Əkbər Hacıyev opponentlərinin qarşısında çətin durumda qalıb

1424847175_zaeriqazzz“Azəriqaz” rəhbərliyi yenidən qızışan diplom qalmaqalı fonunda əməkhaqqı ödənişində “paket” sistemindən imtina edir?

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin başı üzərində deyəsən, məğriblə məşriq ulduzları yenidən oyun çıxarır. Ulduzların toqquşmasına şükür ki, hələ çox var. Lakin problem yetişməkdədir.

Belə ki, əldə etdiyimiz ən son məlumata görə, yaxın aylardan başlayaraq “Azəriqaz” işçilərinə maaşdan əlavə verilən təxminən 1,5-2 milyon manatlıq “paket”dən imtina edə bilər. Nəticədə ən böyük zərərin Birliyin mühəndis-texniki personalını əhatə edəcəyi bildirilir. Məlumata görə, indiyədək paket sistemindən əsasən aşağı əməkhaqqı alan mühəndislər və Birliyin mərkəzi aparatında çalışan şəxslər yararlana bilirdi. Baxmayaraq ki, bununla işçilərə paylanan maaşların bir hissəsi vergidən bilərəkdən yayındırılırdı. Lakin son zamanlar “Azəriqaz”da yaranmış çətin maliyyə durumu “paket” sisteminə yenidən baxmaq məsələsini gündəmə gətirib. Belə ki, məlumata görə, baş direktorla baş mühasib arasında ciddi qarşıdurma yaranıb. Buna səbəb Birliyin baş mühasibinin dolayısı ilə Əkbər Hacıyevin professionallığını şübhə altına alan yanaşmalarının olduğu deyilir. Maraqlıdır ki, paket sistemi ilə bağlı yayılan bu  xəbərdən sonra “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin “yuxarılar” qarşısında problemləri də dərhal artmağa başlayıb. Bəziləri bunu ARDNŞ-nin kadrlar idarəsində “Azəriqaz”ın direktoruna məxsus ali təhsil barədə diplomun surətinin çıxarılması ilə bağlı yayılan ilginc xəbərlə əlaqələndirir. Lakin Əkbər Hacıyevin özünü baş verənlərdən xəbərsiz kimi aparmasının da müəyyən məntiqi olduğunu düşünmək lazım gəlir. Hələlik bu məsələ ilə əlaqədar əlavə məlumat olmadığı üçün yalnız onu deyə bilərik ki, diplom məsələsi ilə bağlı Əkbər Hacıyevə qarşı əvvəllər də iradlar çox olubsa da, “Azəriqaz” rəhbəri özünü təmkinli apararaq məsələyə reaksiya verməyib. Çünki, hər dəfə ARDNŞ prezidentinin proteksiyası ilə əhatə olunub. Məlumat üçün bildirək ki, bir müddət öncə mətbu orqanlara yayılmış informasiyada Əkbər Hacıyevin 1993-cü ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikinti” ixtisası fakültəsini bitirdiyi qeyd olunurdu. Lakin həmin ərəfələrdə bu ali təhsil müəssisəsinin adının bir neçə dəfə dəyişdirildiyi üçün Əkbər Hacıyevə verilən diplomun saxta olub-olmaması məsələsi gündəmə gəlmişdi. Belə ki, Leninqrad şəhərinin adının dəyişməsi ilə əlaqədar 1992-ci ildə Leninqrad inşaat mühəndisləri institutunun da adı dəyişdirilərək Sankt-Peterburq inşaat mühəndisləri olub. 1993-cü ilin 22 iyununda isə bu ali təhsil ocağını Sankt-Peterburq dövlət arxitektura-inşaat universitetinə çeviriblər. Məntiqə görə bu ali məktəbin 1993-cü il məzunlarının diplomunda birmənalı olaraq universitet sözü qeyd olunmalıydı. Lakin Əkbər Hacıyevin diplomunda onun bioqrafik məlumatlarından göründüyü kimi, universitet sözü yoxdur. Elə isə ortaya müəyyən suallar çıxır ki, görəsən bə necə olub ki, Əkbər müəllimin diplomuna universitet sözü düşməyib. Bütün bunlar “Azəriqaz”ın baş direktorunun işgüzar imicini zəbə altına alan amillərdəndir. Məsələni ciddiləşdirən odur ki, Əkbər Hacıyev hələ də özü barədə yayılan bu xəbərləri təkzib etməyib.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR