Deputat Zahid Oruc : “ APA fikirlərimi təhrif edib “

Zahid_Oruc2Milli Məclisin 2 fevral tarixli iclasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham olunaraq azadlıqdan məhrum edilmiş Lamiyə Quliyeva olayı ilə bağlı məsələ qaldırılıb. Deputat Zahid Oruc bildirib ki, bu məsələ ictimaiyyətin və medianın əsas müzakirə mövzusuna çevrilib. O deyib ki, L. Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır: “Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir. Nəzərə alaq ki, bu məsələ dövlətə xəyanətdə ittiham olunan bəzi QHT rəhbərlərinin həbsi ərəfəsində gündəmə gətirilib. Bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır. Bu qadının ətrafında baş verən məhkəmə qərarı olayları kompleks olaraq bizim ədliyyə sisteminə ləkə gətirir”. İqbal Ağazadə isə qeyd edib ki, bütün hallarda həbsxanada cinayət baş verib və bir qadının üzərində qaranlıq oyun getdiyi ortadadır: “Penitensiar Xidmətlə bağlı qanunvericiliyə əsasən rəsmi nikahı olmayan istənilən məhkum içəridə yaxın münasibətdə ola bilməz. Artıq burada nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib. Üstəlik, o qadının dilindən hələ bir müraciət də yayırlar. İndi bir ana və körpənin üzərində oyun gedir. Bu məsələyə aydınlıq gətirilməlidir. Üstəlik, o qadının cəzası hansısa nəzarətçiyə qarşı kobudluq etməsi faktına görə 6 il uzadılıb. Bu, nə dərəcədə ədalətli məhkəmə qərarıdır? Mən xahiş edirəm ki, Milli Məclis, xüsusilə qadın həmkarlarım o qadının hüquqlarının müdafiəsi istiqamətində fəal olsunlar və müvafiq qurumlar bu oyunun qarşısını alsın”. Milli Məclisin sədr müavini Bahar Muradova Z. Orucun fikirlərinə şərik çıxdığını vurğulayıb: “On il əvvəl olmuş məsələnin indi bu şəkildə gündəmə gəlməsi Azərbaycanın məhkəmə sistemi ilə bağlı arzuolunmaz fikir yaratmaq istəyidir. Bu baxımdan məsələ araşdırılmalı, kim günahkardırsa, haqqında qərar verməlidir. Çünki Azərbaycan məhkəməsi obyektiv və ədalətlidir, ona ləkə gətirmək olmaz”. ( APA ) Zahid Oruc qafqaznews.org-a bildirib ki: “ APA mənim fikirlərimi təhrif edib. Çünki jurnalistlər deputatların fikirlərini diktafona yazmırlar. Mən çıxışım zamanı konkret ad çəkməmişəm. Axı, deputat məhkəmə funksiyasını öz üzərinə götürə bilməz, biz ancaq məsləhət verə bilərik. Mən bildirdim ki, məhkumun uşaq doğması məsələsi 4 həftədir mətbuatın gündəmindən düşmür, serial kimi davam edir. Buna görə, ölkənin hüquq sistemini şübhə altında qoymaq olmaz. Və bu serial Leyla Yunusun və digərlərinin həbsindən sonra beynəlxalq təşkilatların diqqətini cəlb eləmək üçündür”. Deputat Milli Şuranın lideri Cəmil Həsənlinin “Lamiyə Quliyevanı indiki hakimiyyət zorlayıb” sözlərinə də diqqətimizi cəkdi. Zahid Oruc sonda bildirdi ki, Bahar Muradova da məni müdafiə elədi: “ Vitse-spiker də hesab edir ki, məhkumun uşaq doğmasından hakimiyyətə qarşı istifadə eləmək olmaz və problem ədalətlə həll olunmalıdır”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR