Fərhad Qəribovun “Çırağ”ı “söndürülür”?

1425028656_0001Milli Məclisdə bizneslə məşğul olan deputatların sayı az deyil. Qanun məmurların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını yasaqlasa da, əksər vəzifəli şəxs buna məhəl qoymur. Qeyd edək ki, dünyanın bir çox ölkəsində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq, müxtəlif mətbuat vasitələrində deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı məlumatlar yayılır.

Milli Məclisin bizneslə məşğul olduğu iddia edilən üzvlərindən biri də Fərhad Qəribovdur. Məlumat üçün bildirək ki, Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən “Muğanmeliorasiyasutikinti” Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən “Kənd tikinti” Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. 2002-2004-cü illərdə “Debüt” Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləyib. 2004-2005-ci illərdə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. Apardığımız araşdırmalar göstərir ki, Fərhad Qəribov Milli Məclisin fəal deputatlarından deyil. Belə ki, millət vəkili müxtəlif qanun layihələrinin müzakirəsi və qaldırılan digər məsələlərlə bağlı əksər hallarda susqunluğunu pozmur. Əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, Fərhad Qəribov vaxtının çox hissəsini biznes işlərinə ayırır və onun nəzarətində böyük biznes şəbəkəsi fəaliyyət göstərir: “Deputatın biznesi ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Məlumatlara görə, Bakıda yerləşən “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsi, “İrşad Telecom” Fərhad Qəribova məxsusdur. Bundan əlavə millət vəkili “Debütbank”a da nəzarət edirdi”. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis üzvünə məxsus bankda külli miqdarda yeyinti faktı üzə çıxmışdı. Məlumata görə, Fərhad Qəribovun bankı vasitəsilə dövlətin 2,96 milyon manatı mənimsənilib. Bu haqda Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2010-cu il dekabrın 2-də Azərbaycan Mərkəzi Bankı “Debüt” Bank ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanı ləğv edib. İddialara görə, həmin vəsait Fərhad Qəribovun xeyir-duası ilə müştəriyə verilib. Etibarlı mənbələrin bildirdiyinə görə, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən “Çıraq Plaza” və “Şəki” restoranlar şəbəkəsi təşkil edir. Xatırladaq ki, Kürdəmir şəhərindəki “Şəki” restoranında tez-tez xoşagəlməz hadisələr qeydə alınır. Məsələn, bir neçə ay öncə restoranda ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı danışan millət vəkili Fərhad Qəribov isə restoranın ona yox, oğluna məxsus olduğunu deyib. Onu da qeyd edək ki, millət vəkilinin Kürdəmirin bəzi idarə müdirləri ilə münasibəti normal deyil. Belə ki, Fərhad Qəribov ötən ilin avqustunda Kürdəmir Rayon Polis Şöbəsinin rəisini hədəfə alan açıqlamalar verib. Milli Məclis üzvü bildirib ki, rayonda narkomaniya güclənib: “Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam”. Rayon Polis Şöbəsinin baş müstəntiqi Əli Bağırov isə bildirib ki, Fərhad Qəribovun Kürdəmir polisinin fəaliyyətindən narazılığının səbəbləri ona məlum deyil: “Fərhad müəllimin Kürdəmir polisi haqqında niyə belə danışdığını deyə bilmərəm. Kürdəmirdə narkomaniyaya qarşı mübarizə aparılır”. Daxili İşlər Nazirliyi də millət vəkilinin Kürdəmir Rayon Polis İdarəsinin rəisi ilə bağlı ittihamlarına cavab verib. Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, müasir zamanda narkomaniya adlı bəla bütün dünyanı narahat edən bir məsələdir və bu problem Azərbaycandan da yan keçməyib: “Narkomaniya ilə mübarizənin daha da gücləndirilməsinə dair Cənab prezidentin imzaladığı iki Dövlət Proqramımız var. Bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublikanın bütün hüquq-mühafizə orqanları, o cümlədən daxili işlər orqanları qarşılıqlı fəaliyyət göstərirlər. Narkomaniya ilə mübarizədə müəyyən uğurlar, müsbət nəticələr də əldə olunur və bu iş fasiləsiz olaraq da davam etdirilir. Elə bunun nəticəsidir ki, şükürlər olsun ki,bu sahədə vəziyyət Azərbaycanda elə də kritik həddə deyil. O ki qaldı hörmətli deputatın fikirlərinə, onun narahatlığı başadüşüləndi. Amma Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə respublikamızın digər bölgələrindən fərqlənmir. Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır”. Özəl mənbənin sözlərinə görə, Kürdəmirin deputatı bu vaxta qədər bir çox təhlükəli situasiya ilə qarşılaşıb. Lakin hər dəfə kimlərinsə yardımı ilə biznesinə yaranan təhlükəni aradan sovuşdurmağı bacarıb: “Buna rəğmən, son vaxtlar deputatın başının üstünü qara buludlar alıb. Yüksək rütbəli məmurlardan birinin “Çıraq Plaza”ya göz dikdiyi və bu məqsədlə Fərhad Qəribova qarşı təzyiqlərə start verildiyi deyilir. Hətta yayılan məlumatlara görə, millət vəkili builki parlament seçkilərində “offsayd”da qala bilər”.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR