Deputatın nəzarətindəki şirkətlərdə vergi yoxlamaları başlayır

1424935475_bez-imeni-1“Karat” holdinqin təkibinə daxil olan müəssisələrin illik qazancı milyonları keçir, amma…

Qanun məmurların və millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, Milli Məclisin bəzi deputatları biznesmen kimi ad çıxarıblar. Yerli KİV-lər dəfələrlə bizneslə məşğul olan millət vəkillərinin adını açıqlayaraq onların biznes şəbəkəsinə aid olan şirkətlər haqqında konkret faktları açıqlayıblar. Amma bütün bunlara baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlara qarşı ciddi tədbirlər həyata keçirilmir. Çünki vəzifəli şəxslərin bir çoxu nəzarətlərində olan obyektləri adətən yaxın adamlarının adına sənədləşdirirlər. Beləcə, onların bizneslə məşğul olmasını faktiki şəkildə sübuta yetirmək mümkün olmur. Parlamentin biznesmen kimi təqdim edilən üzvlərindən biri də Əsabil Qasımovdur. Qeyd edək ki, Əsabil Qasımov İmişli rayonundan millət vəkili seçilib. Deputatın adı son günlər müxtəlif qalmaqallı məsələlərdə hallanmaqdadır.

Belə ki, deputatın ailəsinə məxsus “Karat” holdinqdə komendant vəzifəsində çalışmış, hazırda həbsdə olan Rövşən Hacıyevin bacısı Güllü Hacıyeva və vəkili Ceyhun Yusifov ötən ilin oktyabrın 21-də mətbuat konfransı keçirərək çox ilginc faktları açıqlayıblar. C.Yusifov müvəkkilinin CM-nin 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə həbs olunduğunu bildirib: “Guya Rövşən Hacıyev “Karat” holdinqin vəzifəli şəxsi olaraq öz vəzifə səlahiyyətlərini aşaraq mənzilləri satıb və pulunu mənimsəyib. Guya komendant olan Rövşən Hacıyev 5 mənzil satıb və zərərçəkənlərə 1 milyon manatdan artıq ziyan vurub. Faktiki olaraq zərərçəkən də yoxdur. Bu, sadəcə, şər-böhtandır. Mənzil satışı zamanı müvafiq müqavilələr tərtib olunur və həmin müqavilələr möhür vurularsa, hüquqi cəhətdən qüvvəyə minir. Möhür yoxdursa, deməli, həmin müqavilələrin hüquqi qüvvəsi də yoxdur. “Karat” holdinq Bakının ən müxtəlif ünvanlarında çoxmərtəbəli binalar tikir, həmin binalarda olan mənzillərin satışını təsdiqləyən möhür isə yalnız bir ünvandadır – “Karat” holdinqin əsas ofisində. Möhür Əsabil Qasımovun oğlu Taleh Qasımovda olur. Onun baş ofisdə çalışan digər qohumları da nadir hallarda möhürdən istifadə etməklə müqavilələri təsdiqləyirlər. Yəni Rövşən Hacıyev istəsəydi, belə satışa çıxarılan mənzilin alqı-satqı müqaviləsini pulunu ödətdirmədən təsdiqlətdirə bilməzdi. “Karat” holdinqin inşa etdirdiyi binalardan 5 mənzilin satıldığı, lakin pulunun mədaxil edilmədiyi üzə çıxıb. Həmin mənzillərin satışı zamanı müqavilələrə möhür vurulub. Bunu Rövşən Hacıyev edə bilməzdi”. Vəkil müvəkkilinin ittiham olunduğu cinayəti törətmədiyini söyləyib: “Əsabil Qasımov gecə yarısı tikinti meydançalarına gedib traktorların işığı altında tikintidə istifadə olunan armaturları bir-bir sayan adamdır. Belə bir adamın xəbəri olmadan şirkətinin tikdiyi binada mənzil satmaq olar?” Keçirilən mətbuat konfransında R.Hacıyevin bacısı Güllü Hacıyeva maraqlı açıqlamalar verib. Deputatın qardaşına qarşı haqsızlığa yol verdiyini deyən G.Hacıyeva 5 mənzilin satılaraq pulunun mənimsənilməsində ən böyük günahkar Əsabil Qasımovun özünün olduğunu dedi: “Əsabil Qasımov şirkətlərinin başında öz qohumlarını oturdub. Onun qohumları həmin 5 mənzili satıblar və aparıb azar oyunlarında uduzduqları adamlara veriblər. Deputatın qohumu Qərib Əmiraslanov mənzilləri satandan sonra Rusiyaya, oradan da Türkiyəyə gedib. Əsabil Qasımov bunu biləndən sonra onu orada tutdurub Bakıya gətizdirdi, 20 gün də türmədə saxlatdı. İndi isə həmin cinayəti Qarabağ uğrunda döyüşlərdə canını qoyan, bir neçə dəfə yaralanan, əlacsızlıqdan gedib Əsabil Qasımovun holdinqində qarovulçuluq, komendantlıq edən qardaşımın üstünə yıxır. Necə ola bilər ki, bir komendant milyardlarla pulu olan holdinqin sahibini aldadıb? Məndə olan məlumata görə, Əsabil Qasımov mənzilləri öz yaxın qohumlarının adına rəsmiləşdirir. Qohumlarını çağırır və onlarla alqı-satqı müqaviləsi bağlayıb guya mənzili həmin qohumuna satır. Bunu niyə edir? Şəhərin mərkəzində olan binalarda mənzillərin kvadratını 110-120 manatdan olmaqla yaxınlarının adına rəsmiləşdirir. Halbuki həmin mənzillərin kvadratının real satış qiyməti 1200 manatdır. Beləliklə, vergi ödənəndə hər kvadrata görə 120 manatdan ödənir. Faktiki isə həmin mənzillərin kvadratı 10 dəfə baha satılır. Binaların üstündə olan texniki sahələr də sonradan mənzilə çevrilərək satılır. Hansını deyək? Bu adamın 30-dan artıq şirkəti var. Haradan alıb deputat bu qədər pulu? Bu adam sadəcə, qohumlarına nəzarət edə bilmir, qardaşımı da günahsız olduğunu bilə-bilə həbs etdirməklə qohum-qardaşının gözünü qorxutmaq istəyir”. Deputatın ünvanına bu qədər sərt ittihamlar səsləndirilsə də, əlaqədar dövlət qurumları Əsabil Qasımova məxsus holdinqdə üzə çıxan dələduzluq faktını dərindən araşdırıb əsl günahkarları məsuliyyətə cəlb etmədilər. Bu isə o deməkdir ki, deputat toxunulmazlıq mandatından və yüksək maliyyə imkanlarından istifadə edərək aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələrini ələ alır. Ya da hansısa sehrli əllər millət vəkilini mövcud təhlükələrdən qoruyur. Araşdırmalar isə göstərir ki, İmişlinin deputatı heç də balaca fiqur deyil. Onun biznes şəbəkəsinə nəzər salanda görürük ki, Əsabil Qasımovun nəzarətində olan müəssisələrin illik gəliri milyardları keçir. Məsələn, “Karat” holdinqin tərkibinə daxil olan çoxsaylı şirkətlərə diqqət yetirək: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alqı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulda və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” hoteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market”. Deyilənə görə, deputat hansısa məqsədlər üçün marketin sahəsini 309 kvadratmetr göstərib, faktiki isə 515 kvadratdan artıqdır: “Bu necə deputatdır ki, belə işlərə yol verir? Onun şirkətlərində xoşagəlməz  hallar mövcuddur”. Bu arada, qeyd edək ki, bir neçə gün öncə İmişlinin deputatı barədə ilginc iddia ortaya atılıb. Bəzi saytların yazdığına görə, 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı Əsabil Qasımov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. O, qarşıdakı seçkilərdə özünün deyil, oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmaq istəyir: “Deputat oğlunun hansı dairədən namizəd olacağını yəqinləşdirməsə də, güman ki, bu, Sumqayıtdakı dairələrdən biri olacaq”. Özəl qaynaqların bildirdiyinə görə, isə, vergi orqanları Əsabil Qasımovun nəzarətindəki şirkətlərdə tezliklə yoxlamalara başlayacaq. Burdan belə görünür ki, deputatın biznesi ciddi təhlükə altındadır, o yuxarıda adlarını qeyd etdiyimiz şirkətlərini itirə bilər. Qeyd edək ki, Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət göstərsə də, indiyə qədər nə Milli Məclisin plenar, nə də komitə iclaslarında bircə dəfə olsun çıxış etməyib. Qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı təşəbbüs və aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR