Debaltsovo “katyolu”nda 7-8 min əsgər aman diləyir: “Hamımızı qıracaqlar…”

img1747859Atəşkəsə dair Minsk razılaşmasına baxmayaraq Ukraynanın Donetsk vilayətinin Debaltsovo rayonunda döyüşlər şiddətlənib.
Virtualaz.org saytı xəbər verir ki, qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın qüvvələri Debaltsovo “katyolu”na düşmüş 7-8 minlik Ukrayna hərbi birləşməsini darmadağın etmək üçün birgə hücum əməliyyatına başlayıblar.
Günün birinci yarısında separatçıların qüvvələri Debaltsovonun mərkəzinə daxil olub və küçə döyüşləri başlayıb. Onlar elan ediblər ki, şəhərin dəmiryol vağzalını və milis idarəsini tutublar.
Lakin rəsmi Kiyev bu iddianı əvvəlcə təkzib etməyib, daha sonra vağzalın və milis idarəsinin separatçıların nəzarətinə keçdiyini təsdiqləyib.
Ukrayna Müdafiə Nazirliyi Debaltsovodakı hərbi qüvvələrin mühasirəyə alındığına dair deyilənləri israr etməyə çalışsa da bu gün mühasirənin qapandığını etiraf etməli olub.
Mühasirədəki “Kiyevskaya Rus” batalyonunun döyüşçüləri deyiblər ki, əgər kömək gəlməsə, cəmi 12 saat davam gətirə bilərlər. Bu haqda hərbi əməliyyatları izləyən jurnalist Olqa Germanova öz facebook hesabında yazıb.
Antiterror əməliyyatları qərargahının sözçüsü Andrey Lısenko isə deyib ki, Ukrayna hərbçiləri hazırda Loqvinovo şəhərinə nəzarət edir, Debaltsovoya gedən yolu açıb. Ancaq o, Debaltsovoda şiddətli döyüşlərin getdiyini təsdiqləyib.
Mühasirəyə düşən “Krivbass” batalyonu isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından və ATƏT-dən kömək diləyir.
“Situasiya kritik və acınacaqlıdır. Uşaqlar tam mühasirəyə alınıblar. Döyüşlər gedir. Əsirlər var. 200-300 döyüşçünü döyüş mövqeyindən çıxara bilmirik. Yollar minalanıb. Hamı oturub gözləyir ki, batalyonun axırına nə vaxt çıxacaqlar” – deyə batalyonun komandir müavini, polkovnik Yuri Sinkovski telefonla bildirib.
Yuri Sinkovski Debaltsovonun tam mühasirəyə alındığını, qüvvələrin tükəndiyini deyib: “Uşaqlar mərdliklə döyüşürlər, mövqelərini əldən vermirlər. Ancaq döyüş sursatı tükənir, ərzaq praktiki olaraq yoxdur. Heç bir kömək gəlmir. ATƏT nümayəndələri də yoxdur, mənəvi ruh sarsılır. Qüvvələr qeyri-bərabərdir, ancaq hamı bunu ört-basdır edir”.
“Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” Vladimir Kononov isə bildirib ki, Debaltsovo şəhərinin 80 faizi artıq onların nəzarətindədir. Onun sözlərinə görə, mühasirəyə alınmış Ukrayna qüvvələri pərən-pərən düşüb, kiçik qruplar halında bir binadan o birinə qaçır, yaxud dəstələrlə silahlarını atıb təslim olurlar.
“The Wall Street Journal” qəzeti yazır ki, fevralın 11-də və 12-nə keçən gecə Minskdə “Normand dördlüyü” formatında aparılan danışıqlarda Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland atəşkəsin dərhal qüvvəyə minməsində israr ediblər. Lakin Rusiya prezidenti məhz Debaltsovo şəhərinin ələ keçirilməsi üçün vaxt qazanmaq üçün atəşkəskin fevralın 15-dən qüvvəyə minməsinə razılaşıb.
Debaltsovo məsələsi ötən bazar günü “Normand dördlüyü” arasında telefon danşığı zamanı da müzakirə olunub. Vladimir Putin israr edib ki, 7-8 minlik Ukrayna hərbi qüvvələri Debaltsovoda mühasirəyə alınıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə bunu inkar edib və yaraqlıların atəşkəsi pozduğunu deyib.
Dünən – fevralın 16-da gecə dörd ölkə lideri yenidən telekonfransa qatılaraq Debaltsovonu müzakirə ediblər. Bu zaman Ukrayna və Rusiya prezidentləri arasında kəskin mübahisə olub.
“Putin özünü nəhəng dövlətin başçısı kimi göstərərək sakit şəkildə deyib ki, o, Debaltsovo ətrafındakı situasiyadan yaxşı xəbərdardır. Hərçənd ki, o, Rusiyanın bu müharibədə iştirakını inkar etməkdə davam edib. Ukrayna və Rusiya prezidentləri Merkel və Ollandın iştirakı ilə keçirilən dörd saatlıq telefon danışığında kəskin mübahisə ediblər”- deyə qəzet yazır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR