Əmlak Komitəsinin “unutduğu” 10 fakt

img1753799“Gəncə Pambıq Əyrici” ilə bağlı yazılanları yalanlayan ƏMDK ictimaiyyətdən nələri gizlədib?
“Bizim Yol” qəzetində dərc olunan, “6 milyonluq əmlak 85 minə necə satıldı?” və “Əmlak Komitəsinin “səhvi” büdcənin “başında çatlayır” başlıqlı məqalələrə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mövqeyini və o açıqlamada yer alan ““Gəncə Pambıq Əyrici” nizamnamə kapitalı bütövlüklə dövlətə məxsus məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərməkdədir” cümləsinə cavab olaraq ASC-nin keçmiş səhmdarı Üzeyir Süleymanovun müsahibəsini dərc etmişdik. Bu yazıda isə bəyanatın qalan hissəsini təhlil edəcəyik. Əvvəla “Gəncə Pambıq Əyrici” ilə bağlı problemə ƏMDK-nın aydınlıq gətirmək cəhdini təqdirəlayiq hesab edirik. Amma bir şərtlə ki, belə bəyanatlar gerçəkləri əks etdirsin və cəmiyyəti, eləcə də KİV-i çaşdırmağa xidmət eləməsin, ya da sadəcə özünüqoruma instinkti olmasın. Komitənin mətbuat xidməti adından deyilib ki, “məqalədə “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən naməlum şəxslərə satılması, prosesdə hansısa israfçılığa yol verilməsi və dəyərindən aşağı qiymətə özəlləşdirilməsi kimi əsassız və həqiqətə uyğun olmayan məlumatlar əks olunub”. Cümlənin birinci hissəsinə fikir verin. İlk növbədə, bu bəyanatı hazırlayan özü “Gəncə Pambıq Əyrici”nin səhmdar cəmiyyət olduğunu təsdiqləyib. Müəssisəni “Gəncə Pambıq Əyrici” MMC, ya da “Gəncə Pambıq Əyrici” fabriki kimi də yaza bilərdi.
Cümlənin ikinci hissəsində isə bir neçə məqam var. Cəmiyyətin Komitə tərəfindən naməlum şəxslərə satılması barədə deyilənlər “həqiqətə uyğun olmayan məlumat” adlandırılıb. Paket sahibi səhmdarlara naməlumdur, onu tanımırlar, bizim də araşdırmalarda onun kimliyi məlum olmayıb. Amma Komitəyə o adamın kimliyi məlum, cəmiyyətə naməlumdursa, Komitənin prizmasından baxanda “həqiqətə uyğun olmayan məlumat” kimi görünə bilər. Qəzetin prizmasından baxanda isə paket sahibi bizə naməlumdur və zərrə qədər yalanımız yoxdur. Əgər iddia edildiyi kimi naməlum deyilsə, o zaman ASC-nin o vaxtkı səhm-nəzarət paketi sahibinin kimliyini açıqlasınlar, görək nə qədər məlum imiş.
“Prosesdə hansısa israfçılığa yol verilməsi və dəyərindən aşağı qiymətə özəlləşdirilməsi kimi əsassız və həqiqətə uyğun olmayan məlumat” hissəsinə isə şərhim belədir: Müəssisənin 70 faizinin satış qiymətini qoyulan özəlləşdirmə paylarının dəyəri ilə hesablamışıq. O vaxtkı Dövlət Əmlakı Nazirliyi Çek auksion komissiyasının bildirişlərinə əsasən hərracda satılmış səhmlərin ümumi sayı 1720463 ədəd, səhmin nominal dəyəri 2 manatdan 3440926 manata qədərdir. Nəzərə alsaq ki, bildirişlə bir özəlləşmə çekinə 37 ədəd səhm düşüb, 1720463 səhmə 46499 özəlləşmə çeki, başqa sözlə 11625 özəlləşmə payı sərf olunub. Bir özəlləşmə payı o vaxt təxminən 6 dollara satılırdı və bu da 69748 dollar vəsait edir. Hələ biz əvvəlki yazılarda səhmdarların hesablamalarına güvənərək müəssisənin 85 min manata satıldığını yazmışdıq. Komitədən səhmdarlara verilən sənədlərə istinadən bizim hesablamalardan aydın olur ki, sən demə müəssisənin 70 faiz səhmi 70 min dollar civarında vəsaitə satılıb – hər faizi min dollardan. Komitədə başqa rəqəm varsa, buyurub təqdim etsinlər.
Hərraca çıxarılanda müəssisənin satış qiyməti və bu qiymətin hansı əmsallarla hesablandığı maraqlıdır. Nizamnamə kapitalı 6,2 milyon dollar, yenidən qurulmuş bir müəssisənin 70 faizi necə olur ki, 70 min dollara – nizamnamə kapitalından 88,5 dəfə ucuz satılır? “Necə edək ki, mətbuat onun nə vaxtsa ASC olduğunu bilməsin?” və ya “hansı formada qəzeti haqsız çıxaraq?”, deyə baş sındırmaqdansa, mətbuatın bilmək istədiklərinə aydınlıq gətirmək daha məqsədəuyğundur.
Birdə ki, Türkiyənin “Saka Korkmaz” şirkəti müəssisəni yenidən qurduğunu, oraya 9 milyon manat sərmayə yatırdığını iddia edirdi. Bu qədər sərmayə qoyulan müəssisənin əmlakı 70 min dollara necə qiymətləndirilib, bu da bizə müəmmalıdır.
“Adı çəkilən “Gəncə Pambıq Əyrici” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qərar qəbul edilməyib, həmin təşkilatın səhmləri və ya balansında olan əmlakı satışa çıxarılmayıb”. Bu cümlədə də müəssisənin bir vaxtlar ASC olduğu təkrar vurğulanır, ondan savayı yazılanlar “ağ yalan”dır. “Gəncə Pambıq Əyrici” ASC və səhmlərinin 70 faizi hərracda satılıb, 30 faizi dövlətdə qalıb. O cəmiyyətin 220 səhmdarı olub. Sonradan məhkəmə qaydasında ləğv olunub və dövlətin balansına qaytarılıb. Doğrudur, “Bizim Yol” qəzeti komitədən daxil olan mövqeni dərc etdi, amma əlimizdə ƏMDK-nın bəyanatını təkzib edən 10-dan artıq sənədli sübutumuz da var. Komitə də bizim yazını “Mülkiyyət” qəzetinizdə yerləşdirməkdə sərbəstdir.
Birinci sübut
“Gəncə Pambıq Əyrici” ASC-nin səhmlərinin Respublika Auksion Mərkəzində 46 və 50-ci ixtisaslaşmış çek hərraclarında satışa çıxarılması ilə bağlı “Mülkiyyət” qəzetində dərc olunan elanlar. Komitənin web-saytında qəzetin 2012-ci ildən bu yana dərc olunan sayları yerləşdirilib. Amma Üzeyir Süleymanovun dediyi kimi, müəssisənin hərraca çıxarılması ilə bağlı 1999-2000-ci illərə aid qəzet elanları dövlətin də, səhmdarların da arxivlərində qalır.
İkinci sübut
Dövlət Əmlakı Nazirliyinin 25 oktyabr 2000-ci il tarixli 262 saylı sərəncamı ilə Gəncə şəhəri, Şəmkir şossesində yerləşən Gəncə Pambıq Əyrici fabrikinin bazasında “Gəncə Pambıq Əyrici” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılıb və bütün məhkəmə qərarlarında sözügedən sərəncama istinad olunur.
Üçüncü sübut
Dövlət Əmlakı Nazirliyi Respublika Auksion Mərkəzinin dubl möhürü və yenə iki əməkdaşı – qeydiyyatçı və xəzinədarın imzası ilə Bəşir Bayramova 1046216056 nömrəli sifarişə əsasən 21 yanvar 2001-ci il tarixdə qəbz verilib. Orada göstərilir ki, “sifarişçi B.Bayramovdan 40 ədəd özəlləşdirmə çeki “Gəncə Pambıq Əyrici” Səhmdar Cəmiyyətinə sifariş qəbul edildi”. 1046216069 nömrəli, 23 yanvar 2001-ci il tarixli sifarişə əsasən daha 40 çekin B.Bayramovdan qəbul edildiyi görünür.
Dördüncü sübut
Dövlət Əmlakı Nazirliyi Çek auksion komissiyasının bildirişləri. B.Bayramova aid bildirişlər itib, hər halda üstündən 14 il keçir. Amma səhmdarlar – Yaşar Qaracayev və Vüqar İbrahimovun hər birinin “Gəncə Pambıq Əyrici” ATSC-də 740 səhmi olduğunu təsdiqləyən bildirişlər 9 fevral 2001-ci ildə verilib. Bildirişdə o da göstərilib ki, hərracda satılmış səhmlərin ümumi sayı 1720463 ədəd, səhmin nominal dəyəri o vaxtkı pulla 10 min manat, yəni 2 manatdır. Hərracda müəyyən edilmiş məzənnəyə görə isə bir özəlləşmə çekinə 37 ədəd səhm düşüb. Bildirişdə ASC-nin dövlət qeydiyyat nömrəsi D-3140, ünvanı Gəncə şəhəri, Şəmkir şossesi (“Gəncə Pambıq Əyrici” MMC-nin yerləşdiyi ünvan), nizamnamə kapitalı 6,2 milyon dollar (o vaxtkı pulla 31289130000 manat) olub. Bildirişi sədr Kərəm Həsənov özü imzalayıb.
Beşinci sübut
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinin (MDM) sabiq prezidenti Gündüz Məmmədovun imzası və MDM-in möhürü ilə 26 fevral 2002-ci il tarixdə səhmdar Rafiq Axundova verilmiş “Gəncə Pambıq Əyrici” ASC-nin səhmdarlarının reyestrindən çıxarış.
Altıncı sübut
ASC-nin səhmdarı Üzeyir Süleymanov İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə (indiki ƏMDK) qarşı iddia qaldırıb. Xətai rayon Məhkəməsinin hakimi T.İsmayılovun çıxardığı 20 iyun 2003-cü il tarixli qətnamədə yazılır ki, müəssisənin özəlləşdirmə komissiyası tərəfindən əsas vəsaitlərin inventarlaşdırılması aktında ciddi pozuntulara yol verilib, akt bir nəfər tərəfindən imzalanıb. Müəssisənin emissiya prospektinə daxil olunan texniki pasportda cəmiyyətin tikililərinin təsnifatına “B” nasos binası, “F” keçid, IV talvar, asfalt örtüyü qiymətləndirilən əmlakdan kənarda saxlandığından, “Gəncə Pambıq Əyrici” ASC-nin yaradılması ilə bağlı sərəncam ləğv edilib. Amma qətnamədən belə görünür ki, nəyə görəsə ASC-nin 200-dən artıq payçısı prosesdə iştirak etməyib, yalnız Ü.Süleymanovun nümayəndəsi Vüqar Nəcəf oğlu Süleymanov (qətnamədə ikinci dəfə nümayəndənin adı V.N.Əhmədov kimi yazılıb) iddia tələbini müdafiə edib, İİN DƏİOÖD-nin nümayəndəsi Süleyman Mehdiyev də komitəni təmsil edib. Guya müəssisənin 61 faizlə səhm-nəzarət paketi sahibi “məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyib”. Halbuki, 6,2 milyon dollarlıq nizamnamə kapitallı müəssisənin 3,4 milyon dolları majoritar səhmdara aid idi.
Yeddinci sübut
“Gəncə Pambıq Əyrici” ASC-nin səhmdarı Cahangir İsmayılov ƏMDK və Maliyyə Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində dəymiş zərərin ödənilməsinə dair iddia qaldırıb, məhkəmənin 10 oktyabr 2012-ci il tarixli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə tələb təmin olunub, C.İsmayılova 3984 səhmə görə 5976 manat (75%) dövlət büdcəsi hesabına, 1992 manat (25%) isə ƏMDK hesabına ödənilməsinə dair qətnamə qəbul edilib.
Səkkizinci sübut
Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 3 aprel 2013-cü il tarixli (hakim H.Xəlilov) qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. “Aydın və Fəxrəddin Quliyev qardaşları adına Binəqədi İnşaat Sənaye” ASC-nin ləğvindən sonra təzminatın ödənilməsi barədə məhkəmə qərarına istinad edilir və Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədiyi vurğulanır. Göstərilir ki, “Gəncə Pambıq Əyrici” ASC ləğv edildiyindən iddiaçının həmin cəmiyyətin səhmdarı kimi hər bir qiymətli kağız üçün ödədiyi səhmin nominal dəyəri ona qaytarılmalıdır.
Doqquzuncu sübut
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 iyin 2013-cü il tarixli (hakim Z.Quliyev) qərarına əsasən də “Gəncə Pambıq Əyrici” ASC-nin səhmdarlarının iddiasının təmin olunması ilə bağlı məhkəmə qərarından MN-in kassasiya şikayəti təmin edilməyib, qərar qüvvəsində saxlanılıb. Beləliklə, dəyən zərər məhkəmənin təyin etdiyi qaydada səhmdara ödənib.
Onuncu sübut
Bu, həm də on birinci, on ikinci, on üçüncü və s. sübutlar bəndidir. Adları çəkilən hər üç instansiya məhkəməsi eyni qaydada daha bir qrup səhmdarın iddiasını təmin edib, MN-in şikayətini rədd edib. Sonradan iki məhkəmə instansiyası iki ayrı-ayrı səhmdar qrupun iddiasını təmin edib, son instansiya – Ali Məhkəmə MN-in kassasiya şikayəti əsasında onları qüvvədən salıb. Amma Ali Məhkəmə öz qərarı ilə “Gəncə Pambıq Əyrici” ASC-ni tanımadığını deməyib, bununla bağlı səhmdarların əvvəlcə ƏMDK-ya müraciət etməli olduqlarını bildirib.
Beləliklə, ortada ümumilikdə ən az 12 məhkəmə qərarı var və hər məhkəmə qərarında da “Gəncə Pambıq Əyrici” ASC və onun səhmdarlarının adı çəkilir. Bunlar isə artıq qərarverici orqanların sənədləridir, bizim iddiamız deyil.
bizimyol.info
b4d02ff18747 2e711c452075 84e89db55b46

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR