Elmar Məmmədyarov Qarabağda sülhə çağırdı

elmar2“Hərbçilər öz evlərinə dönməlidir”.

“Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”.

Qafqaznews.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zərifləgörüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq:

“Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir”.

Məhəmməd Cavad Zərif öz növbəsində deyib ki, İran bir qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır.

Onun sözlərinə görə, İranın 100 kilometrlik ərazisi münaqişə zonası ilə sərhəddə yerləşir. Nazir qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir:

“İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR