Nazir müavini İlham Quliyevi nə gözləyir..?

Aqrolizinq-yubiley-11Subsidiyaların mənimsənilməsi ilə bağlı cinayət işi açılıb

Kənd təsərrüfatına ayrılan 100 milyon manat subsidiyaların məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı xeyli müddətdir ki, mətbuatda yazılar dərc olunur. Buna baxmayaraq bu barədə konkret tədbir görülmür. Ancaq ölkə başçısının sonuncu müşavirədə dedikləri problemin çox ciddi olduğunu göstərir. Prezident İlham Əliyev cənabları müşavirədə açıq şəkildə bildirdi ki: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”. Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, subsidiyaların mənimsənilməsi ilə bağlı cinayət işi açılacaq. Bəs, bu işdə konkret günahkarlar kimlərdir? Apardığımız araşdırma zamanı məlum oldu ki, subsidiyaların verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində komissiya və işçi qrup olub. İşçi qrupunun rəhbəri isə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev olub. Yəni bütün bunlara görə ilk öncə İlham Quliyev məsuliyyət daşıyır. Hətta bu barədə 1 il əvvəl nazirin keçmiş müavini Bəhram Əliyev də mətbuata açıqlama verib: “ Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun müvafiq əmri var. Həmin əmrə görə, iqtisadi və büdcə məsələləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevə həvalə olunub. Subsidiyalarla bağlı məsələ İlham Quliyevin nəzarətində olub. İşçi Qrupunun da rəhbəri o olub”. Deməli, subsidiyaların verilməsinə görə məsuliyyət daşıyan konkret şəxs var. Bəs niyə tədbir görülmür? Araşdırmamız davam edir. Bizi izləyin.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR