Ələkbər Tağıyev Sumqayıtın səhiyyə sistemini istismar edir?

images(318)Qəzetimizin ötən saylarında respublikanın bəzi rayon və şəhərlərində səhiyyə sisteminin bu sahəyə rəhbərlik edən şəxslər tərəfindən son dərəcə acınacaqlı vəziyyətə gətirilməsindən bəhs edən materiallar dərc olunub. Son vaxtlar bir çox rayon mərkəzi xəstəxanalarının fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda Sumqayıt Şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya əməllərindən bəhs edilir. Məlumatlarda bildirilir ki, Sumqayıtın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa Ələkbər Tağıyevinyarıtmaz fəaliyyəti ilə bağlayırlar. Məlumat üçün bir daha qeyd edək ki, bu gün Sumqayıt Şəhər Səhiyyə İdarəsinin tabeliyində 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser, 3 şəhər poliklinikası, “Kimyaçı” poliklinikasi, 2 Tibbi Sanitar Hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq stomatoloji poliklinikasi və Uşaq sanatoriyasında vətəndaşlara tibbi xidmətlər göstərilir. Lakin bu xidmətlərin olduqca aşağı səviyyədə olması və dövlət tibb müəssisələrində xəstələrdən tələb olunan pul ödənişləri yerli sakinlərin ciddi narazılıqlarına səbəb olur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda ilk növbədə göstərilir ki, Sumqayıtın xəstəxanaları üçün dərman preparatları alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Beləliklə də şəhərin tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Bir çox hallarda hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Həmçinin məlumatlarda yerli xəstəxanaların ərzaq təminatı məsələsinin də Ələkbər Tağıyev tərəfindən artıq çoxdan maxinasiya obyektinə çevrildiyi qeyd olunur. Məsələn, bildirilir ki, xəstəxanalara çörək alınması işləri bir müddət əvvəl fiziki şəxs Ruslan Namazova həvalə olunmuşdu. Lakin bu şəxsin səlahiyyətləri əslində Ə.Tağıyevin göstərişlərinə əsasən bu məqsədlə ayrılan dövlət vəsaitlərini müxtəlif şirkətlərin bank hesabları vasitəsilə nəğdləşdirərək elə idarə müdirinin özünə təslim etməklə məhdudlaşır. Eyni zamanda da mənbələr qeyd edirlər ki, Sumqayıt səhiyyəsinin tələbatlarının ödənilməsi məqsədilə keçirilən tender nəticələrinin saxtalaşdırılması yönümündə də Ələkbər Tağıyevin kifayət qədər böyük təcrübəsi var. Belə ki, onun uzun illərdən bəri yüksək gəlirlər qazana bildiyi bu işlər də, elə idarə müdirinin yaxın adamları vasitəsi ilə həyata keçirilir. Bu gün Sumqayıtın tibb müəssisələrində primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar da müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə bəzi müəssisələrdə ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar. Bəzi mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə, bir çox hallarda infeksiya daşıyıcılarının aşkarlanma faktlarının şəhər Səhiyyə İdarəsinin rəhbərliyi tərəfindən gizlədildiyi də iddia olunur. Qeyd olunur ki, ən yaxın vaxtlarda vəziyyətə Səhiyyə Nazirliyi tərəfindən müdaxilə olunmasza, Sumqayıtda müxtəlif uşaq xəstəliklərinin, hətta ölüm hallarının kəskin artımı müşahidə oluna bilər…

bizimdovr.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR