Firudin Nəbiyev kimdir: dövlət məmuru, yoxsa biznesmen?

1313052Sözün düzü, Dövlət Miqrasiya Xidmətində ( DMX ) baş verən qanunsuzluqlardan yazmaqdan artıq bezib-usanmışıq. Axı, insan nə qədər neqativ hallardan yazar, nə qədər ədalətsizlikdən, qanunsuzluqdan bəhs edər?
Biz də bir yazar olaraq çox istəyərdik ki, müsbət əməllərdən, DMX-nin cəmiyyətimiz üçün faydalı tədbirlərindən yazaq, müsbət işləri təbliğ edək. Amma, nə etməli ki, bizdən asılı olmayaraq hər gün redaksiyamıza DMX-də baş verən qanunsuzluqlarla bağlı materiallar daxil olur. Artıq bizim DMX ilə bağlı jurnalist araşdırması aparmağımıza da elə ehtiyac qalmayıb, çünki bu prosesə cəmiyyət özü qoşulub. Və digər tərəfdən DMX-nin fəaliyyəti və qurumun rəisi Firudin Nəbiyevin əməlləri ilə bağlı artıq bütün ölkə mətbuatı yazır.
Dənizin dadını bilmək üçün bir damcı yetərli olduğu kimi, bizə elə gəlir ki, DMX-nin rəisi Firudin Nəbiyevin yerində olmayan kadr olduğunu sübut eləmək üçün aşağıdakı müraciət yetərlidir.
25 ildən artıqdır ki, Azərbaycanda yaşayan və işləyən Türkiyəli qardaşımız Coşkun bəy Şahin yazır ki: “ Mən dəfələrlə DMX-nin rəisi Firudin Nəbiyevlə görüşməyə çalışsam da bu mümkün olmayıb. Bu qurumda o qədər qanunsuzluqlar, rüşvətxorluq halları var ki, deməklə bitən deyil. Mən 25 ildir Azərbaycanda yaşayan türk olaraq 2 ildir başıma açılan qanunsuzluqlarla bağlı görüşüb Nəbiyevə məlumat vermək istəyirəm. Amma bu mümkün deyil. 2 ildir Bakı şəhəri Regional Miqrasiya Xidmətinin rəisi İntiqam Məmmədovun qanunsuz əməllərinə görə mən və ailəm əziyyət çəkirik. Burda mənim ailəm və 2 övladım var. İndi mənim oğlumu Azərbaycan Milli Ordusuna əsgər çağırıblar. Mən bu ölkədə kimə güvənim?
Mən xəstələnib Türkiyəyə gedəndə iş yerimi Azərbaycan vətəndaşına verib ( devr edib) getmişəm. Mən burda olmayanda DMX-nin işçiləri mənim köhnə iş yerimə gəlib türk vətəndaşını yaxalayıblar, sonra köhnə sənədlərimi və kassa çekimi götürüb mənə xəbərim olmadan 3000 manat cərimə yazıblar. Bu barədə evimə məktub gəlib.
Və Ceyhunə adlı dövlət məmuru məndən bu cəriməni ödəməyi tələb elədi. Mən ona başa saldım ki, artıq xeyli vaxtdır həmin iş yeri mənim deyil, Şamxal adlı Azərbaycan vətəndsaşına məxsusdur. Ceyhunə xanım mənə dedi ki, get həmin vətəndaşı tap gətir. Mən də həmin vətəndaşı tapıb gətirdim. Şamxal Bakı Regional Miqrasiya Mərkəzinin rəisi İntiqam Məmmədovun adına ərizə yazdı ki, həmin iş yeri mənə məxsusdur və cəriməni mən ödəyəcəm. Ceyhunə xanım ərizəni qəbul elədi və mənə dedi ki, sənin heç bir günahın yoxdur.
Və mən həmin ərizənin foto-surətini götürdüm”.
Şikayətçi sonra bildirir ki: “ Bütün bunlara baxmayaraq indiyədək mən nə viza, nə də oturum ala bilirəm. Axı, mənim heç bir suçum yoxdur. İndi isə oğlumu əsgər aparmaq istəyirlər. Mən kimə güvənib oğlumu əsgər gondərim? Qoy bütün bunlara DMX-nin rəisi Nəbiyev aydınlıq gətirsin”.
Şikayətçinin sualları öz yerində. Biz də Qafqaz Xəbər Agentliyi olaraq cənab Nəbiyevə bəzi sualları ünvanlamaq istəyirik.
Cənab Nəbiyev! Son günlər ölkə mətbuatında sizə məxsus xeyli sayda əmlakın və biznes obyektlərinin olduğu barədə ciddi faktlar dərc olunur. Məsələn, mətbuatın yazdığına görə aşağıdakı əmlak sizə məxsusdur:
– “FASHİON Club” qadın gözəllik salonu — Bakı şəhəri, Teymur Əliyev küçəsi
– Fermer təsərrüfatı — 500 hektar ərazidə — Xaçmaz rayonu, Xudat şəhərində
– Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq — Yalama keçid məntəqəsinin qarşısında
– Novxanıda dəniz kənarında restoran
– “Orxan” istirahət mərkəzi — Nabranda
– “ATA Market”- Binəqədi qəsəbəsində
– “Elay” şadlıq evi — Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli)
– Masazır qəsəbəsində yeni tikilən bir neçə bina
– Yanacaq doldurma məntəqəsi — Bakı-Rusiya magistral yolunda
– Hotel — Bakı şəhəri, Teymur Əliyev küçəsində
– Şəxsi avtomobillər kolleksiyası
– “Mersedes Galendwagen” — nömrə nişanı — 002
– “Mersedes S Klass” — nömrə nişanı — 002
– “Range Rover Discovery” — nömrə nişanı -011
– “Lexus 570″ — nömrə nişanı — 009.
Cənab Nəbiyev! Bunlar bizdə olan siyahının az bir hissisədir. Ancaq istənilən halda suallar ortaya çıxır. Bu boyda əmlakı sən hansı pulla almısan? Axı sənin aldığın əmək haqqı ilə ən yaxşı halda xırda bir dəlləkxana almaq olar. Deməli, sən ölkə qanunlarını pozaraq biznes fəaliyyəti ilə məşğulsan. Ya da hansısa mənbədən gələn çirkli pullardan yararlanırsan?
Yaxşı olar ki, bu suallara özün aydınlıq gətirəsən. Əks təqdirdə…

Samir Zeynalov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR