Kardiologiya İnstitutunda özbaşınalıq

1425019425_skachannye-faylyAdil Baxşəliyev kimə güvənir?

Ölkənin səhiyyə sistemində vəziyyət getdikcə pisləşir. Səhiyyənin durumu o qədər bərbaddır ki, artıq heç bir xəstənin ölkə səhiyyəsinə inamı qalmayıb. Ona görə də imkanı çatan xarici ölkələrin səhiyyəsinə üz tutur. Səhiyyənin inkişafı üçün hökumətin bir sıra işlər görməsinə baxmayaraq, ölkə səhiyyəsi inkişafdan geri qalır.

Təkcə paytaxtda deyil, həmçinin regionlarda da səhiyyənin durumu qənaətbəxş deyil. Bu gün dövlət xəstəxanaları pullu xidmət göstərmələrinə görə, özəl tibb ocaqlarını ötüb keçiblər. Halbuki dövlət xəstəxanalarının pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Amma gördüyünüz kimi, bu qanuna məhəl qoyan yoxdur. Bu baxımdan, ürək-damar sistemi xəstəlikləri ilə məşğul olan və Adil Baxşəliyevin direktoru olduğu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunu misal göstərmək olar. Sözügedən tibb müəssisəsi ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Əldə etdiyimiz məlumata görə, Adil Baxşəliyev xəstəxanada at oynadır. Hətta dövlət tərəfindən xəstəxanaya ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib. Bundan başqa xəstələr xəstəxanadakı şəraitdən şikayətçidirlər. Tibb müəssisəsi lazımi avadanlıqlarla təmin olunmayıb.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar sözügedən tibb müəssisəsinə üz tutsalar da, tibbi xidmətin keyfiyyətindən razı qalmırlar. Orada işləyən həkimlər xəstələrdən pul umurlar. Göstərdikləri xidmət isə tələb olunan pula uyğun deyil.

İnstitutun qarşısında xəstələr saatlarla ayaq üstə dayanıb gözləyirlər. Məsələn, ürək-damar sistemindən əməliyyat olunan Elçin Kazımov mətbuata verdiyi açıqlamada bildirib ki, əvvəllər İnstitutda müayinə üçün heç bir problem olmayıb. Amma indi İnstituta müayinə üçün gələn Elçin Kazımov içəri girə bilmir. O, bunun səbəbini heç özü də bilmir. Xəstə deyir ki, müayinə üçün institutun qarşısında iki saat ayaqüstə dayanmağa sağlamlığı imkan vermir, ərazidə isə oturmaq üçün oturacaq da yoxdur: “Həmişə müayinə olunmağa gəlirdim, problem çıxmırdı. İndi iki saatdır Kardiologiya İnstitutunun qapısındayam, içəri buraxmırlar. Deyirlər ki, müayinələr poliklinikalarda aparılır. Lakin mən burada müayinə olunmaq istəyirəm”.

Ümumiyyətlə, bu gün bütün xəstəxanlara daxil olarkən, saatlarla növbə gözləməli oluruq. Sanki hər kəs xəstədir. Son illər ölkəmizdə ürək-damar sistemi xəstəliklərinin geniş vüsət aldığını, hətta bu tip xəstəliklərin cavanlaşdığını desək, yəqin ki, yanılmarıq. Bir çox ekspertlər də iddia edirlər ki, ürək-damar sistemi xəstəlikləri arasında qan təzyiqinin qalxması ilə müşahidə edilən hipertoniya xəstəliyi hazırda daha çox müşahidə olunur.

Buradan da bir daha aydın oldu ki, səhiyyəmizin zəif inkişaf etməsinə səbəb rüşvətxorluğun və korrupsiyanın baş alıb getməsidir. Nə vaxta qədər özbaşınalıq, rüşvətxorluq hökm sürəcək, cəmiyyətimiz inkişaf etməyəcək. Sağlam toplum yaranmayacaq, vətəndaş cəmiyyəti formalaşmayacaq. Hər hansı bir dövlət xəstəxanasında cərrahi əməliyyat olan xəstə qanuna görə pulsuz dərmanlarla təmin olunmalıdır. Ancaq hanı o qanunlar, hardadır? Kimə görə sənədlərdə, kimə görə isə dillərdə. Hamı əgər bu cəmiyyətin inkişafını istəyirsə, tərəqqi istəyirsə, o zaman qanunlar dildə, kağız üzərində yox, əməllərdə olmalıdır. Əməllərdə olan qanun tez yayılar, tez inkişaf edər.

gundelik-baku.com

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR