesablaşacağı və və borclarını qaytaracağı barədə yazılı öhdəlik götürdü. Buna baxmayaraq, Rəvan Əliyev məni növbəti dəfə aldadaraq vədinə əməl etmədi və 2014-cü ilin mart ayında Rusiya Federasiyasına qaçıb getdi, mən də məcbur olub onun banka olan borcunu ödəməkdə davam etdim.

Rəvan Əliyev 2014-cü ilin iyul ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra onunla görüşərək pulumu qaytarmasını tələb etdim və əks təqdirə hüquq-mühafizə orqanlarına şikayət edəcəyim barədə onu xəbərdar etdim. Rəvan Əliyev cavabında heç kimdən qorxmadığını və barəsində cinayət işinin başlanmaması üçün müstəntiq Hacı Əfəndiyevə 30 min manat rüşvət verdiyini bildirdi.

Mən yenidən Daxili İşlər nazirinə müraciət etməli oldum və müraciətimin araşdırılması Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Canəli Nuriyevə tapşırıldı, lakin o, heç bir araşdırma aparmadan məndən, Rəvan Əliyevdən və Ruhin Əliyevdən izahat almaqla kifayətlənib cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 sentyabr 2014-cü il tarixli qanunsuz qərar qəbul etmişdir.

Rəvan Əliyev BMCMİ-də verdiyi izahatında məndən 135 min manat, o cümlədən sonuncu dəfə 100 min manat pul aldığını etiraf etmiş, bu barədə həmin idarə rəisinin 24 fevral 2014-cü il tarixli məktubunda da qeyd edilmişdir. Lakin Rəvan Əliyev Yasamal RPİ-nin İstintaq şöbəsində verdiyi izahatında məndən 100 min manat pul aldığını inkar etmiş, həmin məktubun surətini müstəntiqə təqdim etdiyimə baxmayaraq o, qeyd olunan fakta əhəmiyyət verməyərək yalnız Rəvan və Ruhin Əliyevlərin izahatlarına əsaslanmaqla qərar qəbul etmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün Elşən Babayevin izahatını almamış və digər zəruri hərəkətləri etməmişdir.

Ruhin Əliyev izahatında guya məni Rəvan Əliyevdən şikayət etdikdən sonra tanıdığını bildirmişdir. Əslində isə o, Rəvan Əliyevin bütün kommersiya-biznes fəaliyyətinin iştirakçısı olmuş, söhbətlərimizdə və görüşlərimizdə iştirak etmiş, mənim tərəfimdən Rəvan Əliyevə pulların, o cümlədən sonuncu dəfə 100 min manat pulun verilməsindən xəbərdar olmuş, Rəvan Əliyev bankdan aldığı kreditin 100 min manatını məhz ona vermişdir.

Rəvan Əliyevlə sonrakı telefon danışıqlarımız zamanı o, barəsində cinayət işinin başlanmasının rədd edilməsi üçün Canəli Nuriyevə də rüşvət verdiyini bildirmişdir.

 Hörmətli Fuad müəllim,

Mənə qarşı ağır cinayət törədildiyi və külli məbləğdə ziyan vurulduğu barədə kifayət qədər dəlillər olmasına baxmayaraq qanuni mənafeyimin müdafiəsinin təmin edilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmür.

Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Canəli Nuriyevin qanunsuz qərarından şikayətimə cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elman Əliyev 01 dekabr 2014-cü il tarixli məktubunda guya müraciətimdə göstərdiyim xüsusatların mülki xarakterli olmasını, buna görə də Canəli Nuriyev tərəfindən qanuni qərar qəbul edildiyini və həmin qərarın ləğv edilməsi üçün əsaslar olmadığını qeyd etmişdir.

DİN-nin BMCBİ-də və Yasamal RPİ-nin İstintaq şöbəsində aparılmış araşdırmalar zamanı Rəvan Əliyevin yeznəsinin, Rəvan Əliyevə vermək üçün mənim borc pul aldığım şəxslərin izahatları alınmamış, Rəvan Əliyevin məndən və bankdan aldığı pul vəsaitlərini hara sərf etdiyi yoxlanılmamış, şikayət və izahatımda göstərdiyim faktlara hüquqi qiymət verilməmişdir.

Polis orqanlarında qanunların düzgün icrasına nəzarət etməli olan yüksək vəzifəli şəxsin müstəntiqin tam, obyektiv və hərtərəfli araşdırma aparmadan qanunsuz qərar qəbul etdiyini görməməsi, əsaslı şikayətimə laqeyd və biganə münasibəti ancaq təəssüf və təəccüb doğurur. Halbuki, şikayətlərimdə qeyd etdiyim faktlardan və hətta natamam araşdırma materiallarından görünür ki, Rəvan Əliyev və qardaşı Ruhin Əliyev qabaqcadan əlbir olaraq etibarımdan sui-istifadə etməklə və məni aldatmaqla külli miqdarda pulumu dələduzluq yolu ilə ələ keçirmişlər.

Belə ki, müraciətlərimdə qeyd etdiyim faktlar Elman Əliyevin məktubunda qeyd etdiyi kimi, hər hansı «mülki xarakterli» olmayıb Rəvan Əliyevin mənə qarşı aşkar cinayət törətdiyini təsdiq edir.

Rəvan Əliyev və qardaşı Ruhin Əliyev əlbir olub mənə məxsus pul vəsaitini ələ keçirmək məqsədilə məqsədli şəkildə qabaqcadan plan hazırlamışlar, çünki onlar mənim Rusiyadan yeni gəldiyimi, Bakı şəhərində biznes-kommersiya fəaliyyyətimin olmadığımı bilərək şirnikləşdirib gəlir vəd etməklə onlara borc kimi pul verməyimə nail olmuşlar.

Mən və tanışlarım Rəvan Əliyevin və Ruhin Əliyevin sahibkarlıq fəaliyyətində bilavsitə iştirak etməmişik, onlarla hər hansı əmək münasibətlərində olmamışıq.

Rəvan və Ruhin Əliyevlər məndən başqa eyni üsulla mənə məlum olan daha iki nəfərin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər, onların başqa şəxslərə qarşı dələduzluq etmələri də istisna edilmir.

Rəvan Əliyev məhz mənim və tanışlarımın pulunun tükəndiyini, artıq ona pul vermək iqtidarında olmadığımı bildikdən sonra bir daha məndən pul istəməmiş və qaçıb gizlənərək Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir.

Göründüyü kimi, Rəvan və Ruhin Əliyevlər tərəfindən külli miqdarda pul vəsaitimin dələduzluq yolu ilə ələ keçirilməsi barədə kifayət qədər dəlillər olduğu halda Azərbaycan Respublikası CM-nin 2.1, 46.3-cü, CPM-nin 209.1-ci maddələrinin tələblərinə əhəmiyyət verilməyərək huquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasından imtina edilməklə hüquqlarım pozulmuşdur.

Hörmətli Fuad müəllim,

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət hüquqlarımın dövlət tərəfindən müdafiə edilməli olduğunu nəzərə alaraq, pul vəsaitimi dələduzluq yolu ilə ələ keçirməklə mənə külli miqdarda ziyan vurmuş Rəvan və Ruhin Əliyevlərin barəsində cinayət işinin başlanması və vurulmuş ziyanın ödənilməsi üçün zəruri tədbirlər görülməsinə kömək etmənizi xahiş edirəm.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR