İbrahim Ləmbəranski sabiq hakimin məhkəməsində zərərçəkəni ifşa etdi

83542_res_01Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski və şahid Rauf Qurbanov ifadə verdilər.

İbrahim Ləmbəranski sərbəst ifadəsində bildirdi ki, adı bu iş üzrə zərərçəkən kimi keçən Ramazan Səlimova proses boyunca qarşı heç bir qərəz olmayıb: “Ramazan Səlimov necə ifadə veribsə, protokola da o cür yazılıb”.

İ.Ləmbəranski dedi ki, zərərçəkənə ziyanın ödənilməsi onun vasitəsilə həyata keçirilməyib: “Mənim kimin kimə nə qədər pul ödənilməsindən xəbərim yoxdur. Zərərçəkən yalan danışır”.

Qeyd edək ki, İbrahim Ləmbəranski məhkəməyə zərərçəkmiş tərəfin vəsatəti əsasında dəvət olunub. Zərərçəkmiş Ramazan Səlimov ifadəsində göstərib ki, bu işin istintaqı aparılan zaman müstəntiq onun ifadəsini protokola düz qeyd etməyib, bununla da müstəntiq tərəfindən bəzi təhriflərə yol verilib.

R.Səlimov onu da bəyan etmişdi ki, müstəntiq İ.Ləmbəranskinin xidməti otağında ona ziyanın bir hissəsi kimi 50 min manat ödənilib, yerdə qalan ziyanın ertəsi günü ödəniləcəyi vədi verilib, amma sonradan aldadılıb.

Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR