“Köhnə kolbasa istehsalçısı” Rəhim İsgəndərovun Müdafiə Nazirliyində nə işi var?

timthumb (1)Hərbi hissələrin mətbəxlərinə yol açmağa müvəffəq olmuş saysız- hesabsız işbazların şəxsiyyətini və ixtisas uyğunluğunu araşdıran varmı?

Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi Rəhim İsgəndərovun hərbi sferanın ən həssas sahələrindən olan ticarət və iaşə xidmətini nəzarətində saxlaması və şəxsi kommersiya maraqlarına uyğunlaşdırması barədə məlumatlar zaman-zaman mətbuatın gündəmində olub. Bu məsələ ilə bağlı bu dəfə də bir qədər oxşar, lakin təfərrüatlı məlumatlar əldə edə bilmişik. Qeyd edək ki, Müdafiə Nazirliyinin strukturlarında edilən son kadr dəyişiklikləri köhnə kolbasa istehsalçısı, sonradan DİN Daxili Qoşunlarında təchizat “işinə” baxan  Rəhim İsgəndərova düşərli oldu.

Özünü müdafiə naziri Zakir Həsənovun yaxın adamı kimi qələmə verən bu adam daha yüksək vəzifəyə təyinat alacağı barədə yaxın çevrəsinə mesajlar verərkən yanılmırmış. Vaxtilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Maddi-Texniki Təchizat İdarəsinin rəisi olmuş Rəhim İskəndərov Müdafiə Nazirliyinin oxşar strukturuna transfer edildi.Nazirliyin Təchizat İdarəsinin rəhbəri vəzifəsinə gətirildikdən sonra rəvac verdiyi ilk “yeniliklər” tenderlərin ləğvi ilə bağlı oldu. Əslində isə tenderlərin keçirilməsi sadəcə formal xarakter daşımağa başladı. Burda əsas məqam Müdafiə Nazirliyinin strukturlarının ərzaq və ərzaq məhsulları ilə təminatında keyfiyyət faktorunun arxa plana keçirilməsində üzə çıxır. Digər tərəfdən, ərzaq və ərzaq məhsullarının, həmçinin xidmətlərin qiymətlərinin həddən artıq şişirdilmsi yolu ilə büdcə vəsaitlərinin silinməsinə yol açıldı. Müdafiə Nazirliyində yerini möhkəmləndirən Rəhim İsgəndərovun “yenilikləri” tək bununla məhdudlaşmır. Artıq hərbi hissələrdə mağazalar şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Bundan əlavə orduda ərzaq təchizatı ilə məşğul olan geniş kommersiya şəbəkəsi formalaşmaqdadır. Bu amil mülki şəxslərin hərbi hissələrə giriş-çıxışının asanlaşması ilə müşayiət olunmaqdadır.Vaxtilə hərbçilərin yerinə yetirdiyi bir sıra funksiyalar kommersiyalaşdırılaraq Rəhim İsgəndərovun maraqlarına uyğunlaşdırıldı. İndi bu uyğunluğun “sertifikatını” əlində bayraq edən  idarə rəisi bildiyini edir. Nəticədə Müdafiə Nazirliyinin hərbi hissələrindəki ticarət  və iaşə müəssisələrində mənşəyi məlum olmayan mallar xırıd edilr. Burda bir məqamı da qeyd etmək yerinə düşər. Söhbət hərbi hissələrin mətbəxlərində yol açmağa müvəffəq olmuş mülki şəxslərdən gedir. Belə şəxslərin seçilib yerləşdirilməsində rol oynayan tanışlıq, ortaq biznes maraqları, regionçuluq kimi neqativlərin təhlükəsizlik baxımından diqqətlə araşdırılmaya ehtiyacı var. Düşünürük ki, hərbi hissələrdə əsgər və zabit personalının sağlamlığını təhlükə altında qoya biləcək bu kimi amillər tam nəzarətə götürülməlidir. Bəs idarə rəisinin maddi maraqlarına işləyən bu “yeniliklərdə” qazanan kimlərdir? Əlbəttə ki, işbazlar! Əldə etdiyimiz məlumata görə, vaxtilə Daxili Qoşunların qurumlarında “təcrübə” əldə etmiş bu işbazlar indi oxşar funksiyanı daha geniş şəbəkədə Müdafiə Nazirliyində yerinə yetirirlər.

Rəhim İsgəndərovun tərcümeyi-halında daha qabarıq nəzərə çarpan məqamlar onu kolbasa istehsalçısı kimi xarakterizə etməyə imkan verir. Belə ki, bu şəxsin hələ Daxili Qoşunlarda fəaliyyətindən çox-çox əvvəl “Ovçular ət və ət məhsulları” MMC-ni nəzarətində saxlaması barədə yetərli məlumatlar var. Maraqlıdır ki, Rəhim İsgəndərova məxsus şirkətin istehsal etdiyi kolbasa məhsullarının keyfiyyət problemi həmişə müvafiq orqanların gündəmində olub. Baxmayaraq ki, “Ovçular ət və ət məhsulları” MMC-də şirkətin buraxdığı kolbasa və sosislərin ən yüksək dövlət rəhbərliyində də bəyənildiyini yoxlama orqanlarına söyləməkdən yorulmurdular. Lakin sonradan məlum oldu ki, Rəhim İsgəndərovun kompaniyası sadəcə, dövlət adamlarının adından istifadə edirmiş. Keyfiyyət məsələsinə gəldikdə isə hər şey 2011-ci ilin fevral ayında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ovçular ət və ət məhsulları” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlamalardan sonra üzə çıxdı. Yoxlama zamanı “Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, “Domaşniy” və “Halal ovçular” kolbasalarının etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə kolbasaların və sosiskaların üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan göstərildiyi müəyyən olundu. Maraqlıdır ki, müəssisənin anbarında saxlama müddəti ötmüş Almaniya istehsalı olan təhlükəli inqrident “Sorbat R” adlı qılaftəmizləyici maddə aşkar edilmişdi. Bütün bu pozuntularla bağlı qəbul edilən qərarda kolbasa və sosiska istehsalının dayandırılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş 2,2 ton ət məhsullarının satışının qadağan edilməsi və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə saxlama müddəti ötmüş 6 kq qılaftəmizləyici maddənin məhv edilməsi barədə “Ovçular ət və ət məhsulları” MMC-yə icrası məcburi göstəriş verilmişdi. O vaxt məsələnin hüquq-müdafiə orqanlarında daha geniş araşdırılması üçün yetərli səbəblər də az deyildi. Çünki, laborator tədqiqatlarından sonra şirkətin istehsal etdiyi kolbasa məhsullarının tərkibində insan sağlamlığını təhlükədə qoyan xeyli miqdarda naməlum kimyəvi-bioloji birləşmələrin olduğu barədə məlumatlar vardı. Lakin məhz Rəhim İsgəndərovun səyləri nəticəsində bu “məsələ” yoluna qoyuldu.Təkcə bu fakt Rəhim İsgəndərovun kommersant və istehsalçı imicini yerlə yeksan edə biləcək bir rəy yaradır. Özünüz fikirləşin, indiki sərt rəqabət şəraitində əlinin altında saxta və keyfiyyətsiz məhsul istehsalçısı kimi tanınmış “Ovçular ət və ət məhsulları” MMC kimi bir kommersiya qurumu olan Rəhim İsgəndərov ordunun təchizatını əlində cəmləşdirmiş səlahiyyət sahibi olaraq xeyrini hansısa başqa şirkətə güzəştə gedərmi? Nəzər alın ki, təchizatın çoxsaylı şaxələri var ki, burda da saxta şirkətlər vasitəsilə külli miqdarda qazanc silinir. Sualın məntiqi cavabı hamıya aydındır. Aydın olmayan təkcə bir şey var: hərbi qulluqçularımızın sağlamlığına təhlükə yarada biləcək belə əməllər niyə müvafiq dövlət qurumlarının diqqətindən yayındırılır?

bizimxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR